Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda tədbir keçirilib.
APA xəbər verir ki, tədbiri təqdimatla açan Azərbaycan Turizm Bürosunun Qastronomiya turizminin idarə edilməsi sektorunun müdiri Səkinə Əsgərova qastronomiya sahəsində görüləcək işlərdən söz açıb.
Bildirib ki, Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) "Milli dadlar" layihəsinin icrasına başlayıb.
"Layihə müxtəlif regionlara xas mətbəx reseptlərini bir yerə toplamaqla bərabər, yemək hazırlığı prosesində əvəzsiz rola malik biomüxtəliflik nümunələrini özündə ehtiva edən qastronomiya konsepsiyasıdır. İndiyə qədər 1 200-ə qədər milli dad bir araya yığılıb. Layihənin məqsədi bu məlumat bazasında Azərbaycanın milli dadlarının hazırlanma ənənələri, tarixi kökləri, tərkibi və görüntülərini əks etdirməkdir. Layihə tezliklə ictimaiyyətə təqdim ediləcək", - deyə o qeyd edib.
ATB rəsmisi əlavə edib ki, Azərbaycanda yeni turizm marşrutu üzərində də iş aparılır:
"Dünyada "Zeytun yolu" adlı turizm marşrutu var. Biz istəyirik ki, ölkəmizdə də eyni marşrut olsun və bunun üçün işlərimizi davam etdiririk”.
Daha sonra Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova və sədrin müşaviri Kənan Quluzadənin iştirakı ilə mətbuat konfransı keçirilib və kulinariya sahəsində jurnalistlərin sualları cavablandırılıb.
Azadə Hüseynova bildirib ki, "Street food" modelinin milli konsepsiyası üzərində iş aparılır və ilk olaraq qutab növlərinin təqdimatı hazırlanır.
Kənan Quluzadə isə Naxçıvan Muxtar Respublikasında yeni turizm məhsullarının hazırlanacağını diqqətə çatdırıb.