Bu il Azərbaycanda 28 turizm şirkətinin fəaliyyəti dayandırılıb

Bu il Azərbaycanda 28 turizm şirkətinin fəaliyyəti dayandırılıb
# 30 sentyabr 2010 13:51 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, 2009-cu ilin rəsmi statistik məlumatlarına görə, Azərbaycanda turizm sahəsində çalışan işçilərin sayı 7380 nəfər təşkil edir. Ə.Qarayev cari ilin ilk 6 ayı ərzində Azərbaycana gələn əcnəbi vətəndaşlarının sayını da açıqlayıb: “Bu ilin 6 ayı ərzində Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 885 459 nəfər təşkil edib ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 13% və ya 102 251 nəfər çoxdur. Əlavə olaraq qeyd etmək olar ki, 2009-cu ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 1 830 367 nəfər təşkil edib. Bunun da 1 429 825 nəfəri turistlərin payına düşür”.

Nazirin sözlərinə görə, Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin sayı 477-dir. 2009-cu ildə bu obyektlərin sayı 452 təşkil edib. Respublika üzrə yataq yerlərinin ümumi sayı isə 2009-cu ilin göstəricilərində 30 571-dir: “Azərbaycanın şimal bölgəsi üzrə mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin yüklənmə faizi həftəarası 60-70%, həftəsonu 100%, şimal-qərb bölgəsi üzrə yüklənmə faizi həftəarası 50-60%, həftəsonu 100%, cənub bölgəsi üzrə isə yüklənmə faizi həftəarası 40-50%, həftəsonu 80% səviyyəsindədir. Ümumilikdə Azərbaycanın regionları üzrə mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində 721 560 gecələmə müşahidə olunub”.

Ə.Qarayev qeyd edib ki, şimal regionu üzrə 1 nəfər üçün qiymətlər 10-130 manat, şimal-qərb regionu üzrə 15-80 manat, cənub regionu üçün isə 15-70 manat arasında dəyişir: “Qeyd olunan məbləğlərə səhər yeməyi, bəzən isə gündə 3 dəfə yemək daxildir. Son zamanlar regionlarda turizm infrastrukturunun inkişafı nəticəsində yaradılan müxtəlif kateqoriyalı mehmanxanalarda göstərilən xidmətlərə görə qiymətlər də dəyişir. Müasir tələblərə cavab verən yerləşdirmə obyektlərində qiymətlər nisbətən baha, orta və aşağı səviyyəli xidmətlər göstərən turist obyektlərində isə qiymətlər ucuzdur”.

Ə.Qarayev bildirib ki, turizm sahəsində işçilərin peşə hazırlığı səviyyəsinin artırılmasını təmin etmək məqsədilə Bakı şəhərində və Qusar rayonunda turizm sahəsində yeni təlim mərkəzlərinin yaradılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR