Bakıda "Küçə sənətçiləri" layihəsi təqdim edilib

Bakıda "Küçə sənətçiləri" layihəsi təqdim edilib
# 26 iyul 2019 11:34 (UTC +04:00)

İyulun 26-da Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm İnformasiya Mərkəzinin "Küçə sənətçiləri" adlı layihəsinin təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov bildirib ki, bu gün Azərbaycana səfər edən turistlər arasında bölgülər var. Onların hər biri özünəməxsus istirahəti sevir: "Statistikaya əsasən, müsbət istiqamətdə irəliləyirik. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə bu il turistlərin sayı 6,5 faiz artıb. Qarşımızda iyul, avqust ayları var. Bu aylar daha çox turist mövsümüdür. Turist axını davam edəcək".

Tədbirdə müxtəlif ölkələrdən olan yaradıcı insanlara aid video-çarxlar nümayiş olunub.

R. Bağırov bildirib ki, istedadı olan hər kəs layihəyə müraciət edə bilər. Direktorun sözlərinə görə, hələ ki, kvota müəyyən olunmayıb. Amma gələcəkdə limit qoyul bilər. O əlavə edib ki, bununla bağlı rüsum tutulmayacaq: "Gənclərin qazandığı bəxşişlər özlərinə qalacaq".

Layihə çərçivəsində seçim mərhələsini uğurla adlayan sənətçilərə Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində çıxış etmələri üçün rəylər veriləcək.

Qeyd edək ki, "Küçə sənətçiləri" layihəsinin məqsədi bu cür tədbirlərə xüsusi maraq göstərən turistlərin cəlb olunmasıdır. Qonşu ölkələrdə də tətbiq edilən əyləncəli küçə şouları müsbət nəticələr verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR