Səfir: “Bakı-Varşava birbaşa uçuşlarının açılışı iki ölkə arasında münasibətləri göstərir” 

Bakı-Varşava arasında uçuşlara başlaması ilə bağlı mətbuat konfransı

© APA | Bakı-Varşava arasında uçuşlara başlaması ilə bağlı mətbuat konfransı

# 28 may 2022 19:03 (UTC +04:00)

“Bakı-Varşava arasında birbaşa uçuşların açılışı iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir”.

APA xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski “LOT” aviaşirkətinin Bakı-Varşava arasında uçuşlara başlaması ilə bağlı mətbuat konfransında deyib.

"Müstəqillik Günündə bu həm də Polşadan Azərbaycan xalqına bir bayram hədiyyəsidir. Bu uçuşlar iki ölkə arasında münasibətlərin yaxşı səviyyədə olduğunu göstərir", - bildirib.

Səfir deyib ki, Polşa prezidentinin Azərbaycana səfəri çərçivəsində 2017-ci ildə əməkdaşlıqla bağlı imzalanan deklarasiya ilə ölkələr arasında əməkdaşlıq müxtəlif sahələrdə daha da sürətlənib.

"Azərbaycan Turizm Assosiasiyası və Polşa Turizm Agentliklərinin Assosiasiyası görüşdü və əməkdaşlıqla bağlı sənəd imzaladılar, bu, hər iki tərəfin marağını göstərir. Bu addımlar xalqlararası münasibətlərin daha da yaxınlaşmasına təkan verəcək. Mən bir daha Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm", - Rafal Poborski deyib.

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova çıxışında iki ölkə arasındakı tarixi əlaqələrə toxunub.

"Bu il iki ölkə tarixi əlaqələrin 550 illiyini, diplomatik əlaqələrin 30 illiyini, strateji tərəfdaşlığın 5 illiyini qeyd edir. Bu uçuşlar xalqlarımız daha da yaxınlaşdıracaq. Polşalı qonaqları Azərbaycanın zəngin mədəniyyəti, tarixi ilə tanış olmaq imkanı qazanacaqlar. Onlar bununla yanaşı Bakıdakı iki əsrlik polyak mirası ilə də tanış olacaqlar", - azərbaycanlı diplomat deyib.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanın direktoru Teymur Həsənov deyib ki “LOT” aviaşirkəti ilə ilkin danışıqlar 2019-cu ildə başlasa da sonradan pandemiya ilə bağlı təxirə salınıb: “Bu marşrut iki ölkəni birləşdirəcək, logistika, biznes, turizm əlaqələrinə təkan verəcək”.

Hava Limanı ilə aviaşirkət arasında əməkdaşlıqla bağlı o deyib ki, reyslərin müntəzəm olması üçün əllərindən gələni edəcəklər.

Dövlət Turizm Agentliyinin rəsmisi Kənan Qasımov çıxışında deyib ki, təmsil olunduğu qurum Polşadakı tərəfdaşlarla yaxından işləyir və bu proses davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR