Aİ: İyulda Brüsseldə növbəti üçtərəfli görüşdə daha da irəliləyiş əldə olunmalıdır

Aİ: İyulda Brüsseldə növbəti üçtərəfli görüşdə daha da irəliləyiş əldə olunmalıdır
# 07 iyun 2023 12:36 (UTC +04:00)

Mayın 14-də Avropa İttifaqının rəhbərlik etdiyi sülh danışıqlarına Azərbaycan və Ermənistanın yenidən cəlb olunmasını səmimiyyətlə alqışlayırıq.

APA xəbər verir ki, bu barədə Aİ-nin ATƏT-dəki Nümayəndəliyinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ötən gün ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışına dair bəyanatında bildirilib.

“İyunun 1-də Kişinyovda Fransa və Almaniya liderlərinin də iştirakı ilə keçirilən görüş onların prosesə sadiqliyini bir daha nümayiş etdirdi. Biz danışıqların Azərbaycanla Ermənistan arasında ədalətli və hərtərəfli sülhə nail olmaq üçün yeganə yol olduğunu bir daha vurğulayırıq. Nəticə etibarı ilə, dialoqda davamlılıq və konkret nəticələr proses üçün həlledici əhəmiyyət kəsb edir. Biz Bakının 21 iyulda Aİ-nin vasitəçiliyi ilə keçiriləcək növbəti iclasında iştirakını təqdir edirik. Burada daha da irəliləyiş əldə olunmalıdır”, - qeyd olunub.

Bəyanatda, Azərbaycana Qarabağdakı erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini qoruyan müsbət gündəm hazırlamaq istiqamətində çağırış edilib:

“Eyni zamanda, biz bütün tərəfləri düşmənçilik ritorikasından çəkinməyə və bunun əvəzinə etimad yaradan və sülh danışıqları üçün əlverişli mühit yaradan narrativi təbliğ etməyə çağırırıq. Xüsusilə saxlanılanların azad edilməsi ilə bağlı əlavə etimad yaradıcı tədbirlər də həyata keçirilməlidir”.

O da vurğulanıb ki, Aİ minatəmizləmə fəaliyyətlərinə dəstək təklif etməyə davam edəcək: “Biz minalanmış ərazilərin müəyyən edilməsi üçün tərəflər arasında əməkdaşlığın vacibliyini vurğulayırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR