Azərbaycan Hotel Assosiasiyasının V Baş Assambleyası keçirilib

Azərbaycan Hotel Assosiasiyasının V Baş Assambleyası keçirilib
# 07 dekabr 2022 10:55 (UTC +04:00)

Bakıda Azərbaycan Hotel Assosiasiyasının V Baş Assambleyası keçirilib.

APA xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan Hotel Assosiasiyasının illik hesabatlarının ictimaiyyətə açıqlanması, Milli Ulduz Təsnifatı əsasında ulduzlaşma prosesi, bu istiqamətdə görülmüş və planlaşdırılan tədbirlər, həmçinin hotel sənayesi ilə əlaqədar digər məsələlər barədə məlumatların verilməsidir.

Assambleyada çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizmin sütunlarından biri olan hotelçiliyin inkişafının ölkə turizmi üçün çox önəmli faktorlardan olduğunu qeyd edib.

"Son illərdə bu sahədə həm infrastruktur, həm xidmət baxımından inkişaf göz önündədir. Paytaxtda və regionlarda yeni hotellər açılır, Qarabağda bir neçə hotelin tikintisi aparılır. Göründüyü kimi, ölkə rəhbərliyi tərəfindən turizmin, hotelçiliyin inkişafına önəm verilir" - deyə o qeyd edib.

Agentlik sədri əlavə edib ki, hər ulduz kateqoriyasının minimal qonaq məmnunluq indeksi mövcuddur və bu göstərici aşağı düşdükdə, hotel xəbərdar edilir, bu istiqamətdə heç bir təkmilləşmə olmadığı təqdirdə, hotelin ulduz sertifikatı ləğv edilə bilir.

"Göründüyü kimi, məqsəd hotellərə real ulduz dərəcəsinin verilməsi, bununla da turistlərin hotellərdən gözləntisi ilə verilən xidmətin üst-üstə düşməsinə nail olmaqdır. Bu prosesdə bizim üçün ən vacib məqam, əlbəttə ki, şəffaflığın təmin edilməsidir. Dürüst və şəffaf yanaşma hotelçilik sənayesinin inkişafı üçün və eyni zamanda sənayenin imicinin qorunması üçün mütləqdir. Daha böyük miqyasda isə bu, ölkənin müsbət turizm imicinin formalaşmasına birbaşa dəstək deməkdir" - deyə Fuad Nağıyev bildirib.

Azərbaycan Turizm Bürosunun Baç icraçı direktoru Florian Zenqstşmid qeyd edib ki, ulduz kateqoriyasının verilməsi prosesi pandemiya ilə əlaqədar ləngisə də, hazırda, xüsusilə də yeni qanunun qüvvəyə minməsi ilə artan müraciətlər fonunda yenidən dinamik olaraq həyata keçirilir. Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə konsultativ dəstəyin göstərilməsi təmin edilir.

Assambleya çərçivəsində cari ildə qonaq rəyləri əsasında yüksək qiymətləndirilən hotellərin və qonaqpərvərlik sənayesi nümayəndələrinin təltifetmə mərasimi keçirilib, həmçinin AHA-nın İdarə Heyəti üzvləri, eləcə də sədrinin seçilməsi üçün keçirilmiş səsvermənin nəticələri açıqlanıb.

Daha sonra Assambleya öz işini müxtəlif mövzulara həsr olunmuş sessiyalarla davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR