Qırmızı qəsəbədə yeni turizm məlumat nişanları istifadəyə verilib - FOTO

Qırmızı qəsəbədə yeni turizm məlumat nişanları istifadəyə verilib  - FOTO
# 21 aprel 2021 12:24 (UTC +04:00)

Bu gün Dövlət Turizm Agentliyinin və İsrailin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi məqsədilə Quba rayonunun Qırmızı qəsəbəsində yeni turizm məlumat nişanları hazırlanaraq istifadəyə verilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Dövlət Turizm Agentliyinin turizm marşrutlarında yolların nişana alınması və işarələnməsi strategiyasına uyğun olaraq qəsəbənin müxtəlif yerlərində 18 ədəd yeni nişan quraşdırılıb.

Bu turizm nişanları vasitəsilə həm əcnəbi, həm də yerli turistlər qəsəbə boyu gəzməli və görməli yerlərin istiqamətlərini müəyyən edə, eləcə də ərazidə quraşdırılmış turizm informasiya lövhələrində həmin obyekt haqqında vacib məlumatları əldə edə biləcəklər.

Bununla yanaşı, Qırmızı qəsəbə və Quba Destinasiya Menecmenti Təşkilatı bu piyada nişanları əsasında turistlərə yəhudi irsi üzrə turlar təşkil etməyi də nəzərdə tutur.

Azərbaycanda yəhudi irsinin təbliği istiqamətində Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və İsrailin Azərbaycandakı səfirliyi gələcəkdə növbəti layihələri də birlikdə həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, İsrailin hüdudlarından kənarda yerləşən yəhudilərin yaşadığı qəsəbədə iki sinaqoq, yəhudi dinini öyrədən dərnəklər, Dağ Yəhudilərinin muzeyi, turist informasiya mərkəzi və bir çox görməli yerlər mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR