Polşa aviaşirkətinin rəhbəri: “İnanıram ki, Azərbaycanın turistik rolu artacaq” 

Rafal Milczarski

© APA | Rafal Milczarski

# 28 may 2022 18:25 (UTC +04:00)

"Azərbaycanın turistik rolunun daha da güclənəcəyinə əminəm”.

APA xəbər verir ki, bunu Polşanın “LOT” aviaşirkətinin idarə heyətinin sədri Rafal Milczarski Bakı-Varşava arasında ilk uçuşun başlaması münasibətilə təşkil olunan mətbuat konfransında deyib.

“LOT” aviaşirkətinin prezidenti çıxışında bildirib ki, uçuşların açılması pandemiyadan sonra bir yenilikdir: "Bu uçuşlar şəhərlərimizi birləşdirəcək. Xalqlarımızı daha da yaxınlaşdıracaq.

Mən fürsətdən istifadə edib Azərbaycan xalqını və hökumətini Müstəqillik Günü münasibətilə təbrik edirəm. İnanıram ki, Azərbaycanın turistik rolu artacaq, güclənəcək. Mən Qarabağdakı investisiyalarla bağlı çoxlu xəbərlər eşidirəm. Və inanıram ki, Prezident Əliyevin liderliyi ilə Azərbaycan üçün böyük uğurlar qabaqdadır".

O deyib ki, uçuşlar iki ölkə arasında əlaqələri intensivləşdirəcək: “Mən əminəm ki, polşalı turistlər Azərbaycana səfər edəcək. Biz nə zaman ilk uçuşlar təşkil edirik, minlərlə polşalı həmin ölkəyə səfər edir və bu, davamlı olur".

O deyib ki, “LOT” şirkəti tərəfindən Bakı-Varşava arasında reyslər çərşənbə axşamı, çərşənbə, cümə, şənbə günləri olmaqla həftədə 4 dəfə həyata keçiriləcək.

"Biz öz uçuş şəbəkəmizi yalnız sürətlə dəyişən reallıqlara əsaslanaraq genişləndirmir, həmçinin öz sərnişinlərimizin də istəklərini nəzərə alırıq. Mən tam əminəm ki, Bakı polşalılar üçün böyük kəşf olacaq. Polşalı turistlər Azərbaycanın ənənəvi mətbəxini dadacaqlar, Xəzərin sahilində gəzəcəklər, Şərqin və Qərbin sintezi olan özünəməxsus arxitekturanı görəcəklər. Mən inanıram ki, bizim uçuşlarımız Azərbaycanın turizminin inkişafında mühərrik rolunu oynayacaq", - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR