ATAA bir sıra aviadaşıyıcılarla yeni fəaliyyət planları və uçuşların bərpasını müzakirə edib

ATAA bir sıra  aviadaşıyıcılarla yeni fəaliyyət planları və uçuşların bərpasını müzakirə edib
  • Clock-gray 11:55
  • calendar-gray 09 May 2020

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ilə Azərbaycan Hava Yolları və ölkəmizdə təmsil olunan beynəlxalq hava yolları şirkətlərinin nümayəndələri arasında “Pandemiya dövründən sonra aviadaşıyıcıların yeni fəaliyyət planları və uçuşların bərpası" mövzusunda onlayn müzakirələr keçirilib.

ATAA-dan APA-ya verilən məlumata görə, müzakirələrdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev turizm şirkətləri və turoperatorlar üçün beynəlxalq uçuşların tezliklə bərpa edilməsinin vacib məsələ olduğunu diqqətə çatdırıb. Assosiasiya rəhbərinin sözlərinə görə beynəlxalq aviauçuşların dayandırılması turizm şirkətlərini çətin vəziyyətə salmaqla yanaşı böyük itkilərlə üzləşdirib.

Azərbaycan Hava Yollarının beynəlxalq uçuşları tam bərpa etməyə hazır olduğunu deyən şirkətin avidaşımaların satış mərkəzinin rəisi Niyazi Həsənov hazırda qarşıda duran əsas məsələnin dünyada pandemiyanın aradan qaldırılması və ölkələrin öz sərhədlərini uçuşlar üçün açıq elan etməsindən asılı olduğunu bildirib. O, bu maneələr aradan qaldırılmayana qədər beynəlxalq uçuşların dəqiq nə vaxt bərpa olunacağının proqnozlaşdırılmasının çətin olduğunu diqqət çatdırıb.

Pandemiyadan sonra Novosibirsk-Bakı istiqamətinə ilk uçuşun iyulun 10-da reallaşacağını deyən “Sibir Hava Yolları”nın Azərbaycan üzrə rəsmi nümayəndəsi Arif Şahbazov hazırda şirkətin çətin günlər yaşadığını bildirib. Onun sözlərinə görə indiki mərhələdə şirkət 101 hava gəmisindən yalnız 40-nı daxili uçuşlar olmaqla işə cəlb edib. O üzdən itkilər böyükdür.

Müzakirələrdə iştirak edən “AirAstana” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Deulet Yerkenule şirkətin 10 illik fəaliyyəti dövründə ilk dəfə olaraq belə çətin vəziyyətə düşdüklərini deyib. O, Azərbaycan istiqamətinə ilk uçuş tarixinin  iyun ayının ortalarına  nəzərdə tutulduğunu bildirib. Deulet Yerkenule oktyabr ayına qədər Bakı-Astana reysinin də ləğv olunacağını qeyd edib. Onun sözlərinə görə, aviaşirkət bu müddət ərzində yalnız Bakı-Almata reyslərini həyata keçirəcək .

“Travelport” şirkətinin Azərbaycan üzrə direktoru Emil Bayramov pandemiyanın ilk günlərindən dünya turizm bazarında baş verən hadisələrlə bağlı onlayn informasiya mərkəzinin yardıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə şirkət mart ayından onlayn kurslar və vebinarlar keçirib. Emil Bayramov bu müddət ərzində aviabilet satışları üzrə 300 yaxın mütəxəssis hazırladıqlarını və yeni məhsullar üzərində iş aparıldığını bildirib.

“Özbəkistan Hava Yollar”ı şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Hasan Mavlyanov şirkətin satışlara yalnız iyul ayından başlayacağını deyib. O, sərnişinlərin təhlükəsizliyi və sağlamlığı üçün bir sıra yeni tədbirlərin görüləcəyini bildirib.

Müzakirələrdə eyni zamanda pandemiyadan öncə alınan biletlərin geri qaytarılması, sərnişinlərin təhlükəsizliyi, uçuşlar üçün prioritet istiqamətlər, aviaşirkətlər tərəfindən qiymət siyasətində edilə biləcək dəyişikliklər və digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Günay Elşadqızı

Digər xəbərlər