Aİ səfirləri Lənkəranda səfərdədir - FOTO

Aİ səfirləri Lənkəranda səfərdədir - FOTO
# 09 iyun 2023 11:27 (UTC +04:00)

Avropa İttifaqı ölkələrinin səfirləri Lənkəranda səfərdədir.

APA xəbər verir ki, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko və Aİ səfirləri Lənkəran icra hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüblər.

Lənkəran icra hakimiyyətinin başçısı Aİ səfirlərinə səfər üçün təşəkkür edib. O bildirib ki, Lənkəranda baş tutacaq "Avropa şəhərciyi" tədbiri ilə şəhər sakinləri Avropanı kəşf edəcəklər.

Taleh Qaraşov bildirib ki, "Avropa şəhərciyi" tədbiri Aİ və Azərbaycan arasında münasibətlərin inkişafının məntiqi nəticəsidir. "Bu tədbir sakinlərimizə Aİ-ni, üzv ölkələri, bu ölkələrin mədəniyyətlərini və dəyərlərini tanımağa öyrənməyə imkan verir. Bu tədbir möhtəşəm bir təcrübədir və artıq ənənəyə çevrilib".

Lənkəran icra başçısı şəhər haqqında onun turizm potensialı barədə diplomatları məlumatlandırıb. O bildirib ki, 2024-cü il üçün Lənkəran Gənclər Paytaxtı elan olunub və bu çərçivədə şəhərdə müvafiq silsilə tədbirlər keçiriləcək.

Aİ səfiri Peter Mixalko deyib ki, Lənkərana səfərindən məmnundur.

"Biz həmkarlarımızla birlikdə burada Azərbaycanın ən böyük ticarət tərəfdaşını təmsil edirik.

Bizim Azərbaycanla iqtisadi əməkdaşlığımız inkişaf edir. Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, ticari əməkdaşlıqda 52 faizdən çox hissə Aİ-nin payına düşür. Birbaşa xarici investisiyalar baxımından da Aİ Azərbaycanın ən öndə gələn tərəfdaşıdır. Bu uğurlu əməkdaşlıqdan danışarkən qeyd etməliyik ki, bu, xalqların, sadə vətəndaşların bəhrə götürməsi üçün nəzərdə tutulub. Biz Azərbaycan hökumətini və cəmiyyətini bütün sahələrdə, iqtisadi böyümədə dəstəkləməyə, öz töhfəmizi verməyə hazırıq".

Səfir qeyd edib ki, bunun üçüm müxtəlif mexanizmlər var. O əlavə edib ki, regionun inkişafı və buradakı icmalar üçün Aİ müxtəlif layihələr həyata keçirir, öz təcrübəsini bu regiona gətirir.

Peter Mixalko qeyd edib ki, Aİ və Azərbaycan arasında təhsil sahəsində uğurlu əməkdaşlıq var. "Biz ötən il Avropada təhsil alan tələbələrin sayında, Avropa universitetlərində mübadilə proqramlarında iştirak edən müəllim və professorların sayında rekord rəqəmləri qeydə almışıq.

"Bizim Lənkərana səfərimizin səbəbi sabah keçiriləcək "Avropa şəhərciyi" tədbiri ilə bağlıdır. İlk tədbirimiz Lənkəranda 2017-ci ildə baş tutdu və biz yenidən bu tədbiri burada təşkil etdik, Aİ-nin ruhunu, mədəniyyətini bura gətirdik ki, Lənkəran əhalisinə bunu göstərək, xalqlarımız arasında əlaqələri daha da gücləndirək. Aİ ölkələrinin Azərbaycanla ikitərəfli layihələri var ki, sabah bu layihələr də təqdim olunacaq, Lənkəran sakinləri bu layihələr barədə daha ətraflı məlumat alacaq".

Qeyd edək ki, Belçika, Litva, Rumıniya, Latviya, Niderland, Almaniya, İsveç, Polşa, Estoniya, Çexiya, Bolqarıstan səfirləri Aİ-nin Nümayəndəliyinin rəhbəri ilə birgə Lənkərana gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR