Şri-Lanka xarici turistlər üçün sərhədlərini açıb

Şri-Lanka xarici turistlər üçün sərhədlərini açıb
# 21 yanvar 2021 17:32 (UTC +04:00)

Şri-Lanka 10 aylıq lokdaundan sonra sərhədlərini xarici turistlər üçün açıb. Ölkəyə daxil olmaq istəyən əcnəbilər COVID-19 üzrə neqativ test təqdim etməli olacaq.

"APA-Economics"in "Interfax"a istinadən verdiyi məlumata görə, bu barədə "France 24" xəbər verir.

"Cümə axşamı günü ölkənin kommersiya uçuşlarına xidmət edən iki beynəlxalq aeroportun işi tam bərpa edilib. Giriş üçün xarici səyahətçilər yola düşməzdən 96 saat əvvəl alınmış COVID-19 üzrə mənfi testlər təqdim etməli olacaqlar", - məlumatda deyilir.

Bundan başqa, turistlər hotelə gəldikdən sonra təkrar test verməli olacaqlar. Səfər bir həftədən çox davam edərsə, turistlər COVID-19 üzrə üçüncü dəfə testdən keçəcəklər. Testlərdən biri müsbət olarsa, simptomsuz turistlər hoteldə özünü təcrid edəcək, qalanları isə müalicə üçün xəstəxanalara göndəriləcək.

Şri-Lankaya gələn turistlər xüsusi təyin olunmuş hotellərdə yerli sakinlərdən ayrı qala biləcək. Hazırda ölkədə 55 belə hotel mövcuddur.

Ümumilikdə, ölkə hökuməti səyahətçilərin sərhədləri tərk edə bilməyəcək 14 "turizm zonası" təşkil edib. İlk iki həftə ərzində turistlərin rəsmi şəxslər tərəfindən müşayiət olunması tələb olunur.

Ölkəni ziyarət etmək üçün viza yalnız onlayn qaydada verilir. Aeroporta gəldikdə viza verilməyəcək. Turistlər əvvəlcədən hotel sifariş etməli, nəzərdə tutulmuş testlər üçün ödəniş həyata keçirməli və 12 dollara başa gələcək tibbi sığortanı ödəməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR