Türkiyəli səyyahlar Xudafərin körpüsündə olublar - FOTO - YENİLƏNİB

Türkiyəli səyyahlar Xudafərin körpüsündə olublar - FOTO  - YENİLƏNİB
# 31 oktyabr 2022 12:05 (UTC +04:00)

Türkiyə Səyyahlar Klubunun üzvlərinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu gün Cəbrayıl rayonuna gələn türkiyəli səyahətçilər Xudafərin körpüləri ilə də tanış olublar.

Qonaqlara Araz çayı üzərində inşa olunan körpülər barədə məlumat verilib. Bildirilib ki, unikal memarlıq abidəsi olan Xudafərin körpüsü Azərbaycan memarlıq məktəbinə uyğun tikilib.

***

10.30

Türkiyə Səyyahlar Klubunun üzvlərinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, türkiyəli səyyahlar bu gün Cəbrayıl rayonuna gəliblər. Onlar rayon ərazisində aparılan yenidənqurma işləri, Horadiz-Ağbənd dəmir yolunun tikintisi ilə tanış olublar.

Qonaqlara Zəngəzurdan keçərək Naxçıvana, oradan isə Türkiyəyə çəkiləcək yolların əhəmiyyəti haqqında məlumat verilib. Bildirilib ki, Horadiz-Ağbənd dəmir yolunun reallaşması bütün regionun inkişafına töhfə verəcək.

Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq bu dəmir yolu xəttinin qurulması ilə Bakı-Tbilisi-Qarsdan sonra Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaranacağı türkiyəli səyahətçilərin nəzərinə çatdırılıb.

O da bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü bərpa etdikdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə bir sıra mühüm infrastruktur layihələrinin icrasına başlanıb. Horadiz-Ağbənd dəmir yolu xəttinin yenidən qurulması Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcək. Bu dəmir yolu xətti Azərbaycan üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq.

Qeyd edək ki, ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmania) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfərlər edilib. Bu səfərlərdə ümumilikdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR