Bakıda Novruz festivalı keçirilir

Bakıda Novruz festivalı keçirilir
  • Clock-gray 10:15
  • calendar-gray 19 Mart 2019

Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi, Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə bu ilki Novruz şənlikləri festival formatında təşkil olunub.

Agentlikdən ONA-ya verilən məlumata görə, festival “Sahil bağı”nda martın 19-dan 24-dək davam edəcək.

Tədbirlərin keçiriləcəyi ərazi Novruz elementləri və 4 çərşənbəyə müvafiq təbiət rəmzlərinə uyğun dekorasiya ediləcək, tematik olaraq bir neçə hissəyə bölünəcək. Həmçinin ərazidə istirahət, satış, səhnə və əyləncə üçün xüsusi sahələr ayrılacaq.

Hər gün saat 11-dən 21:00-dək, xüsusi bayram proqramının təşkil olunacağı 19, 20 və 21 martı əhatə edəcək bayram günlərində isə 23:00-dək davam edəcək şənliklər ərzində dulusçu, xalçaçı, papaqçı, xarrat, kuklaçı, zərgər kimi sənərkarların əl işləri nümayiş etdiriləcək, master-klasslar göstəriləcək, həmçinin həmin məhsulların satışı üçün yarmarka təşkil olunacaq.

Festival boyunca məşhur kulinarlar tərəfindən milli mətbəx nümunələri hazırlanacaq, animatorlar çıxış edəcək, əyləncəli və musiqili proqram qonaqlara təqdim olunacaq.

Festivalda UEFA-nın Avropa liqasının finalının brend zonası yaradılacaq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən futbol meydançası qurulacaq və idmançılarla imza günləri təşkil ediləcək.

İlk dəfə olaraq bayram günlərində Novruz personajları – Bahar qız, Kosa, Keçəl, eləcə də bayramın özü və çərşənbələrin personalizasiyası ilə yeni konsepsiyada musiqili teatr tamaşası (muzikal) nümayiş etdiriləcək. Musiqili teatr 3 gün boyunca axşam saat 8-dən etibarən festival ziyarətçilərinə təqdim olunacaq.

Qeyd olunan tədbirlər qədim adət-ənənələri özündə ehtiva edən Novruz bayramına yeni müasir baxışı yeni turizm brendi “bir daha bax” konsepsiyasına uyğun olaraq əks etdirəcək.

Digər xəbərlər

Arxiv

date