Dövlət Agentliyi: Son vaxtlar sadə vətəndaşların turistləri aldatmağa çalışması hallarına rast gəlinir

Dövlət Agentliyi: Son vaxtlar sadə vətəndaşların turistləri aldatmağa çalışması hallarına rast gəlinir
# 30 iyul 2018 14:55 (UTC +04:00)

“Bütün vətəndaşlar çalışmalıdırlar ki, ölkəyə gələn turistlər buradan ancaq xoş təəssüratla ayrılsınlar”.

Bunu APA-ya Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyib. O bildirib ki, turizm sahəsinin inkişafı ilə bağlı ölkəyə gələn turistlərin sayının günbəgün artması faktının istər bütövlükdə ölkə iqtisadiyyatı üçün, istərsə də sadə vətəndaşlar üçün müsbət təsirləri danılmazdır:

“Bununla belə turizm təkcə iqtisadiyyatın bir qolu deyil, eyni zamanda millətlər və mədəniyyətlərarası maneəsiz ünsiyyətdir. Bu ünsiyyətin nəticəsi olaraq, xarici ölkələrdən gələn turistlərdə ölkəmiz və əhalisi haqqında fikirlər formalaşır. Məhz bu fikirlərdən asılı olaraq növbəti illərdə ölkəmizə gəlməyi planlaşdıran turistlərdə Azərbaycan haqqında təsəvvürlər yaranır. Ancaq təəssüf ki, son vaxtlar həm regionlarda, həm də Bakının mərkəzində bəzi sadə vətəndaşların turistləri aldatmağa çalışması, hər hansı xidmətin qarşılığında müvafiq qiymətdən daha çox pul istəməsi, hətta bəzən turistə lazım olmayan xidmətlər üçün də pul tələb etməsi kimi hallara rast gəlinir. Vurğulayım ki, bunu hansısa dövlət qurumunun əməkdaşları yox, məhz bəzi fürsətçil vətəndaşlar edir”.

K. Quluzadə əlavə edib ki, bu cür xoşagəlməz halların qarşısını almaq üçün digər dövlət qurumları və tərəfdaş şirkətlərlə birlikdə əhali arasında maarifləndirmə kampaniyasına başlamaq, sosial şəbəkələrdə və mediada xüsusi hazırlanmış məlumat və maarifləndirmə xarakterli materiallar yaymaq planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR