Azərbaycan Diplomatik Akademiyası ABŞ-ın Corctaun Universiteti ilə birgə “Diplomatik Təlim Proqramı”nın həyata keçirilməsinə başlayıb

Azərbaycan Diplomatik Akademiyası ABŞ-ın Corctaun Universiteti ilə birgə “Diplomatik Təlim Proqramı”nın həyata keçirilməsinə başlayıb
# 05 mart 2007 09:47 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) martın 5-dən 9-dək ABŞ-ın Corctaun Universiteti ilə birgə Xarici İşlər Nazirliyinin 30 nəfər əməkdaşı üçün “Diplomatik Təlim Proqramı”nın həyata keçirilməsinə başlayıb. ADA-dan APA-ya verilən məlumata görə, təlim proqramını aparmaq üçün Corctaun Universitetinin professorları Uilyam Hil, Ceyms Sivers və Riçard Şmiyarer Azərbaycana gəliblər. Təlimin keçiriləcəyi beş gün ərzində iştirakçılara səfirliyin fəaliyyəti, rəsmi qonaqların qəbulu, hesabat və təhlillərin hazırlanması, mətbuat və informasiya məsələləri, ictimai əlaqələr, mədəniyyət və təhsil məsələləri, konsul idarələrinin fəaliyyəti, çoxtərəfli diplomatiya və ikitərəfli əlaqələrin qurulması ilə bağlı əhəmiyyətli məlumatlar veriləcək. Ölkəmizdə akkreditasiya olunmuş müxtəlif səfirliklərdən və dövlət qurumlarından dəvət olunmuş qonaqlar isə öz mülahizə və təcrübələrini bölüşəcəklər. Təlim ADA-nın 2007-ci il İxtisasartırma Proqramı çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi gənc diplomatlara gələcək işlərində lazımi bilikləri qazanmaqda yardım etməkdir. İxtisasartırma Proqramı ərzində xarici ölkələrin digər tanınmış universitetləri ilə birgə müxtəlif mövzulu təlimlərin keçirilməsi nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR