Azərbaycana bu il gələn əcnəbilərin sayı 4 dəfəyə yaxın azalıb

Azərbaycana bu il gələn əcnəbilərin sayı 4 dəfəyə yaxın azalıb
# 18 dekabr 2020 12:24 (UTC +04:00)

Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül digər ölkələrdə olduğu kimi, Azərbaycanda da müşahidə olunmaqda davam edir. Belə ki, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 756,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.

“Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-noyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib”, - açıqlamada deyilir.

Qeyd olunub ki, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycana gələnlərin 28,2%-i Rusiya, 23,7%-i Gürcüstan, 19,5%-i Türkiyə, 8,9%-i İran, 2,1%-i Ukrayna, 1,7%-i Hindistan, 1,6%-i Səudiyyə Ərəbistanı, hər birindən 1,1% olmaqla BƏƏ və Qazaxıstan, hər birindən 1% olmaqla Pakistan və Türkmənistan, hər birindən 0,9% olmaqla Küveyt və Böyük Britaniya, 0,8%-i Belarus, hər birindən 0,7% olmaqla Özbəkistan və İraq, hər birindən 0,5% olmaqla Almaniya və İsrail, 5%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 80,3%-ni kişilər, 19,7%-ni qadınlar təşkil edib.

Hesabat dövründə Çindən gələnlərin sayı 16,4 dəfə, Cənubi Koreyadan – 13,6 dəfə, İsraildən – 10,7 dəfə, Yaponiyadan – 10 dəfə, Polşadan – 9,9 dəfə, İraqdan – 9,2 dəfə, Səudiyyə Ərəbistanından – 8,6 dəfə, Macarıstandan – 8,4 dəfə, BƏƏ-dən – 7,2 dəfə, Omandan və Kanadadan – 7,1 dəfə, ABŞ-dan – 7 dəfə, Türkmənistandan – 6,1 dəfə, Fransadan – 6 dəfə, Almaniyadan və Qətərdən – 5,7 dəfə, Niderlanddan və Qazaxıstandan – 5,3 dəfə, Böyük Britaniyadan – 5,2 dəfə, İtaliyadan isə 4,3 dəfə azalıb.

Ümumilikdə, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,9 dəfə azalaraq 22,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,8 dəfə azalaraq 105,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,1 dəfə azalaraq 259,3 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7%-i dəmir yolu və avtomobil, 27,9%-i hava, 2,4%-i isə dəniz nəqliyyatından istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR