Aİ səfiri: “Şarl Mişel regionda sülhün bərpası üçün cəhd göstərir”

Aİ səfiri: “Şarl Mişel regionda sülhün bərpası üçün cəhd göstərir”
# 04 may 2022 15:34 (UTC +04:00)

Biz Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında əməkdaşlığın intensivləşdiyini və dərinləşdiyini görürük.

APA xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib.

O, Aİ Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyinin, Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfərini xatırladıb.

“Bizim əməkdaşlığımızın müəyyən sahələrində tərəqqi müşahidə olunur. Aİ və Azərbaycan arasında sazişlə bağlı danışıqlar gedir. Aİ-nin Azərbaycanla bağlı İqtisadi və İnvestisiya Planı təqdim olunub. Bu Plan çərçivəsində Azərbaycan üçün 2 milyard avro vəsait ayrılıb. Qeyd edim ki, ticari-iqtisadi və enerji sahələrində əməkdaşlığımız genişlənir.

Ticarət və iqtisadiyyat sahəsində Aİ Azərbaycanın əsas tərəfdaşıdır, Azərbaycan eksportunun 51 faizi Avropa bazarına gedir”, - diplomat vurğulayıb.

Mixalko enerji sahəsində əməkdaşlıq barədə də danışıb. O deyib ki, Cənub Qaz Dəhlizinin Nazirlər Şurasının iclasında Avropa Komissiyasının iki komissarı iştirak edib ki, bu, Aİ-nin Azərbaycana diqqətinin nümunəsidir: “Cənub Qaz Dəhlizi birgə ərsəyə gətirdiyimiz uğurlu bir layihədir və bu istiqamətdə əməkdaşlıq daha da genişlənməlidir. Aİ bunda maraqlıdır”.

Səfir diqqətə çatdırıb ki, Aİ Şurasının Prezidenti Şarl Mişel regionda sülhün bərpası üçün cəhdlər göstərir: “Biz istəyirik ki, regionda sülh, sabitlik bərpa olunsun. Aİ azad olunmuş ərazilərdə minalardan təmizlənməyə maliyyə dəstəyi verir. Bu, UNDP vasitəsilə həyata keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR