Azərbaycanda geoloji parklar yaradılacaq

Azərbaycanda geoloji parklar yaradılacaq
# 28 fevral 2019 08:56 (UTC +04:00)

Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin növləri artırılır.

ONA-nın məlumatına görə, bununla bağlı “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna dəyişiklik martın 5-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən geoloji parkların xüsusi mühafizə olunan təbiət ərazilərinin növləri sırasına daxil edilməsi təklif olunur.

Sənəddə qeyd edilir ki, geoloji parklar xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan obyektlərin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə, yaxud təşkilat statusuna malik olan ərazilərdir. Geoloji parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərdə olan torpaq, sü, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir.

Geoloji parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil ediləcək. Hər bir geoloji park müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Əsasnaməyə uyğun fəaliyyət göstərəcək.

Geoloji parkların əsas vəzifələri aşağıdakılar olacaq:

- geoloji və coğrafi təbiət obyektlərini, nadir və etalon təbiət ərazilərini, geoloji irsi qoruyub saxlamaq;

- turizm və rekreasiya üçün şərait yaratmaq;

- elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirmək;

- təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;

- əhalini maarifləndirmək;

- geoloji monitorinqi həyata keçirmək.

Geoloji parkların ərazilərində onların təbii geoloji və coğrafi xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi mühafizənin ayrı-ayrı elementləri tətbiq olunacaq və aşağıdakı fəaliyyət zonaları üzrə bölgüsü müəyyən ediləcək:

- xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;

- geoturizm və rekreasiya zonaları;

- geomuzeylər və tədris-məşğələ obyektləri zonaları;

-geoparkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.

Sənəddə o da qeyd edilir ki, Azərbaycanda geoloji parkların yaradılması təşəbbüsü ilə UNESKO-nun Qlobal Geoloji Parklar Şəbəkəsi çıxış edib. Qanunun qəbulundan sonra bir sıra geoloji parkların, o cümlədən “Qobustan palçıq vulkanları” geoloji parkının yaradılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR