Azərbaycandakı hotellərin gəlirləri ötən il 25% artaraq 450 mln. manatı üstələyib

Azərbaycandakı hotellərin gəlirləri ötən il 25% artaraq 450 mln. manatı üstələyib
# 30 yanvar 2020 12:34 (UTC +04:00)

2019-cu ildə Azərbaycan üzrə mehmanxanalarda 3 345,3 min gecələmə keçirilib ki, bu da 2018-ci illə müqayisədə 11,4% çoxdur.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, gecələmələrin 57,7%-i Bakıda, 9%-i Qəbələdə, 7,9%-i Qubada, 4,4%-i Xaçmazda, 3,7%-i Naftalanda, 2,8%-i Qusarda, 2,7%-i Naxçıvan Muxtar Respublikasında, 1,2%-i Lənkəranda, hər birində 1% olmaqla Mingəçevir və Qaxda, 8,6%-i isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilə nisbətən 9,3% artaraq 2 240,9 min olub ki, bu da ümumi gecələmələrin 67%-ni təşkil edir. Gecələmələrin 13,8%-i Səudiyyə Ərəbistanı, 11,7%-i Birləşmiş Ərəb Əmirlikləri, 10,9%-i Rusiya Federasiyası, 6%-i İsrail, 5,9%-i Hindistan, 5,2%-i İran, 5%-i Türkiyə, 3,5%-i Küveyt, 3,1%-i Böyük Britaniya, hər biri üzrə 2,1% olmaqla Qətər və Pakistan, 2%-i ABŞ, hər biri üzrə 1,5% olmaqla Çin və Qazaxıstan, 1,4%-i İraq, hər biri üzrə 1,1% olmaqla Almaniya və Gürcüstan, 22,1%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77%-i Bakıda, 9,1%-i Qəbələdə, 3,4%-i Qubada, 3%-i Naftalanda, 2,9%-i Naxçıvan Muxtar Respublikasında, 4,6%-i isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci illə müqayisədə 15,9% artaraq 1 104,4 minə çatıb.

Cari ildə mehmanxanaların gəlirləri əvvəlki illə müqayisədə 25,2% çox və ya 450,2 mln. manat olub ki, onun da 66%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,8%-i ictimai iaşə xidmətlərindən, 2,2%-i müalicə və sağlamlıq xidmətlərindən, 6%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2019-cu ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 22,1% (2018-ci ildə 20,8%) təşkil edib. Bu göstərici Naftalanda 55%, Qubada 44,5%, Qəbələdə 36,6%, Beyləqanda 32,2%, Bakıda 31,8%, Şabranda 24,2%, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub.

Xatırladaq ki, mehmanxanaların birdəfəlik tutumundan il ərzində istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (46,4%) avqust ayında qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR