Bakıda 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi işə başlayıb

Bakıda 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi işə başlayıb
# 04 aprel 2019 10:24 (UTC +04:00)

Bakıda 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi “AITF 2019” işə başlayıb.

Aprelin 6-dək davam edəcək sərgi müxtəlif ölkələrin turizm bazarları, milli və regional turizm təşkilatları, eləcə də dövlət strukturlarının nümayəndələrini bir araya gətirib.

ONA-nın məlumatına görə, “Bütün dünya. Bir sərgi” şüar altında keçirilən “AITF 2019” sərgisində dünyanın 17 ölkəsindən 189 şirkət və təşkilat iştirak edir. Belarus, Bolqarıstan, Çex Respublikası, Çin, Dominikan Respublikası, Gürcüstan, İtaliya, Mərakeş, Tailand və Türkiyənin milli qrupları öz ölkələrinin milli turizm büroları və səfirlikləri tərəfindən göstərilən dəstək sayəsində sərgidə iştirak edir. Roqaşka Stalina (Sloveniya), Stavropol regionu (Rusiya), Odessa, Truskavets və Lvovun kollektiv stendi (Ukrayna), İzmir (Türkiyə) regionları sərgidə regional stendlə çıxış edirlər. İranın Maku Azad Ticarət zonası isə sərgidə regional stendlə debüt edir. Milli və regional stendlərdə kurort və sanatoriyalar, turizm şirkətləri və mehmanxana şəbəkələrinin nümayəndələri çalışacaqlar.

Bu il tədbirdə debüt edən Azərbaycan Turizm Bürosu Azərbaycanın yenilənmiş turizm brendini öz stendində təqdim edir. Azərbaycanının turizm şirkətlərini, eləcə də otel və sanatoriyalarını öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyası isə həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təkliflər silsiləsini təqdim edir.

“AITF 2019” sərgisinin iştirakçıları üç gün ərzində öz təklifləri ilə yay və qış turizm mövsümlərini əhatə etməklə, turizm xidmətlərinin bütün spektrini nümayiş etdirəcəklər.

Sərginin keçirildiyi günlər ərzində müxtəlif görüşlər, seminarlar və təqdimatlar təşkil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR