Azərbaycandan eyni ad və soyadlı şəxslərə viza verilməsi üçün Dubaya göndərilən müraciətlər “qara siyahı”ya salınır

Azərbaycandan eyni ad və soyadlı şəxslərə viza verilməsi üçün Dubaya göndərilən müraciətlər “qara siyahı”ya salınır
# 05 avqust 2010 13:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Dubay əmirliyinə getmək üçün elektron vizaların verilməsinə başlandıqdan sonra Azərbaycandan eyni ad və soyadlı şəxslərə viza verilməsi üçün göndərilən müraciətlər əksər hallarda “qara siyahı”ya daxil edilir. Bunu APA-ya açıqlamasında “Smart Holiday” turizm şirkətinin direktoru İlqar Babayev deyib. O bildirib ki, bu sistem tətbiq olunduqdan bəri turizm şirkətləri tez-tez belə problemlərlə rastlaşırlar: “Məsələn, hansısa adamın vizası üçün məlumatları göndəririk. Bu adda adam ola bilsin ki, nə vaxtsa Dubayda olub, hansısa qaydaları pozub, yaxud vizasının vaxtından artıq qalıb və s... Həmin ad və soyadlı ikinci şəxs isə ilk dəfədir Dubaya getməsinə, ömründə ilk dəfədir bu şəhərdə olmasına baxmayaraq, digər bilgiləri yoxlanmadan yalnız ad və soyadına görə “qara siyahı”ya salınır. Sonradan edilən təkrar müraciətlərə də Dubay əmirliyinin miqrasiya qurumları baxmır”.

Qeyd olunan problemlərin mövcudluğunu Dubay beynəlxalq hava limanının birinci terminalının direktoru, mayor Valid Əhməd də təsdiqləyib. V. Əhməd jurnalistlərə açıqlamasında bildirib ki, problem viza-məlumat sistemində yaranır. Belə ki, eyni ad və soyadlı şəxslər olduqda sistem avtomatik olaraq ikincini “qara siyahı”ya salır: “Biz Dubaya gəlmək istəyən hər kəsə viza verilməsinin tərəfdarıyıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR