Azərbaycan dayanıqlı turizm üzrə ölkələrin reytinqində 69-cu olub

Azərbaycan dayanıqlı turizm üzrə ölkələrin reytinqində 69-cu olub
# 17 mart 2021 13:50 (UTC +04:00)

"Euromonitor International" şirkəti "ITB Berlin" turizm sərgisində dayanıqlı turizm üzrə ölkələrin reytinqini təqdim edib. Siyahıda 99 ölkə yer alıb. Azərbaycan sözügedən reytinqdə 69-cu yerdə qərarlaşıb.

"APA-Economics"in "Euromonitor International"a istinadən verdiyi məlumata görə, reytinq ətraf mühit, sosial və iqtisadi dayanıqlıq, ölkənin əsas riskləri, həmçinin dayanıqlı turizm, nəqliyyat və mənzillərə olan tələbat əsasında hazırlanıb. Siyahı 57 göstəriciyə əsaslandığı bildirilir.

Reytinqin lideri İsveç olub. Onun ardınca siyahıda Finlandiya və Avstriya gəlir. İlk onluğa həmçinin, Estoniya, Norveç, Slovakiya, İslandiya, Latviya, Fransa və Sloveniya daxil olub.

Azərbaycan sözügedən reytinqdə 69-cu olub. Azərbaycan siyahıda Bəhreyn (70-ci yer), Səudiyyə Ərəbistanı (72-ci yer), Özbəkistan (73-cü yer), Tailand (76-cı yer), Cənubi Koreya (78-ci yer), Maldiv adaları (80-ci yer), Küveyt (82-ci yer), Fici (83-cü yer), Qətər (86-cı yer), Dominikana (88-ci yer), Misir (91-ci yer), İndoneziya (92-ci yer) və Sinqapur (93-cü yer) kimi ölkələri qabaqlayıb.

Belarus reytinqin 26-cı, Ukrayna 30-cu, Gürcüstan 41-ci, Qazaxıstan 62-ci, Rusiya 65-ci, Türkiyə isə 66-cı pilləsində qərarlaşıb. Türkmənistan, Tacikistan, Qırğızıstan, Ermənistan və Moldova siyahıda yer almayıb. Reytinqin autsayderləri isə Mavriki (97-ci yer), Hindistan (98-ci yer) və Pakistan (99-cu yer) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR