Beynəlxalq səyyahlar: Azad edilmiş ərazilərdə gördüklərimizi daha geniş auditoriyaya çatdıracağıq - FOTO

Beynəlxalq səyyahlar: Azad edilmiş ərazilərdə gördüklərimizi daha geniş auditoriyaya çatdıracağıq - FOTO
# 10 sentyabr 2022 19:51 (UTC +04:00)

Beynəlxalq səyyahların azad edilmiş ərazilərə 3 günlük səfərinin yekunlarına dair brifinq keçirilib.

APA xəbər verir ki, bu, səyyahların azad edilmiş ərazilərə artıq dördüncü səfəridir.

Dünyanın 20 ölkəsindən 35-dən çox səyyah bu səfərdə iştirak edib. Burada əsas məqsəd Qarabağ və Şərqi Zəngəzurda ermənilərin törətdiyi vəhşilikləri dünyaya çatdırmaq və orada aparılan bərpa-yenidənqurma işləri barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır.

MTP klubunun təsisçisi, Kaliforniyadan olan səyyah Çarlz Vili bildirib ki, onların klubu dünyanın ən çox səyahət edən 30-dan çox səyyahını özündə birləşdirir: “MTP klubunun səyyahları Azərbaycana gəliblər. İşğal dövründə belə bir imkan olmayıb. Artıq belə bir imkan yarandığı üçün biz bu ərazilərə səfər etmək qərarına gəldik”.

Çarlz Vili azad edilmiş ərazilərdə mina təhlükəsinə toxunub: “Bu gün həmin ərazilərə yerli əhali gedə bilmir. Bu, çox məyusedicidir. Bizim üçün bu sadəcə səyahət deyildi, bizi hərbçilər, polislər müşahidə edirdi. Yenə də mən məyus oluram ki, yerli camaat bu 30 il ərzində o yerlərə gedib-gələ bilməyib. Bu gün azad edilmiş ərazilərdə Azərbaycan hökuməti böyük işlər görür. Amma hökumətin bütün bu səylərinə baxmayaraq, həmin ərazilər hələ də təhlükəlidir”.

Finlandiyalı səyyah Carry Vatti qeyd edib ki, səfər etdikləri ərazilərdə dağıntıların şahidi olublar: “Biz minatəmizləmə əməliyyatlarını da izlədik. Onu da deyim ki, Azərbaycanın çox gözəl təbiəti var. Ümid edirik ki, bu işlər qısa zamanda bitəcək və o ərazilərə hər kəs səyahət edə biləcək”.

Belçikadan olan səyyah İvv Bve ekstremal turizmlə məşğul olduğunu diqqətə çatdırıb: “Həmin ərazilərin turizm potensialı çox yüksəkdir, amma hazırda bu çox təhlükəlidir. Minatəmizləmə əməliyyatları başa çatdıqdan sonra həmin ərazilər turizm bölgəsi kimi tanıdıla bilər. Əslində səyyahları dəvət etmək çox ağıllı fikirdir. Biz gördüklərimizi daha geniş auditoriyaya çatdıracağıq. Hiss etdik ki, Azərbaycan məlumatları heç bir qərəz olmadan dünyaya çatdırmaq istəyir. Biz bir daha buna əmin olduq”.

ABŞ-dan olan səyyah Miriyam vurğulayıb bu ərazilərin çox böyük potensialı var: “Azıx mağarasında oldum. Bu, turizm üçün böyük potensial deməkdir”.

Norveçdən olan səyyah Yorn Augestad azad edilən ərazilərdə böyük işlərin görüldüyünü diqqətə çatdırıb: “Səfərimiz çox maraqlı keçib. Qarabağ və Şərqi Zəngəzurun çox maraqlı təbiəti var. Səfər etdiyimiz əraziləri bir təəssüratla təsvir etmək çox çətindir. Ümumilikdə biz orada müxtəlif hislər yaşadıq, orada dağıntıları da gördük, quruculuq işlərini də”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR