Dövlət Turizm Agentliyinin sədri: "Bu ilin 10 ayında ölkəyə 2,7 milyon xarici vətəndaş səfər edib"

 Dövlət Turizm Agentliyinin sədri: "Bu ilin 10 ayında ölkəyə 2,7 milyon xarici vətəndaş səfər edib"
  • Clock-gray 10:34
  • calendar-gray 29 Noyabr 2019

"2019-cu ilin 10 ayında ölkəyə 2,7 milyon xarici vətəndaş səfər edib. Ənənəvi bazarlardan başqa, bu il Azərbaycana Çin və Hindistandan da xeyli turist gəlib".

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. Agentlik sədrinin sözlərinə görə, Azərbaycanı turizm ölkəsinə çevirmək üçün imkanlar genişdir:

"Amma turistləri ölkəyə çəlb etməklə iş bitmir, gələn turistləri ölkəmizə yenidən qayıtmağa vadar etməyə çalışmaq lazımdır". 

F.Nağıyev bildirib ki, ötən il turizm sənayesi üçün çox yaddaqalan olub:

"Ölkəyə gələn xarici qonaqların sayında artım müşahidə edilib. Müasir tələblərə cavab verən marketinq işləri həyata keçirilib. Bu gün hotel sənayesinin üzvləri turizm sənayesinin inkişafında mühüm rol oynayırlar. Hesab edirəm ki, gələn il də bizi ciddi islahatlar gözləyir. Uğurlar çox olsa da, görüləcək işlər də çoxdur".

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit deyib ki, ölkənin qlobal miqyasda rəqabət qabiliyyətini artırmaq və ölkəyə səfər edən turistləri dünya standartlarına uyğun xidmətlərlə təmin etmək əsas məqsədlərdəndir. Onun sözlərinə görə, bunun üçün yeni yaradılmış Destinasiya Menecment Təşkilatının vasitəsilə hotellər, hava yolları şirkətləri, tur operatorlar, turizm bələdçiləri və s. özündə birləşdirən turizm sənayesi şəbəkəsi ilə yaxından əməkdaşlıq etmək lazımdır:

"Kadrların hazırlanması üçün regionlarda turizm təhsili sahəsinə sərməyələr yatırılmalıdır. Azərbaycanda turizmin inkişafı əsas priotitetimizdir. Turizmin gələcəyi məhz yeni texnologiyalara əsaslanır. Azərbaycan da qlobal çağırışlarla ayaqlaşmalıdır. Təbii ki, yolumuzda müəyyən çətinliklər olacaq. Amma bu yolu birlikdə getdiyimiz zaman uğurlarımız olacaq. Məqsədimizə çatmaqda vasitəçi olan tərəfdaşlarımızın və digər əlaqədar tərəflərin dəstəyi olmadan uğurlar əlçatmaz olar. Qarşıda görüləcək işlər çoxdur".

F.Zenqstşmit bildirib ki, turizm xidmətlərinin səviyyəsinin yenilənməsi də vacib məsələdir.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date