Mədəniyyət və Turizm Nazirliyi Quba-Şamaxı yeni turizm marşrutunu pasportlaşdırıb - FOTOSESSİYA

Mədəniyyət və Turizm Nazirliyi Quba-Şamaxı yeni turizm marşrutunu pasportlaşdırıb - <font color=red>FOTOSESSİYA</font>
# 06 sentyabr 2010 08:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Professional off-roaderlər klubunun (Club 4x4) təşkilatçılığı ilə “Azərbaycanın Yeni Turist Marşrutlarını Kəşf Edək” layihəsi adı altında Quba rayonundan Şamaxı rayonuna dağ yolları ilə “Avto Safari” turizm marşrutu həyata keçirilib. APA-nın məlumatına görə, marşrut iştirakçıları dağ yolları ilə Qubadan Şamaxıya 13 saat ərzində 200 kilometrə yaxın yol qət edərək yeni turizm marşrutunu müəyyənləşdiriblər. Dağ yolu ilə uzanan marşrut dəniz səviyyəsindən 2000 metr hündürlükdə yerləşir. Layihədə iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov başda olmaqla, nazirliyin digər əməkdaşları və turizm şirkətlərinin nümayəndələri yeni turizm marşrutunun başlanğıcı və qurtaracağında nazirliyin xüsusi işarəli stendlərini yerləşdiriblər. Marşrutda yeni turist marşrutunun kəşf edilməsinə “Club 4x4”ün üzvlərinin idarə etdiyi 11 maşın və 44 iştirakçı cəlb edilib. Marşrutda çətin yollarla qarşılaşan layihə iştirakçıları bəzi texniki problemlərlə də üzləşiblər. Belə ki, çətin yollarla rastlaşan sürücülərin idarə etdikləri avtomobillər bu çətinliyə tab gətirə bilməyiblər. Klubun peşəkar sürücülərindən olan Roman Koralyovun idarə etdiyi “Chevrolet – Leyzer k5” markalı avtomobilin dolayı arxa təkəri yerindən çıxıb, eləcə də daha bit avtomobil yolun qalan hissəsini digər maşınların köməyi ilə hərəkət edib. Ancaq qarşıya çıxan çətinliklərə baxmayaraq yeni turizm marşrutunun nümunəvi pasportu hazırlanıb və təsdiqlənmək üçün nazirliyin növbəti kollegiya iclasına təqdim olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirib ki, bu layihənin həyata keçirilməsində əsas məqsəd ölkəmizin mövcud turizm potensialından səmərəli istifadə etmək üçün bütün imkanları öyrənmək, yeni turist marşrutları yaratmaq, onu tanıtmaq və təqdim etməkdir: “Bu marşrutda söhbət təkcə ekstremal bir vəziyyətin yaranmasından getmir. Marşrutda iştirak edən turizm şirkətlərin nümayəndələrinə göstərmək istədik ki, istənilən bir formatda turizm marşrutunu yaratmaq mümkündür”. M. Qəhrəmanov onu da bildirib ki, 27 sentyabr – Ümumdünya Turizm Gününə həsr olunmuş tədbirlərdə kəşf olunan yeni turizm marşrutu layihəsinin təqdimatı keçiriləcək: “Bu istiqamətdə fəaliyyətimizi dayandırmaq yox, daha da gücləndirmək fikrindəyik. Biz inanırıq ki, marşrut həm yerli, həm də xarici müştərilər arasında tanınacaq və tələb olunan bir turizm marşrutuna çevriləcək”. Sektor müdirinin sözlərinə görə, yeni turizm marşrutunun pasportu hazırlanıb və Meteorologiya, Patent və Standartlaşdırma İdarəsi tərəfindən standartı müəyyən edilib. Marşrutda iştirak edən “Club 4x4” klubunun üzvü Rüstəm İbrahimov mövsümü nəzərə alaraq yolun asan keçdiyini bildirib. Onun sözlərinə görə, qarşıya çıxan xırda texniki problemlər adi yolda da baş verə bilər. R. İbrahimovun sözlərinə görə, bu yol digər mövsümlərdə daha çətin və risklidir. Marşrutda klubun üzvləri Roman Karalyov, Azər Bünyadzadə, Kamran Əsədov, Rüstəm İbrahimov, Oleq Cəfərov, İsmayıl və Əli Hacıyevlər, Rüstəm Qəhrəmanzadə sükan arxasında yüksək peşəkarlıq nümayiş etdiriblər. Sentyabrın 3-də Azadlıq meydanında start götürən layihəyə 5-də elə həmin meydanda yekun vurulub.

Xatırladaq ki, yeni turizm marşrutu Mədəniyyət və Turizm Nazirliyi və Bakı Professional off-roaderlər klubunun (club 4x4) təşkilatçılığı, MBASK sığorta şirkətinin, “İnter Diaqnostika” tibb mərkəzinin, “Nazlı bulaq” istirahət mərkəzi və “Dağlar qoynunda” ailəvi istirahət mərkəzinin dəstəyi, “Xəzər fast food” kafesinin və “Red Bull”un sponsorluğu, APA İnformasiya Agentliyinin informasiya dəstəyi ilə həyata keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR