AQEM: Dağ turizminin inkişaf etdirilməsi Azərbaycan üçün də çox vacibdir

AQEM: Dağ turizminin inkişaf etdirilməsi Azərbaycan üçün də çox vacibdir
# 03 mart 2023 12:22 (UTC +04:00)

AQEM-də turizm mövzusu qarşılıqlı fəaliyyətin təşkilində ayrıca yer tutur və burada Tacikistan koordinatorluq edir.

Bunu Azərbaycanda səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay APA-nın “Pandemiyadan sonra turizm sektorunun əvvəlki səviyyəyə qayıtması üçün hansı addımlar atılır?” sualına cavabında bildirib.

O, Ümumdünya Turizm Təşkilatının Baş direktoru ilə dialoq aparmaq imkanının yarandığını deyib: “Biz müzakirə zamanı tükənməz turizm potensialına malik olduğumuz qərarına gəldik. Turizm sahəsi vacib sahələrdən biridir. Belə ki, burada söhbət vətəndaşların arasında əlaqələrin qurulmasından gedir. Sözsüz ki, iqtisadi infrastruktura malik olmadan turist axınlarını təmin etmək çətin olar. Pandemiya başlayandan indiyədək turizm sektorunun fəaliyyəti 80 faiz bərpa olunub”.

Baş katibin sözlərinə görə, AQEM daxilindəki ölkələrin bir çoxu böyük sayda turist axını qəbul edir: “Məsələn Tailand, Vyetnam, Türkiyə, BƏƏ və bunlar həmin ölkələrin bəziləridir ki, turizm sektorunu iqtisadiyyatın inkişafı üçün vacib sahələrdən biri sayır. Bu səbəbdən də turizmin təşkil edilməsi üçün təhlükəsizlik, rahatlıq və hərəkətin təşkili əsas amillər sırasındadır. Buna görə də AQEM çərçivəsində ötən il Tacikistanda turizm şirkətlərinin başçıları üçün keçirilən seminarda pandemiyanın turizm sektoruna təsiri çox sıx müzakirə olundu. Çox geniş fikir mübadilələri aparıldı və gördük ki AQEM-ə üzv olan ölkələr pandemiyanın turizmə təsirlərini aradan qaldırmağa davam edir. Aviasiya daşımalarının qaydaya salınması məsələləri də müzakirə olunub. Biz görürük ki, geosiyasi vəziyyətin gərginləşməsi səbəbi ilə aviasiya sahəsində də müəyyən çətinliklər yaşanır. Bu səbəbdən AQEM-in əhatə etdiyi ölkələrdə turizm axınını təmin etmək üçün yeni və çətin həll yolları tapmalı oluruq. Biz AQEM rəhbərliyi olaraq bu istiqamətdə konkret addımlar atırıq və bir sıra işlər görürük. Ötən il təşkilatın yubileyi ərəfəsində biz üzv ölkələrə müraciət etdik ki, onların hər biri öz ölkələrinin daha gəzməli və görməli eko destinasiyaları barədə məlumat göndərsin. 20 ölkə bizim bu çağırışımıza cavab verdi və bu informasiyalar rus, ingilis dilində toplu şəkildə dərc edildi. Ümidvaram ki, AQEM rəhbərliyinin bu təşəbbüsü daim dəstəklənəcək. Bu il biz həmçinin planlaşdırırıq ki, AQEM çərçivəsində olan ölkələr arasında turistlərin dağ yolları ilə bir ölkədən o biri ölkəyə keçməsi məsələsi ətrafında müzakirələr aparaq ki, bu da böyük etimad tələb edir. Burada söhbət Qazaxıstan və Qırğızıstandan gedir. Qırğızıstan rəhbərliyi dağ turizminin inkişaf etdirilməsində çox maraqlıdır. Qeyd etməliyəm ki, bu, Azərbaycan üçün çox vacibdir. Çünki Qafqaz dağlarının bir hissəsində yerləşir. Bu piyada gəzintinin təşkil edilməsi üçün bir sıra məsələlər müzakirə olunmalıdır, burada ölkələrin sərhəd xidmətlərinin bir-biri ilə əməkdaşlığı vacibdir. Turistlərin dağ yolları ilə hərəkəti zamanı sərhəd keçid qaydalarının pozulmaması məsələsi ilə yanaşı, həmçinin onların maneəsiz keçidinin təşkili də təmin edilməlidir. Bu məsələlər öz müsbət həllini tapsa, biz dağ turizminin effektivliyini görsək, bu layihənin miqyasını təşkilat daxilində genişləndirəcəyik”.

Baş katib vurğulayıb ki, digər vacib məsələ əlbəttə ki, ətraf mühitdir: “Çalışmaq lazımdır ki, iqlim dəyişiklikləri ölkələrin ətraf mühitinə ziyan vurmasın, ya da bu ziyanı minimuma endirmək üçün addımlar atılmalıdır. İqlim dəyişikliyi dağlarda da fəsadlar yaradır. Bildiyimiz kimi, dağlar ən böyük içməli su mənbəyidir. Mərkəzi Asiyada da içməli su məsələsi problemli sahələrdəndir. Buna görə də, vətəndaşlar dağların ekosisteminin həssaslığı barədə məlumatlandırılmalıdır. Pandemiyadan sonra biz gördük ki, ənənəvi turizm sektoru ilə yanaşı, ekoturizmə vacib bir sahə kimi yanaşmaq lazımdır. AQEM də öz növbəsində turizm sektoruna böyük yer ayırır. Çünki bu sahə iqtisadi, ekoloji, ölkələrimiz arasında humanitar əlaqələrin inkişafı baxımdan olduqca əhəmiyyətlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR