“Kaliforniyada uzun müddət Azərbaycanla bağlı ermənipərəst məlumat üstünlük təşkil edib”

“Kaliforniyada uzun müddət Azərbaycanla bağlı ermənipərəst məlumat üstünlük təşkil edib”
# 19 fevral 2007 11:33 (UTC +04:00)
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanovun APA-nın ABŞ bürosuna eksklüziv müsahibəsi

- ABŞ-ın Kaliforniya ştatı fəaliyyət baxımından azərbaycanlı diplomatlar üçün mürəkkəb ərazilərdən sayılır. Burada Azərbaycan Konsulluğu yaradılanda diplomatik missiyanızın qarşısında duran əsas vəzifələr hansılar idi?
- Bakı ilə Los-Anceles arasında 12 saatlıq zaman fərqi var. Bizim diplomatik məntəqəmiz Azərbaycandan ən uzaq məsafədə olan missiyadır. Bu reallıq təbii olaraq, bizim işimizə müəyyən çətinliklər əlavə edir. Azərbaycan hələ də Amerikanın Qərb bölgəsində az tanınır və doğrudan da burada görülməli hələ çox iş var. Baş Konsulluğumuz 2006-cı il may ayının sonunda fəaliyyətə başlayıb. Əsas məqsədlərimiz Azərbaycanın və onun nailiyyətlərinin təbliği, amerikalılarla azərbaycanlılar arasında əlaqələrin dərinləşməsi və möhkəmlənməsinə yardım etmək, Baş Konsulluğun ərazisində olan həmvətənlilərimizlə işləməkdən ibarətdir. Bildiyiniz kimi, bizim Konsulluq tək Kaliforniya deyil, ölkənin Qərb bölgəsində yerləşən 13 ştata da cavabdehdir. Kaliforniya çox böyük erməni icmasının olduğu ştat, Los-Anceles isə Ermənistandan kənarda ən çox erməninin yaşadığı şəhərdir. Buna görə Kaliforniyada uzun müddət Azərbaycanla bağlı ermənipərəst məlumat üstünlük təşkil edib. Bizim əsas məqsədlərimizdən biri də yerli sakinlərə Azərbaycan, ölkəmizin əldə etdiyi nailiyyətlər barədə həqiqətləri və erməni işğalı haqqında məlumatlar çatdırmaqdır.
- Baş Konsulluğumuzun yaradılmasından sonra Azərbaycanın yerli siyasi və iqtisadi elita tərəfindən tanınmasında nə dəyişib?
- Kaliforniyada çox böyük dəyişikliklərdən danışmaq hələ tezdir. Bilirsiniz, ümumiyyətlə, burada Azərbaycana münasibət müsbət olub və bu, çox təbidir. Azərbaycan sürətlə artan iqtisadiyyata malik, ABŞ-ın etibarlı dostu və dini tolerantlıq, çoxmillətçiliyin gözəl nümunəsi olan ölkədir. Bütün bunlar amerikalılar tərəfindən alqışlanır və kaliforniyalılar da bu baxımdan istisna deyillər. Kaliforniyada Azərbaycan iqtisadiyyatı və mədəniyyətinə maraq artmaqdadır. Ümumiyyətlə, prezident İlham Əliyevin ötən ilin aprelində Vaşinqtona uğurlu səfəri ABŞ-la Azərbaycan arasında münasibətlərə əsas təkan verən amil oldu və bu, birmənalı olaraq ölkənin Qərb bölgəsində Azərbaycanın nüfuzunun artmasına xidmət etdi. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun ötən xüsusi iqtisadi zona olan Silikon Dərəsinə səfəri də yeni texnologiyaların inkişafı perspektivi baxımından ölkəmizə marağı artırıb. Biz insanlarla görüşlərimizi davam etdirərək, Azərbaycan haqqında məlumat veririk. Nə qədər çox insan ölkəmiz haqqında, onun perspektivləri haqqında öyrənirsə, biz bir o qədər çox dost əldə edirik.
- Məlumatlara görə, separatçı Dağlıq Qarabağ rejiminin nümayəndələri vaxtaşırı Kaliforniyaya səfərlər edirlər. Sonuncu dəfə onlar 2006-cı ilin sonunda Los-Ancelesə gəlmişdilər. Onlar yenə də yerli ictimaiyyəti “Azadlıq hərakatı” və “öz müqəddəratını həll etmək hüququ” kimi yalanlarla çaşdırmağa müvəffəq olurlarmı?
- İlk olaraq bildirim ki, separatçı liderlər ABŞ-a fərdi vətəndaşlar kimi səfər edirlər. Onların əsas məqsədi erməni diasporundan maliyyə yardımı almaqdır. Ötən il bizim Konsulluq onların səfərini təşkil edən təşkilata məktub göndərmişdi və səhv etmirəmsə, bəzi yerli azərbaycanlılar onların toplantılarında iştirakda etmişdilər. Separatçılar öz təbliğatlarını davam etdirə bilərlər, lakin həqiqəti gizlətmək mümkün deyil və regionda baş verənlərdən insanlar xəbər tuturlar. Düşünürəm ki, hətta erməni diasporu da radikallıq və nəticəsi olmayan yanaşmalardan yorulur. Ermənistanda və hazırda işğal olunmuş ərazilərdə yaşayan ermənilər rifahın və övladları üçün təhlükəsiz gələcəyin təmin olunmasında maraqlıdırlarsa, Azərbaycanla razılığın əldə olunmasında niyyətləri olduqlarını göstərməlidirlər. Əks halda, uzun müddət öz diasporlarının üzvlərini aldatmaları da mümkün olmayacaq.
- Necə fikirləşirsiniz, Kaliforniyada bizimlə əməkdaşlıq etmək istəyən fərqli diaspor təşkilatları və milli azlıqlar yerli icra və qanunvericilik orqanlarında ayrı-ayrı məsələlərə dair siyasi məqsədlərinə çatmaqda Azərbaycana yardım edə bilərmi?
- Azərbaycan bütün dostları ilə işləməyə hazırdır. Kaliforniyada Azərbaycana marağı olan bütün şəxslərlə işləməkdən məmnunuq. Bu, yalnız siyasətlə bağlı deyil. Azərbaycanlılar digər millətlərlə mədəni dəyərləri bölüşür və bu da, öz növbəsində, insanları bir araya gətirir. Türk və yəhudi icmaları ənənəvi olaraq Azərbaycana dost mövqedədirlər və onların rolu bizim mürəkkəb regionda alqışlanır. Lakin Azərbaycan universal ölkə olduğuna görə, digər qrupların da bizim haqqımızda daha çox biliklər əldə etmək arzularına təəccüblənməməliyik. Mən, həmçinin, inanıram ki, erməni diasporu radikallığı alovlandırmaq əvəzinə, qonşuları ilə ümumi anlaşma tapılmasında Ermənistana yardımçı ola bilər. Erməni diasporu bunu etməklə, əlaqələrin yaranmasına maneçilik tərədən qüvvə yerinə, bütün regionun gələcək inkişafına müsbət təsir göstərən amilə çevrilə bilər.
- Kaliforniyada üç Azərbaycan cəmiyyəti fəaliyyət göstərir ki, bu da ölkənin istənilən digər ştatlarındakı cəmiyyətlərimizdən çoxdur. Həmin cəmiyyətlərin mədəniyyətimizin təbliği ilə bağlı apardığı iş Sizi qane edirmi? Onları siyasi səhnədə daha aktiv görmək istərdinizmi?
- Azərbaycan cəmiyyətlərinin Kaliforniyada aktivliyi artmaqdadır. Bu, müsbət haldır. Ötən ilin oktyabrında Los-Anceles şəhərində birinci Azərbaycan-Amerika Gənclər Forumu keçirildi. Yeni Azərbaycan-Amerika Şurası adlı qrup mövcud olan digər cəmiyyətlərə qatıldı. Amerika azərbaycanlılarının Azərbaycan üçün edə biləcəkləri ən yaxşı addım yaşadıqları cəmiyyətlərində daha aktiv olmaqla, vətəndaş təşəbbüslərinə qatılmaqla, yerli siyasi proseslərdə iştirak etməklə aktiv, səmimi Amerika vətəndaşı olmaqdır. Hesab edirəm ki, hətta azərbaycanlıların Amerika cəmiyyətlərinin artan aktivliyinə və bütün Kaliforniya Azərbaycanlıları qruplarının keçirdikləri mədəni və sosial tədbirlərin sayına baxmayaraq, hələ Azərbaycan-Amerika cəmiyyətinin inanılmaz potensialını tam reallaşdırmaq uçun uzun yol getmək lazım olacaq.
- 2007-ci il yanvarın 30-da dörd konqresmen “Erməni genosidi haqqında” qanun layihəsini Konqresə təqdim edib. Bu addım artıq Ankarada müəyyən gərginlik yaradıb. Biz ən yaxın müttəfiqlərimiz olan türklərə bu qanun layihəsinin qəbul olunmaması üçün necə kömək edə bilərik?
- Təəssüflər olsun ki, bu məsələ qərəzsiz və tam əhatəli tarixi araşdırma aparmaq niyyətindən daha çox, siyasi motivlərdən qaynaqlanır. Bizim məqsədimiz təkcə nəyinsə qəbul edilməsinə mane olmaq deyil, həmçinin, həqiqətin çatdırılmasına çalışmaqdır. Həqiqət isə ondan ibarətdir ki, ermənilər 100 il əvvəl sübut olunmayan “soyqırımı” iddiaları ilə çıxış etdikləri bir vaxt, erməni radikalları Azərbaycanın işğal olunmuş torpaqlarında dəhşətli vəhşiliklər törədiblər. Misal kimi 15 il əvvəl Xocalı şəhərində törədilən qətliamı qeyd etmək olar. Biz keçmişdə baş vermiş təlatümlərlə narahat olan hər bir şəxsə göstərməliyik ki, Xocalı kifayət qədər yaxın keçmişdə baş verib və bu hadisəni sübut edən faktlar da, canlı şahidlər də yetərincədir. Niyə tarixi öz maraqları çərçivəsində görən bəzi insanlar, hər gün əzab çəkən bir milyon Azərbaycanlı qaçqının taleyinə bu qədər biganədir? Bu, səmimi insanları düşünməyə vadar etməlidir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR