Moskvada İtaliya şirkətləri üçün Azərbaycanın iqtisadi imkanlarının təqdimatına həsr olunmuş forum keçirilib

Moskvada İtaliya şirkətləri üçün Azərbaycanın iqtisadi imkanlarının təqdimatına həsr olunmuş forum keçirilib
# 05 noyabr 2019 21:57 (UTC +04:00)

Moskvada İtaliyanın Rusiya Federasiyasındakı Səfirliyinin dəstəyi ilə İtaliya şirkətləri üçün nəzərdə tutulan Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanın iqtisadi imkanlarının təqdimatına həsr olunmuş forum keçirilib.

Azərbaycanın Rusiyadakı Səfirliyindən APA-nın Moskva bürosuna verilən məlumata görə, forumda 200-dən çox italiyalı şirkət iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu çıxış edib. Çıxışda xüsusi olaraq Rusiya və İtaliyanın Azərbaycan üçün mühüm iqtisadi tərəfdaş ölkələr olduqları qeyd edilib.

İtaliya ilə ikitərəfli əlaqələrə gəldikdə, bu ölkənin iş adamlarına məlumat verilib ki, son 20 il ərzində iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi İtaliyanı Azərbaycanın əsas ticarət tərəfdaşı olmasına şərait yaradıb.

Əməkdaşlığın əsasən enerji sahəsində inkişaf etdiyi iştirakçıların diqqətinə çatdırılaraq, meyvə, tərəvəz, digər ərzaq məhsullarının birgə istehsalı və ticarəti üzrə də yeni layihələrin həyata keçirilməsi təklif edilib.

Eyni zamanda, turizmin inkişafının Azərbaycan üçün xüsusi önəm daşıdığını nəzərə alaraq, bu sahədə yeni biznes layihələrinin prioritet olduğu iş adamlarının diqqətinə çatdırılıb.

Azərbaycan Hava Yolları tərəfindən Bakı-Milan arasında birbaşa avia uçuşların həyata keçirildiyi vurğulanaraq, İtaliya şirkətləri tərəfindən də Bakı və Roma arasında birbaşa uçuşlara başlanması təklif edilib.
Səfir Polad Bülbüloğlu biznes imkanlarının daha dərindən öyrənilməsi, habelə istirahət və gəzinti üçün İtaliya iş adamlarını Azərbaycana dəvət edib.

Tədbirdə eyni zamanda İtaliyanın Rusiya Federasiyasındakı Səfiri Paskualle Tarraççano, Qazaxıstanın xüsusi tapşırıqlar üzrə Səfiri Oljas İsabekov və Özbəkistanın Rusiyadakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Şoxrux Qulamov çıxış ediblər.

Çıxışlardan sonra keçirilmiş panel müzakirələrin Azərbaycan üzrə hissəsində ölkəmizdə fəaliyyət göstərən İtaliya şirkətlərinin nümayəndələri həmkarlarına təcrübələri haqqında söhbət açaraq, Azərbaycanda biznes üçün cəlbedici mühitin yaradıldığını vurğulayıblar.

Panel diskussiyalarda əsasən enerji və konsaltinq sahəsində ixtisaslaşan şirkətlər iştirak ediblər. Bununla yanaşı, Azərbaycan diskussiyada xüsusi diqqəti cəlb edən İtaliyanın şərabçılıq və dequstasiya sahəsində ixtisaslaşan tanınmış “Di Vine Consultinq” şirkətinin rəhbəri Andrea Ulivanın çıxışı olub. Belə ki, son on il ərzində Azərbaycanda şərabçılığın inkişafı sahəsində fəaliyyət göstərdiyini, Azərbaycanı ikinci vətəni hesab etdiyini bildirən ekspert, şərabçılıq sahəsində ölkədə son illərdə inanılmaz inkişafın baş verdiyini diqqətə çatdırıb.

İtaliyalı iş adamlarını bu sahədə yeni biznes layihələrə dəvət edən Uliva, Azərbaycanın ləziz şərablar istehsal etdiyini bildirib . Xüsusi vurğulanıb ki, şərabçılığın inkişafına diqqət verən ölkə rəhbərliyi tez-tez üzüm plantasiyalarına baş çəkir və dinamikanı yerində izləməyə maraq göstərir.

İtaliya səfirliyinin dəstəyi ilə keçirilmiş forum nüfuzlu xarici investorların Azərbaycana marağını bir daha təsdiqləyib. Eyni zamanda seçilmiş format ölkəyə yeni texnologiyalar və sərmayələrin cəlb edilməsi baxımından effektivliyini göstərib. Səfirlik tərəfindən Rusiyada fəaliyyət göstərən xarici iş adamlarının Azərbaycana cəlb edilməsi istiqamətində iş davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR