Azərbaycan Yaxın Şərqdə turizm potensialının təbliğatını genişləndirir

Azərbaycan Yaxın Şərqdə turizm potensialının təbliğatını genişləndirir
# 11 oktyabr 2019 17:53 (UTC +04:00)

Azərbaycan Turizm Bürosu əsasən Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə tanınmış “Wego” onlayn turizm platforması ilə əməkdaşlığa başlayıb.

APA-Economics”in Dövlət Turizm Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə münasibətini bildirən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycana son illərdə Yaxın Şərqdən gələnlərin sayında ciddi artımın müşahidə olunduğunu qeyd edib. O, bu əməkdaşlığın gələcəkdə Avropa və Asiya sərhədində yerləşən, Şərq və Qərbin unikal vəhdəti olan Azərbaycana daha çox turistin səfər etməsinə səbəb olacağını diqqətə çatdırıb.

F. Zenqstşmid 2018-ci ildə ölkəyə Körfəz ölkələrindən olan 200 mindən çox turistin gəldiyini və bu rəqəmin əvvəlki ilə nisbətdə 30% artım sayıldığını qeyd edib.

“Wego” platformasının Yaxın Şərq və Hindistan üzrə direktoru Mamoun Hmedan əməkdaşlığa münasibətini bildirərək Azərbaycanın Yaxın Şərq və Şimali Afrika üzrə ən yaxşı 3 destinasiyadan biri sayıldığını qeyd edib və 2019-cu ildə ötən ilə nisbətdə Körfəz ölkələri səyahətçiləri tərəfindən Azərbaycan haqda onlayn axtarışların 60% artdığını bildirib.

O, son illər keçirilən beynəlxalq yarışların, istirahət üçün unikal turizm infrastrukturunun, həmçinin qida çeşidlərinin bolluğunun Körfəz ölkələri səyahətçiləri üçün Azərbaycanı cəlbedici ölkəyə çevirdiyini vurğulayıb.

Qeyd edək ki, 52 ölkədə nümayəndəliyi olan, veb-saytı 20 dildə fəaliyyət göstərən, eyni zamanda tətbiqetməsi 16 milyondan çox insan tərəfindən istifadə edilən “Wego” hotel və uçuşlar üzrə fəaliyyət göstərən 700 saytda baş verən prosesləri real vaxtda istifadəçilərinə təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR