Səmərqənd: dünya mədəniyyətinin xəzinəsi - REPORTAJ

Səmərqənd: dünya mədəniyyətinin xəzinəsi - REPORTAJ
# 20 iyun 2022 17:51 (UTC +04:00)

Özbəkistana istənilən səfər xoş təəssürat və parlaq xatirələrdir.

Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə təşkil olunan press-turun ikinci günü dünyanın ən qədim şəhərlərindən birinə - Səmərqənddə ziyarət təşkil olunub.

Səmərqəndi sözün əsl mənasında açıq səma altında muzey və dünya mədəniyyətinin xəzinəsi adlandırmaq olar.

Səmərqənd bir neçə dövlətin paytaxtı olub, iqtisadi və mədəniyyət mərkəzinə, eyni zamanda, Çindən Avropaya gedən Böyük İpək Yolunun əsas nöqtəsinə çevrilməyi bacarıb. Səyahətçilər bura heyrətamiz məscid və mədrəsələri - İslam təhsil ocaqlarını araşdırmaq, Səmərqənd şəhərinin qədim tarixinin müasir həyatla necə sintez olunduğunu görmək üçün gəlirlər.

Daşkənddən “Afrosiab” sürət qatarı ilə Səmərqəndə çatdıq. Bir daha əmin olduq ki, Özbəkistanda turizm infrastrukturunun inkişafına geniş miqyasda yanaşılır.

Səfərin ikinci günü: Səmərqənd.

Qədim şəhərin ürəyi olan Registan meydanı.

Registan meydanı, yəqin ki, şəhərin və bütün Orta Asiyanın ən məşhur simvoludur. Bəlkə də tarixi əhəmiyyət kəsb etdiyi qədər gözəl bir yer tapmaq çətindir.

Burada müxtəlif dövrlərdə tikilmiş üç mədrəsə cəmləşib və onların hər biri özünəməxsus gözəl və diqqətəlayiqdir.

Bu qədim meydanı ziyarət edib, qədimliyin əzəmətli nəfəsini, keçmiş günlərin ruhunu duymamaq, bir sözlə, tarixə toxunmaq mümkün deyil.

Bu möhtəşəm ansambl təkcə Səmərqəndin deyil, bütün Özbəkistanın fəxri sayılır.

Meydanın ərazisi ilk növbədə üç mədrəsədən ibarət məşhur ansamblı ilə məşhurdur: Tilla-Kari, Uluqbəy və Şerdor.

Meydandakı bu əzəmətli nəhənglərdən birincisi Uluqbəyin mədrəsəsidir.

Memarlıq ansamblı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Uluqbəy mədrəsəsi

Möcüzəvi şəkildə bu nəhəng obyekt demək olar ki, ilkin görünüşü ilə bu günə qədər gəlib çatıb.

Uluqbəy mədrəsəsinin fasadı çox gözəl xəttatlıq yazısı ilə boyadılıb.

Bu yazılar əsasən Qurandan sitatlar və elmin inkişafına böyük diqqət yetirən, gənc alimlərə himayədarlıq edən müdrik hökmdar Uluqbəyin mədhləridir.

Şerdor mədrəsəsi

Şerdor və ya hərfi tərcümədə - “şirlərin məskəni” adlandırılan bu mədrəsə, Uluqbəyin mədrəsəsindən xeyli sonra tikilib.

Binanın tikintisinə 1619-cu ildə başlanılıb və 1636-cı ildə başa çatıb. Tikinti işləri memar Əbdül Cabbarın rəhbərliyi ilə həyata keçirilib.

Burada restavrasiya işləri yalnız XX əsrin əvvəllərində başlayıb. Bərpaçıların və memarların incə və əziyyətli əməyi sayəsində 1960-cı illərə qədər Şerdor mədrəsəsinin demək olar ki, bütün memarlıq ansamblını bərpa etmək mümkün olub. Bu gün ziyarətçiləri güc rəmzi - kürəyində günəş daşıyan bəbir, svastika təsviri və “Allahu əkbər” yazısı ilə bəzədilən portal qarşılayır. Mədrəsənin divarlarında Qurandan sitatlar, mozaika ilə işlənən bəzəklər, şir təsvirli kərpiclər, bəzən səmanın özündən də parlaq görünən günbəzlərin firuzəyi parlaqlığı hamını heyran edir.

Tilla-Karı mədrəsəsi

Növbəti ən qədim tikili Tillya-Kari mədrəsəsi adlanır, mənası “qızılla işlənən” deməkdir. Onun tikintisinə 1646-cı ildə Uluqbəyin dövründən qalan bünövrədən başlanıb. Bu bünövrə Mirzoi karvansarasının əsası olub. Binanın əsas fasadı meydana baxır. Tikili iki mərtəbəli hücrə və künc qüllələri olan iki qanaddan ibarətdir. Həyət kvadrat formasındadır və hər tərəfdən qalereyalar və yaşayış mərtəbələri ilə əhatə olunub.

Bu mədrəsənin “qızılla örtülmüş” adlandırılması, heç də təsadüfi deyil.

Həqiqətən də, burada divarlar və sərdabələr təkcə ənənəvi rəsm və mozaika naxışları ilə deyil, həm də bol zərlə bəzədilib. Vaxtilə həm mehrab adlanan xüsusi dua yuvası, həm də imam üçün ucalıq olan minbər qızılla örtülüb. Lakin ötən əsrin əvvəllərində Səmərqənddə baş verən güclü zəlzələ nəticəsində, mədrəsənin artıq kifayət qədər dağılan əsas portalı uçurulub. Burada bərpa 20-ci əsrin birinci rübündə başlayıb. Həm binalar, həm də onların unikal ornamentləri bərpa olunub. Bütün işlər ənənəvi texnologiyalara uyğun aparılıb ki, bu da yeni elementləri artıq mövcud olanlara orqanik şəkildə uyğunlaşdırmağa kömək edib.

Son bərpa işləri 50-ci illərin sonlarında başa çatdırılıb. Bunun sayəsində bu gün biz “qızıl” mədrəsənin bir neçə yüz il əvvəl Səmərqənd sakinlərini təəccübləndirdiyi formada görə bilirik.

Uluqbəy Rəsədxanası

Uluqbəy Teymurun nəvəsi, istedadlı alim və astronom idi. Səmərqənd hökmdarı təpədə silindrik bina tikdirib və primitiv künc ölçü alətləri istifadə edərək 1437-ci ildə 1018 ulduzun təsviri ilə ulduzlu səmanın ilk kataloqunu tərtib edib.

Həmin zamanda, ulduz ilin uzunluğunun 365 gün olduğu müəyyən edilib. Lakin 16-cı əsrin ortalarında - Uluqbəyin öldürülməsindən sonra - rəsədxananın binası kərpic-kərpic sökülüb. Buna görə də, bizim dövrümüzədək, təəssüf ki, unikal kompleks qorunub saxlanılmayıb. İndi muzeydə qədim rəsədxananın maketi var və burada astronomik cədvəllərin fraqmentləri, sekstant və Uluqbəyin özünün həyat yolunu əks etdirən qədim freskalar var. Bura gəzinti və xüsusilə astronomiya tarixi, eləcə də ümumilikdə Özbəkistanın tarixi ilə tanış olmaq üçün əla yerdir. Səmərqəndin ən vacib görməli yerlərindən və sirlərindən biridir. O da məlumdur ki, Uluqbəy ən nadir kitab kolleksiyasını toplayıb. Hesab olunur ki, bu kitabları o, ya gizlicə buradan çıxarıb, ya da hələ də onlar gizli otaqlarından birində saxlanılır.

Xoca-Doniyer məqbərəsi - müqəddəs izlərə sitayiş və xəstəliklərə şəfa

Xoca-Donyerin (Daniyel) məqbərəsi dünyanın hər yerindən minlərlə zəvvarın ziyarət etdiyi Səmərqənd şəhərinin ən məşhur ibadət yerlərindən biridir. Xoca Donyerin məqbərəsi Səmərqənd şəhərinin kənarında, Əfrasiyab təpəsinin şimal tərəfində, Siab çayının sahilində yerləşir.

Bibi Xanım məscidi

Tarixi Səmərqənd şəhərinin mərkəzində möhtəşəm memarlıq abidəsi - Əmir Teymurun Bibi Xanım kafedral məscidi yerləşir.

1399-1404-cü illərdə sərkərdənin əmri ilə tikilən məscid Orta Asiyanın ən böyük ibadətgahı hesab olunur.

Tərcümədə “böyük şahzadə” mənasını verən məscid, tarixdə daha çox Saray Mülk Xanım kimi tanınan sərkərdə Əmir Teymurun sevimli həyat yoldaşı Bibi xanımın adını daşıyır.

Onun tikintisinin təməli Tamerlanın Hindistanı fəth etməsindən sonra qoyulub, lakin sərkərdə tezliklə Osmanlı İmperatorluğuna qarşı yürüşə başladığı üçün prosesi uzun müddət müşahidə edə bilməyib.

1404-cü ildə başqa bir yürüşdən sonra qayıdan Tamerlan, giriş portalının nəzərdə tutulduğu kimi əzəmətli olmadığına qəzəblənib və onun dağıdılmasını və yenidən qurulmasını əmr edib.

Möhtəşəm kompleks giriş portalı, əsas məscid və iki kiçik məsciddən ibarətdir. Beş min kvadratmetr sahəsi olan binanın həyətində eyni vaxtda 10 minə qədər adam namaz qıla bilər. Həyət dörd tərəfdən əzəmətli minarələrlə əhatə olunub. Bina rəsmlər, oyma mərmər və kirəmitlərlə zəngin şəkildə bəzədilib, onun tikintisində dünyanın müxtəlif ölkələrindən sənətkarlar iştirak ediblər.

Turizm sahəsində kadr potensialının gücləndirilməsi

Yolumuz həmçinin təhsil, elm və istehsalın sıx inteqrasiyasına əsaslanan ali təhsil ocağından - “İpək Yolu” Beynəlxalq Turizm Universitetindən keçdi.

Turizm və qonaqpərvərlik sahəsi üçün müxtəlif səviyyəli kadrların hazırlanması həyata keçirilir: portye və ofisiantdan tutmuş otelin rəhbəri və menecerinə qədər. Müştəri xidməti ilə bağlı olduğundan, bütün personalın vahid bir bütöv təşkil etməsi və eyni xidmət standartlarına tabe olması zəruridir.

Kadr hazırlığının əsas elementləri təhsilin davamlı təkmilləşdirilməsini təmin edən adaptiv, dinamik sosial-iqtisadi sistem kimi formalaşır.

Özbəkistanın zəngin təbii, mədəni və tarixi irsinin mövcud ehtiyat və imkanlarından səmərəli istifadə, innovativ ideya və texnologiyaların tətbiqi, investisiyaların fəal cəlb edilməsi turizmin inkişafı üçün əlverişli iqtisadi, eləcə də təşkilati-hüquqi şəraitin yaradılmasına xidmət edir.

Turizmin tədricən ölkə iqtisadiyyatının strateji sektoruna çevrilməsini nəzərə alaraq, turizm sənayesinin dünya bazarında respublikanın müsbət imicinin formalaşmasını təmin etməyə qadir olan yüksək ixtisaslı, rəqabətqabiliyyətli kadrların hazırlanmasına ehtiyac var.

Turizm sənayesi üzrə ali təhsil müəssisəsinin açılması təşəbbüsü Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Çində keçirilən sammitində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb və dövlət başçısının 28 iyun 2018-ci il tarixli 3815 nömrəli fərmanı ilə ilk beynəlxalq statuslu dövlət universiteti yaradılıb.

Universitetin missiyası əhalinin təhsilini yaxşılaşdırmaq və mövcud bilikləri qorumaq, azad düşüncəni, müstəqil elmi araşdırmaları və orijinal bədii yaradıcılığı inkişaf etdirmək, həmçinin insan cəmiyyətinin yaradıcılığına hər cür dəstək verməkdir.

Universitet yaradıcı elmi, təhsil, incəsənət və mədəniyyət fəaliyyətini sərbəst həyata keçirən muxtar dövlət qurumudur və onun zəruri ilkin şərti akademik azadlıq və akademik hüquqlardır.

Universitet bütün növ təhsil proqramlarını, eləcə də davamlı təhsil proqramlarını həyata keçirir.

Ardı var...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR