Turizm marşrutları boyunca yol kənarındakı 133 obyekt sökülüb

yol

© APA | yol

# 25 aprel 2022 16:02 (UTC +04:00)

Turizm marşrutları boyunca yol kənarlarındakı obyektlərin təmiri istiqamətində görülən işlər açıqlanıb.

Dövlət Turizm Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, layihələndirmə işləri ilkin olaraq Şimal-Qərb turizm koridoru üzərində yerləşən və bu koridorun tərkib hissəsi olan Bakı üzrə Binəqədi və Abşeron rayonlarında, eləcə də Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında aparılıb.

“Görülən işlərin əsas məqsədi qeyd olunan rayonlarda yerləşən ticarət və istirahət, həmçinin digər obyektlərin yenidən müasir tələblərə cavab verməklə layihələndirilməsi, layihəyə uyğun olaraq texniki, konstruktiv cizgilərlə təmin edilməsindən ibarətdir. Birinci mərhələdə Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarına Dövlət Turizm Agentliyi, rayon icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə baxış keçirilərək 218 obyekt təsbit edilib. Bunlardan 108 obyektin qanunsuz tikilməsi və təhlükəsizlik amili nəzərə alınaraq sökülməsinə qərar verilib. Əsas hissəsi aşınmış yollar və yol mühafizə zonasına aid olan 218 obyektdən 110-nun yenidən layihələndirilməsinə qərar verilib. Hazırlanmış layihələr təqdim olunduqdan sonra layihədə nəzərdə tutulan işlər sahibkarlar tərəfindən həyata keçirilib”, - qeyd olunub.

Vurğulanıb ki, əsas marşrut üzrə turistik iaşə obyektlərinin bir hissəsinin kiçik sahibkarlara məxsus olmasını, həmçinin sağlamlıq imkanları məhdud şəxslərin və Qarabağ müharibəsi əlillərinin mövcudluğu faktorunu nəzərə alaraq Dövlət Turizm Agentliyi tərəfindən onlara həvəsləndirici amil olaraq zəruri inventar və qurğular ödənişsiz təqdim olunub..

“Belə qurğuların kiçik bir hissəsi (sanitar qovşaqlar, mətbəx köşkləri, müxtəlif formalı söhbətgahlar, manqalxana, təndir köşkləri, stollar, skamyalar, mobil meyvə köşkləri, gül dibçəkləri və s.) quruculuq işlərinə vəsait xərcləyən orta sahibkarlıq subyektlərinə də təqdim olunub. İkinci mərhələdə DTA və digər müvafiq qurum nümayəndələrinin birbaşa iştirakı ilə Binəqədi və Abşeron rayonundan keçən əsas marşrut üzərindəki iaşə və sənaye obyektlərinə, eləcə də bir neçə fərdi evə baxış keçirilib. Sulutəpə dairəsindən Müşfiqabad qəsəbəsi də daxil olmaqla 185 obyekt təsbit edilərək bunlardan 25-i həm yararsızlıq və baxımsızlıq amilindən, həm də yol mühafizə zolağına girməsi səbəbindən RİH tərəfindən sökülüb, alternativ yer təklif və təqdim olunub. Ümumən DTA-nın vəsaiti ilə 120 obyekt, RİH tərəfindən isə 50 layihə hazırlanaraq təsdiqlənib. Layihələr sahibkarlara təqdim olunub və onlar tərəfindən icra edilib. İşlərin yekunu marşrut üzrə reklam lövhələrinin, həmçinin yol məlumat nişanlarının quraşdırılması özündə ehtiva edir. Sahibkarlıq subyektlərinə DTA tərəfindən dizayn nümunələri təqdim olunub və icrasını sahibkarlar özləri həyata keçiriblər. Ümumi yolboyu məlumat nişanları isə DTA-nın vəsaiti əsasında yerləşdirilib”, - əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR