Turizm İnformasiya Sisteminin təqdimatı olub

Turizm İnformasiya Sisteminin təqdimatı olub
# 05 may 2023 11:15 (UTC +04:00)

Dövlət Turizm Agentliyi tərəfindən ölkə üzrə vahid turizm platforması rolunu oynayacaq Turizm İnformasiya Sisteminin təqdimatı keçirilib.

APA xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin görüş iştirakçılarına video müraciəti təqdim olunub.

Fuad Nağıyev müraciətində son illər sənayenin tənzimlənməsi və işlək mexanizmlərin hazırlanması üzrə bir sıra əhəmiyyətli tədbirlərin görüldüyünü bildirib. O, Agentliyin bu istiqamətdə əsas siyasətinin sağlam rəqabət və xidmət keyfiyyəti prinsiplərinə əsaslanmaqla etibarlı və ixtisaslaşmış turizm sənayesinin formalaşmasına yönəldiyini qeyd edib.

Agentlik sədri layihənin uğurlu icrasının ölkədə turizm sənayesi subyektlərinin dəqiq və aydın uçotunun əldə olunmasına, həmçinin təqdim olunan xidmətlərin səviyyəsinə görə reytinq qiymətləndirilməsinin aparılmasına imkan verəcəyini, Turizm İnformasiya Sisteminin sənaye subyektləri, istehlakçılar və biznes tərəfdaşları ilə daha etibarlı münasibət qurmağa imkan yaradacağını diqqətə çatdırıb.

Turizm İnformasiya Sistemi dövlət informasiya sistemi olmaqla “dövlət-biznes” və “biznes-biznes” rəqəmsal tərəfdaşlıq platforması kimi çıxış edir. Sistemin əsas məqsədi turizm sektorunun rəqabət qabiliyyətliliyinin artırılması, turizm sənayesi və ehtiyatları barədə dəqiq və etibarlı məlumatların toplanması və ötürülməsi, ölkə ərazisində təqdim edilən turizm xidmətlərinin keyfiyyətinin təşviqi, biznes subyektlərinin brendinq prosesinin və korporativ inkişafının dəstəklənməsidir. Sistem daxilində Turizm Reyestri və xüsusi keyfiyyət proqramı aparılır, məlumat anbarı yaradılır və elektron xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Fuad Nağıyev deyib ki, Turizm Reyestri vasitəsilə ilkin mərhələdə yerləşmə vasitələri, turoperator və turagentlərin, turizm bələdçilərinin qeydiyyatı və təsnifatının aparılması planlaşdırılır. O bildirib ki, eyni zamanda burada turizm sənayesinə açıq xidmət, keyfiyyətli xidmət, rəqəmsal xidmət nişanlarını əldə etmək üçün müraciət imkanı yaradılır:

"Açıq xidmət və keyfiyyətli xidmət nişanları əldə edən sənayesi subyektləri B kateqoriyası, açıq xidmət və keyfiyyətli xidmətlə yanaşı, rəqəmsal xidmət nişanları əldə edən turizm sənayesi subyektləri isə A kateqoriyası ilə təltif ediləcəklər.
Hər bir nişanlar üçün aydın meyarlar müəyyən edilib. Bu meyarların müəyyən edilməsi üçün turizm sənayesi ilə görüşlər təşkil edilmiş, müzakirələr aparılmış, turizm sənayesinin rəy və təklifləri nəzərə alınmışdır".

Sədr qeyd edib ki, layihənin uğurlu icrası ölkəmizdə turizm sənayesi subyektlərinin dəqiq və aydın uçotunun formalaşmasına, həmçinin potensiala və təqdim olunan xidmətlərin səviyyəsinə görə reytinq qiymətləndirilməsinin aparılmasına imkan verəcək:

"Gələcəkdə reytinq qiymətləndirməsinin məzmun baxımından daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Əlavə olaraq qeyd etmək istəyirəm ki, Turizm Reyestrindən qeydiyyatdan keçmək, müvafiq olaraq A və B kateqoriyaları əldə etmək sənayə nümayəndələrinə müştərilər və biznes tərəfdaşlarla daha etibarlı münasibət qurmağa imkan yaradacaq.

Eyni zamanda A və B kateqoriyası alan sənaye subyektlərininin fəaliyyəti müxtəlif mexanizmlərlə təşviq ediləcək. Odur ki, turizm sənayesini Turizm Reyestrindən qeydiyyatdan və təsnifatdan keçməyə, ilkin mərhələ üçün B nişanı almağa dəvət edirəm".

DTA-nın Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məmməd Muradov deyib ki, turizm sahəsində dövlət idarəetməsinin effektivliyini və tənzimləmə potensialını artırmaq, turizm məhsullarının şaxələndirilməsinə və mövsümiliyin azaldılmasına xidmət etmək strateji məqsədlərimiz arasındadır. O bildirib ki, turizm sahəsində innovasiya va rəqəmsallaşmaya dəstək vermək də əsas strateji məqsədlərdir:

"Turizm sənayesi qarşısında duran əsas çağırışlardan danışan şöbə müdiri bildirib ki, sənayenin etibarlı uçotu və təsnifatı, sənayenin effektiv təşkilatlanması önəmlidir. Bunlar arasında biznesin dayanıqlı İnkişafı, biznesin təşviqi alətlərinin təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması, istehlakçı hüquqlarının qorunması da bunlar arasında yer alır".

Təqdimatda Turizm İnformasiya Sisteminin daxilində aparılan Turizm Reyestri haqqında da ətraflı məlumat verilib, Reyestrin turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, həmin məlumatların monitorinqi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə formalaşdırıldığı diqqətə çatdırılıb.

O cümlədən, Turizm Reyestrindən qeydiyyatdan keçən sənaye subyektlərinin növbəti mərhələdə təsnifatının aparıldığı və xüsusi Turizm Keyfiyyət Proqramına cəlb edildikləri iştirakçılara bildirilib.

Turizm Keyfiyyət Proqramı Turizm Reyestrində qeydiyyatdan keçən və təsnifləşdirilən turizm sənaye subyektlərinin keyfiyyətli xidmət, rəqəmsallaşma və açıqlıq prinsiplərinə uyğunluğunun qiymətləndirilməsini əhatə edir. Qiymətləndirmə nəticəsində turizm sənaye subyektlərinə “B” və “A” kateqoriyaları üzrə “Açıq xidmət”, “Keyfiyyətli xidmət” və “Rəqəmsal xidmət” fərqləndirici keyfiyyət nişanları təqdim edilir. Keyfiyyət nişanları sənaye nümayəndələrinə keyfiyyətli xidmət təminatçısı kimi nüfuz qazanmaq, bu amildən brendinq prosesində istifadə və biznes xidmətlərini təbliğ etmə kimi təşviqedici üstünlüklərdən yararlanmaq imkanı təqdim edir. İnformasiya Sistemi, həmçinin istehlakçıların daha məlumatlı şəkildə seçim edərək etibarlı turizm sənayesi subyektlərinin xidmətlərindən yararlanmasına töhfə verəcək.

Təqdimatda turizm agentlikləri və hotellərin təmsilçiləri, eləcə də turizm bələdçiləri daxil olmaqla 100-dən çox sənaye nümayəndəsi iştirak edib. Sonda turizm sənayesi nümayəndələrinin Turizm İnformasiya Sistemi haqqında sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR