Aİ Kişinyov görüşü öncəsi Azərbaycan-Ermənistan normallaşma prosesinin intensivləşməsini alqışlayır

Aİ Kişinyov görüşü öncəsi Azərbaycan-Ermənistan normallaşma prosesinin intensivləşməsini alqışlayır
# 30 may 2023 14:02 (UTC +04:00)

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi son bir ayda intensivləşib və Avropa İttifaqı bunu alqışlayır. Aİ hesab edir ki, bu tarixi anı (sürəti) saxlamaq və sülh prosesini riskə atacaq addımlardan, o cümlədən düşmənçilik ritorikasından çəkinmək vacibdir”.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqı Ali Nümayəndəsinin sözçüsü Peter Stanonun Kişinyov görüşü öncəsi verdiyi bəyanatında bildirilir. Bəyanatda tərəflərin Almatı Bəyannaməsinə sadiqliyi alqışlanır.

“Mayın əvvəlində ABŞ-da sülh müqaviləsi üzrə aparılan danışıqlardan sonra, iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda keçirilməsi planlaşdırılan növbəti görüşdən əvvəl, mayın 14-də Brüsseldə liderlərin görüşü baş tutdu. Ermənistan və Azərbaycan liderləri Moskvada da görüşüblər.

Brüsseldə onlar sərhəd məsələləri, əlaqələnmə, humanitar məsələlər və keçmiş Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi kimi bir neçə əsas mövzuya diqqət yetiriblər.

O vaxtdan bəri liderlər 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29,800 kv. kilometr) və Azərbaycanın (86,600 kv. kilometr) müvafiq ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını açıq şəkildə təsdiqləyiblər

Biz Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 22-də bununla bağlı cəsarətli bəyanatını və Ermənistanın ikitərəfli sərhədin delimitasiyası üzərində işləməyə açıq şəkildə hazır olduğunu alqışlayırıq. Biz Azərbaycan Prezidenti İlham Əliyevin mayın 25-də verdiyi bəyanatını da alqışlayırıq.

Bu həssas məsələlər üzərində iş davam etdikcə, hərtərəfli normallaşma ilə bağlı bütün məsələlərdə həll yollarına nail olmaq üçün inam yaratmaq, yaxşı niyyətlə işləmək və liderlik nümayiş etdirmək üçün addımlar atmaq vacibdir.

Çətin münaqişə tarixinə və keçmişə baxmayaraq, bütün məsələlər yalnız sülh yolu ilə, dialoq yolu ilə həll edilməlidir. Aİ bu cəhddə tərəfləri dəstəkləməyə sadiqdir”, bəyanatda deyilir.

Xatırladaq ki, Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR