Aqroturizm iqtisadi inkişaf tempinin sürətlənməsinə töhfə verə bilər - KOBİA

Orxan Məmmədov

© APA | Orxan Məmmədov

# 17 fevral 2022 11:14 (UTC +04:00)

"Müasir dövrümüzdə insanlar öz həyatlarında innovativ və yeni əyləncə üsulları axtarışındadır. Bu baxımdan, ötən dekada ərzində kənd turizmi, o cümlədən aqroturizm səyahətçilər arasında yeni trendə çevrilib".

"APA-Economics"in məlumatına görə, bunu "Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroekoturizm Sisteminin yaradılması" mövzusuna Bakıda keçirilən seminarda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, mütəxəssislərin hesablamalarına əsasən, aqroturizm bazarının həcmi 2019-cu ildə 42 mlrd. ABŞ dollarından çox olub və bu rəqəmin 2027-ci ilə qədər 60 mlrd. doları keçəcəyi proqnozlaşdırılır.

"Aqroturizm ümumilikdə turizm sektoru üçün yeni fürsətlər açır və insanların şəhər həyatında asanlıqla tapa bilmədiyi yaşıl sakit mühit, kənd həyatı və fermer təcrübəsini yaşamaq imkanı yaradır. Aqroturizm sektorunun əsas üstünlüyü fermerlərə kənd təsərrüfatı məhsullarının istehsalından savayı əlavə, ən əsası, dayanıqlı gəlir mənbəyi təmin etməsidir. Ölkə üçün isə bu regionlarda məşğulluğun artırılması və valyutanın gətirilməsi deməkdir. Bu baxımdan, aqroturizm sektoru iqtisadi inkişafın dəstəklənməsinə və inkişaf tempinin sürətləndirilməsinə əhəmiyyətli töhfə verə bilər", - O. Məmmədov qeyd edib.

O həmçinin bildirib ki, ölkədə məşğulluğun strukturunda aqrar sektorun yüksək paya malik olması, əlverişli, füsunkar təbii şərait və müasir tələblərə cavab verən infrastrukturun mövcudluğu Azərbaycanda arqoturizmin inkişafı üçün geniş potensial imkanların olmasına dəlalət edir. Digər tərəfdən, turizm ənənələrinə malik olan Qarabağ torpağına böyük qayıdış planı çərçivəsində "ağıllı kənd" layihələrinin icrası və "ağıllı kənd təsərrüfatı" konsepsiyasının reallaşdırılması yaxın gələcəkdə bu sektorun inkişafına əlavə təkan verəcək.

"Bütövlükdə, hökumət tərəfindən turizm sektorunun bütün sahələrinin inkişafına xüsusi diqqət yetirilir. Təsadüfü deyildir ki, COVID-19 pandemiyasının neqativ təsirlərinə ən çox məruz qalmış sektorlardan biri olan turizm post-pandemiya dövründə iqtisadi artımın sürətləndirilməsi baxımından iqtisadi siyasətin prioritet sahələrindən biri kimi müəyyən edilib.

Qeyd olunan faktorlar nəzərə alınmaqla, KOBİA turizm sahəsində mikro, kiçik və orta sahibkarlığın inkişafı, onların potensialının artırılması istiqamətində fəaliyyət aparır. Biznes subyektləri üçün nəzərdə tutulan dəstək mexanizmləri çərçivəsində sözügedən sektorun iştirakçılarının mümkün qədər daha geniş cəlb edilməsi, turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir", - O. Məmmədov qeyd edib.

KOBİA-nın rəsmisi həmçinin əlavə edib ki, sektor çərçivəsində yeni bazar imkanlarını öyrənmək niyyətində olan biznes subyektləri KOBİA tərəfindən təmin edilən daxili bazar araşdırması dəstəyindən faydalana bilərlər: "Turistləri daha çox cəlb etmək üçün aqrar sektorda innovativ yanaşmaların tətbiqində maraqlı olan şəxslər isə təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant proqramına müraciət edə bilərlər. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği 20 min manata qədərdir. Əlbəttə, bütün biznes sahələrində olduğu kimi aqroturizm sektorunda çalışmaq istəyən sahibkarların bilik, bacarıq və hazırlıq səviyyəsinin artırılması mühüm əhəmiyyət kəsb edir. Müxtəlif regionlarda fəaliyyət göstərən 21 KOB İnkişafı Mərkəzlərində təlimlər, məsləhət və şəbəkələşmə üzrə xidmətlər ödənişsiz əsasda həyata keçirilir. Eyni zamanda, müasir tendensiyalar nəzərə alınmaqla, tərəfimizdən elektron təlim platforması istifadəyə verilmişdir. Platformada 20-yə yaxın mövzu üzrə 180 video təlimlər, habelə özünü-qiymətləndirmə testləri yerləşdirilib. Hazırda Xaçmaz və Yevlaxda fəaliyyət göstərən KOB Evlərimiz "one-stop shop" formatında G2B və B2B xidmətlər göstərməkdədir. Qarşıdakı dövrlərdə KOB evlərinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Xüsusən, regional səviyyədə biznes ideyalarının reallaşdırılmasına dəstək göstərən təşkilati model kimi KOB Dostu şəbəkələrimizi də qeyd etmək istərdim. 28 şəhər və rayonda yaradılmış KOB Dostu ofislərimiz yerlərdə sahibkarlar ilə birbaşa ünsiyyətdə olur və müxtəlif dəstək mexanizmlərindən daha rahat istifadə edə bilməsi üçün dövlət orqanları ilə KOB-lar arasında körpü rolunu təmin edirlər".

O. Məmmədov onu da əlavə edib ki, KOBİA tərəfdaş qurumlar ilə birlikdə turizm sektorunda layihələrin həyata keçirilməsində maraqlıdır: "Qeyd etmək istərdim ki, 2021-ci ilin may ayında KOBİA-nın və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə "Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti – kənd qonaq evi istifadəyə verilmişdir. Müsbət nəticələr nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyi ilə birgə turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi sahəsində yeni təşəbbüsə start verilmişdir. Belə ki, müvafiq layihənin davamı olaraq qeyd olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur".

KOBİA-nın rəhbəri qeyd edib ki, ümumilikdə, aqroturizmin dəyər zəncirinə daxil olan müxtəlif maraqlı tərəflər arasında əməkdaşlıq və koordinasiyalı fəaliyyət mühüm əhəmiyyət kəsb edir: "Yeni layihələrin hazırlanması, qarşıya çıxan çağırışların həll olunması və səylərin birləşdirilməsi üçün mütəmadi müzakirə platformasının yaradılması, düşünürəm ki, vacib amildir. Aqroturizm yeni sahə olduğu üçün onun təşviqinə xüsusi diqqət yetirilmədir. Bu gün, qlobal səviyyədə turizm sənayesində çalışan böyük şirkətlər aqroturizm seqmentinə kifayət qədər böyük sərmayələr yatırırlar. Yerli və xarici investorların bu sahəyə cəlb edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır. Müvafiq sahədə sahibkarların və obyektlərin hazırlanması ilə yanaşı, satış kanallarının genişləndirilməsinə də ciddi zərurət vardır. Bu baxımdan, tur-operatorlar maraqlı paketlər hazırlamalı və yeni marketinq siyasətləri formalaşdırılmalıdır. Bu gün, ölkələr turist axınının cəlb edilməsi uğurunda ciddi mübarizə aparırlar. Belə bir şəraitdə turizm sənayesinin iştirakçıları qlobal rəqabətə davam gətirmək üçün yeni çağırışlar və tələblər ilə ayaqlaşmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR