Nazir: "Naftalan neftinin beynəlxalq sertifikatlaşdırmadan keçməsi istiqamətində tədbirlər görülür"

Nazir: "Naftalan neftinin beynəlxalq sertifikatlaşdırmadan keçməsi istiqamətində tədbirlər görülür"
# 15 mart 2018 12:54 (UTC +04:00)

Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsinə həsr olunmuş iclas keçirilib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Turizm Şurasının Sağlamlıq turizmi üzrə İşçi qrupunun üzvləri, ölkənin sağlamlıq turizmi sektorunun nümayəndələri iştirak edib.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov şəhərin turizm potensialı haqqında məlumat verib. Bildirib ki, hazırda Naftalanda üçü 5 ulduzlu olmaqla 10 sanatoriya fəaliyyət göstərir. 2017-ci ildə şəhərə 36 minə yaxın turist gəlib ki, onlarında 7 mindən çoxu dünyanın 62 ölkəsinin vətəndaşı olub.

Tədbirdə geniş məruzə ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər ölkəmizdə turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışıb. Nazir deyib ki, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektoru sahəsində əsas yerlərdən birini tutan turizm sənayesi daima Prezident İlham Əliyevin diqqət mərkəzindədir.

Əbülfəs Qarayev ölkəmizdə digər turizm növləri kimi, sağlamlıq turizminin də böyük potensialının olduğunu bildirərək qeyd edib ki, bu turizm növünün inkişafı etdirilməsinə Strateji Yol Xəritəsində də xüsusi yer ayrılıb: "Hazırda ölkəmizdə sağlamlıq turizmi yeni inkişaf dövrünü yaşayır. Naftalanda, Qalaaltıda, Qəbələdə, Naxçıvanda və Lənkəranda yeni infrastruktur yaradılıb. Bu istiqamətdə fəaliyyət, eyni zamanda Xızı-Xaçmaz, Quba və Qusar rayonları ərazisində turizm rekreasiya zonalarının yaradılması istiqamətində işlər davam etdirilir".

Qalaaltı, Naftalan və Duzdağda yenidənqurma işlərindən işlərdən danışan nazir əlavə edib ki, Naftalan neftinin beynəlxalq sertifikatlaşdırmadan keçməsi prosesinin sürətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Eləcə də Qalaaltı və Duzdağ üzrə müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində işlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR