Almaniya səfiri: “Cənubi Qafqaz iqtisadi tərəqqi əldə edən kimi, böyük qonşulardan siyasi asılılıq azala bilər” - MÜSAHİBƏ

Volfqanq Maniq

© APA | Volfqanq Maniq

# 10 iyun 2022 16:36 (UTC +04:00)

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqin APA-ya müsahibəsi

- Cənab Maniq, artıq üç ildir ki, siz Almaniyanın diplomatik nümayəndəliyinin rəhbəri kimi Bakıdasınız. Bu illər ərzində iki ölkə arasında münasibətlərdə müəyyən gərginliklər olub. Ölkələr arasında mövcud münasibətlərin hazırkı vəziyyəti haqqında soruşmaq istərdim. Hazırkı vəziyyətdən razısınız?

- Çox yaxşı sualdır. Deməzdim ki, vəziyyət mürəkkəbdir. Ola bilsin vəziyyət bəzən mürəkkəb görünsün. Azərbaycanla Almaniya arasında çox yaxın münasibətlər var. Artıq üç onillikdir biz bu çox sıx əməkdaşlıqdan və səmimi münasibətdən həzz alırıq.

Bəlkə də bunu deməyim bir az təəccüblü olar: 2021-ci ildə Almaniyada seçki kampaniyası zamanı və İkinci Qarabağ müharibəsindən sonra elə görünürdü ki, iki ölkə arasında münasibətlər korlanıb. Almaniya bəzən kənarda qalırdı, insanlar iki hökumət arasında münasibətlərin o qədər də yaxşı olmadığı təəssüratına malik idilər. Amma münasibətləri təhlil etsəniz görərsiniz ki, bizim həmişə eyni maraqlarımız olub. Ancaq yalnız mövqelər fərqli idi. 2019-cu ilə, Azərbaycanda fəaliyyətimə başladığım dövrə baxsam artıq üç il keçib. Biz münasibətlərimizi gücləndirmək istəmişik. Regionda sülh və sabitliyə, burada yaşayan xalqlar arasında barışığa nail olmaqla bağlı maraqlarımız eyni olub. Amma buna necə nail olacağımıza dair fərqli baxışlarımız var. Almaniya və Azərbaycan hökumətləri həmişə razılaşıb ki, regionda gərginliyi aradan götürməli, köhnə müharibəni və Azərbaycanla Ermənistan arasındakı bu antaqonizmi aradan qaldırmalı və hər iki ölkənin milli azlıqlarla necə davranması sualının öhdəsindən gəlməli idik. Ermənistanda milli azlıq yoxdur, amma burada böyük bir erməni azlığı var, onların bir qismi Azərbaycanın şərq hissəsində, keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlanan ərazidə yaşayır və əsas sual budur ki, birlikdə yaşamaq üçün necə yaxşı bir yol tapmaq olar?

Ötən il bu məsələ ilə bağlı mövqelər fərqli idi. 2021-ci il həm də bizdə seçki kampaniyası ili olub. Digər tərəfdən, bir neçə il əvvəl Azərbaycanla xüsusi əlaqələri olan alman deputatlarla bağlı bəzi qanun pozuntularına görə bir sıra alman mediası Azərbaycanı “günah keçisi” kimi görürdü. Azərbaycanda isə Almaniya hökumətini Azərbaycana qarşı kampaniya aparmaqda günahlandırırdılar. Amma buna baxmayaraq, biz əsas prinsiplərdə həmişə razılaşmışıq. Yekun olaraq deyə bilərəm ki, ötən bu üç ildən sonra mən vəziyyətdən çox məmnunam. İndi təkcə bizim maraqlarımız deyil, həm də mövqelərimiz bir-birinə daha yaxındır. Biz hər ikimiz Avropa İttifaqının müşayiət etdiyi – tətbiq edilməyən yaxınlaşma prosesini, sülh və barışıqla bağlı danışıqları dəstəkləyirik. Biz əlaqələnmə, humanitar məsələlərdən və sərhədlərin delimitasiyası haqqında danışırıq. Bütün bunlar Avropa İttifaqı tərəfindən müşayiət olunur. Almaniya Aİ-nin vacib üzv dövlətlərindən biri kimi, bunu ürəkdən dəstəkləyir və çox şadıq ki, biz indi də ümumi maraqların həyata keçirilməsinə necə nail olacağımız barədə razılığa gəlirik.

- Siz Cənubi Qafqazda, Ermənistan və Azərbaycan arasında sülh və barışıqla bağlı ümumi marağa toxundunuz. Bildiyimiz kimi, bu istiqamətdə proses artıq başlayıb, yüksək səviyyəli görüşlər keçirilir, dialoq davam edir. Amma prosesdə sanki iki istiqamət var – “Brüssel prosesi” və “Moskva prosesi”...

- Ötən həftə Beynəlxalq Böhran Qrupunun (ICG) ekspertləri ilə video zəngimiz oldu. Mən ölkələrimizdə rəy formalaşdırma prosesinə verdiyi töhfəyə görə ICG-ni yüksək qiymətləndirirəm. Və biz orada da eyni sualı müzakirə etdik. ICG ekspertləri bildirdilər ki, biz Rusiyanı prosesdən kənarda qoymamalıyıq. Rusiya qonşudur və bu regionda hələ Azərbaycanın suverenliyi altında olmayan ərazidə Rusiya silahlı qüvvələri var. Bəziləri onları sülhməramlılar adlandırır. Ermənistan iqtisadi cəhətdən bu ölkədən çox asılıdır, eyni zamanda, Ermənistanın təhlükəsizlik siyasəti də Rusiyadan asılıdır. Beləliklə, biz onları kənarda saxlaya bilmərik.

Digər tərəfdən, düşünürəm ki, bu iki prosesdə böyük fərqlər var. Proseslər paralel deyil. Onlar aidiyyəti tərəflər üçün eyni dəyərə malik deyil. Azərbaycanlı həmkarlarımla apardığım danışıqlardan və həm də İrəvandakı həmkarımın Ermənistan hökuməti ilə təcrübəsindən öyrəndik ki, burada və İrəvandakı hökumətlər Moskvaya çağırılanda ikitərəfli qaydada nələri müzakirə etdiklərini fəal şəkildə izah edirlər.

Bu, həmişə belə bir təəssürat yaradır ki, Rusiya prosesdə liderlik etməyə çalışır. Rusiya təkliflər verir, mətnlər təqdim edir və onlar fəal şəkildə prosesi idarə etməyə çalışırlar. Prosesin bu cür idarə olunması ilə müqayisədə Azərbaycan hökuməti deyir ki, Brüsseldə keçirilən görüşlər həqiqətən də ikitərəfli danışıqlar, Ermənistanla Azərbaycan arasında danışıqlar kimi hiss olunur. Şarl Mişel, Toivo Klaar və həmçinin Aİ-nin bütün strukturu, həm Komissiya, həm də Xarici Fəaliyyət Xidməti bu prosesi müşayiət edir, lakin onlar usta və ya lider kimi görünmürlər. Brüssel platforma təqdim edir, qərarların həyata keçirilməsi üçün kömək təklif edir. Məsələn, minasız, lakin elektron cihazlarla müasir sərhəd idarəçiliyi və ya regionun iqtisadi çiçəklənməsi üçün məsləhət verən, real dəstək verən Avropa İqtisadi Məsləhət Şurası var. Bu, Brüsselin rəhbərlik etdiyi proses deyil. Bu, ideyalarını dayatmağa çalışan üçüncü tərəfə ehtiyacı olmayan, bərabər şəraitdə olan iki hökumətin apardığı prosesdir. Ona görə də hesab edirəm ki, Brüssellə Moskva arasında böyük fərq var. Amma əlbəttə ki, biz tərəqqiyə aparan bütün səyləri alqışlayırıq.

- 90-cı illərdə Ermənistan tərəfindən işğal edilmiş ərazilər azad edildikdən sonra Azərbaycan artıq bu bölgədə böyük quruculuq prosesinə başlayıb. Azərbaycan hökuməti elan edib ki, bu region xarici şirkətlər, xüsusən də Qarabağın bərpası prosesi üçün investisiyalara açıqdır. Bu ərazilərdə işləyən alman şirkətləri varmı və ya onlar prosesə qoşulmaq üçün maraq ifadə ediblərmi?

- İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qayıdan bütün regionu Azərbaycanın bir hissəsi kimi görürəm. Buna görə də eyni qaydalar və şərtlər iqtisadi fəaliyyət və investisiya üçün də tətbiq edilir. Və bildiyimiz kimi, bu ölkəyə investisiya qoyuluşu üçün hələ də bəzi maneələr var. Mənim hökumətim şirkətlərimizi məcbur edə bilməz, onlar özəl şirkətlərdir və onların hər bir addımı şəxsi qərardır.

Şirkətlər siyasi səbəblərə görə, iş görməyəcəklər, lakin investisiyalarından gəlir əldə etmək şansı gördükdə bunu edəcəklər. Biz bilirik ki, ixtisaslı işçilərin olmaması və hələ də qənaətbəxş olmayan hüquqi mühit bir alman şirkətinin investisiya qoymasına maneədir. İstər Bakı, istər Gəncə, istər Cəbrayıl, istər Füzuli, istərsə də Şuşa və ya digər yerlər üçün sərmayə nəzərdə tutulsun, bunun fərqi yoxdur. Bu, birinci məsələdir.

İkinci məsələyə gələk. Son aylarda biz alman şirkətlərinin bütövlükdə Azərbaycana münasibətində müəyyən dəyişiklik müşahidə etmişik. Təmaslar var. Almaniya şirkətləri ilə Azərbaycan şirkətləri arasında investisiyalarla bağlı bəzi danışıqlar artıq tamamlanıb. Öyrənmişik ki, alüminium sektoruna böyük sərmayə qoyulacaq. Son inkişaflar mənim təəssüratımı təsdiq edir ki, alman şirkətləri bu gün Azərbaycanda investisiya mühitini daha müsbət qiymətləndirirlər.

Onlar burada investisiya imkanlarının axtarışında fəaldırlar. Bu dəyişikliklər Avropadakı enerji problemləri ilə də əlaqəli ola bilər. Bu gün enerji çox bahadır, daha az sərfəlidir. Bununla belə, mən istisna etmirəm ki, enerji sektorundan başqa məqbul çərçivə şərtləri Almaniyanın Ağdam Sənaye Parkında və ya digər sahələrdə, o cümlədən geri qaytarılan ərazilərdə iqtisadi fəaliyyətini stimullaşdıra bilər. Və biz unutmamalıyıq ki, burada artıq alman şirkətləri yaradılıb.

Bəziləri müştərək müəssisələrdir, Almaniya səhmdarları olan rəsmi olaraq Azərbaycan şirkətləri. Məsələn, Füzulidə hava limanının tikintisində, geri qaytarılan ərazilərdə yol çəkilişlərində qismən Almaniyaya məxsus, “AzVirt” adı ilə tanınan şirkət iştirak edib. Güman edirəm ki, başqaları da var. Mən onlarla sonuncu Bakı Neft-Qaz Forumunda görüşmüşəm. Həmçinin, Türkiyə və ya İtaliyadan olan şirkətlər var ki, onlar alman tərəfdaşlarına çox yaxındır. Xarici şirkətlər Almaniyada avadanlıq alırlar. Buna görə də tez-tez burada üçüncü ölkələrin şirkətləri tərəfindən istifadə edilən və idxal olunan alman avadanlıqlarını görürsünüz.

- Münaqişə bitdikdən bəri Azərbaycan hökuməti tez-tez diplomatik nümayəndəliklər üçün Qarabağ bölgəsinə səfərlər təşkil edir. Keçən il diplomatların Şuşaya ilk səfəri oldu, ancaq siz müəyyən səbəblərdən iştirak edə bilmədiniz. Amma bu günlərdə Şuşaya səfər etdiniz. Şuşanın Azərbaycan cəmiyyətinin qəlbində, düşüncəsində fərqli yeri olduğunu həmişə vurğulayırlar. Bu səfərdən sonra təəssüratınız, onun potensialı barədə soruşacağam...

- Şuşa çox unikal şəhərdir, orada vəziyyət həqiqətən də möhtəşəmdir. Bu şəhər mədəniyyət, turizm üçün mühüm rol oynaya bilər. Ancaq bunun üçün gediləcək uzun bir yol var. Mən yenidənqurma işlərinə, şəhərin müasirləşdirilməsinə rəhbərlik edən şəxslərlə danışdım. Mən planları görmüşdüm. Şəhər yaxın onilliklərdə inkişaf edəcək. Şəhərin 20-25 min əhalisi olacaq. Əlbəttə ki, düzgün iqtisadi baza yaratmaq çətin olacaq. Siz Şuşada böyük sənaye qura bilməzsiniz. Ona görə də şəhərin sərvətləri olan mədəniyyət, elm, təhsil diqqət mərkəzində saxlanılmalıdır. Biz nə vaxtsa bir gün Şuşa ilə Almaniyada oxşar tarixə malik şəhər arasında tərəfdaşlığın yaradılması imkanlarını müzakirə etdik. Şuşaya ideal tərəfdaş ədəbiyyatda alman qəhrəmanlarının yaşayıb-yaratdıqları Veymar şəhəri ola bilər.

Veymar da kiçik bir şəhərdir və o, da Şuşa kimi bir hersoqun keçmiş iqamətgah şəhəri olub. Bu oxşarlıqlara görə biz mədəniyyəti çox möhkəm iqtisadi baza kimi inkişaf etdirmək üçün dinc gələcək barədə düşünürdük. Paytaxtımız Berlin buna yaxşı nümunədir. Berlinin böyük sənayesi Almaniyanın birləşməsindən sonra yoxa çıxdı, çünki o, yalnız ağır subsidiyalar hesabına sağ qalmışdı. Subsidiyaların müddəti bitdikdən sonra bir çox şirkət bağlandı. Amma bu gün Berlin Avropanın mədəniyyət mərkəzlərindən biridir. Berlinin keçmiş meri tez-tez Berlinin qardaş şəhəri Los Ancelesə baş çəkərdi. İnsanlar onun ora əyləncəyə getdiyini düşünürdülər. Lakin o, bunu etmədi, əyləncə sənayesi ilə danışıqlar apardı və Kaliforniyadan Berlini musiqi, kino və digər mədəniyyət sənayeləri üçün cəlbedici etdi, onları Berlinə köçməyə və Berlində fəal olmağa dəvət etdi. Mədəniyyət startapları artırdı və bu gün mədəniyyət Berlin iqtisadiyyatının təməl daşlarından biridir. Şuşa da öz sərvətlərindən istifadə edə, mədəniyyətə, elmə, təhsilə əsaslanan möhkəm iqtisadi baza yarada bilər. Həmçinin, Almaniya üçün Şuşada və onun gözəl ətraflarında mədəni, turizm və buna bənzər fəaliyyətlər üçün bir yer tapmaq maraqlı ola bilər. Amma bu, çox vaxt aparacaq. Hökumət bilir ki, tikinti və bərpa asan məsələ deyil və məcburi köçkünlər və digərləri həqiqətən də əraziyə qayıdana qədər daha çox iş görmək tələb olunur və onlar arasında minalardan təmizləmə ən böyük çətinlikdir.

Biz Avropa İttifaqı çərçivəsində minatəmizləmə prosesi üzərində fəal işləyirik, həm də ikitərəfli qaydada öz payımızı ayıracağıq. Almaniyanın Federal büdcəsi keçən həftə Bundestaq (parlamentin ikinci palatası), bu həftə isə Bundesrat (birinci palata) tərəfindən təsdiqlənib. Azərbaycanda minatəmizləmə üçün müəyyən məbləğdə pul ayrılır. Amma Azərbaycan gələcəkdə minalardan və kasetli sursatlardan istifadə etməməyə hazır olduğu barədə siqnal göndərsə, gələcəkdə Azərbaycana daha böyük məbləğdə dəstək olmaq əlbəttə ki, bizə daha asan olar. Kasetli sursatlara dair “Oslo Konvensiyası” və piyada minalarına dair “Ottava Konvensiyası” adlı iki konvensiya var. Mənim hökumətim Azərbaycanı təcili olaraq hər iki konvensiyaya qoşulmağa dəvət edir. Bu addım Azərbaycanın məcburi köçkünlərin öz doğma yerlərinə qayıtmalarının asanlaşdırılmasına inandırıcı töhfəsi kimi qiymətləndiriləcək.

- Son zamanlar Almaniyadan Azərbaycana deportasiyalar olub. Hansı ki, həmin şəxslər sizin ölkənizə sığınacaq üçün müraciət edib. Buna görə də Almaniya hökuməti tənqid olunur...

- Səfirlik həm bu şəxslərin vəkilləri, həm də bu məsələlərdə iştirak edən Almaniya rəsmiləri ilə əlaqədədir. Bununla belə, bu şəxslərin readmissiyasından əvvəl Almaniyada onlarla bağlı nə baş verdiyini hələ bilmirik.

Alman qanunvericiliyinə görə, iki fərqli prosedur var: biri sığınacaq prosesidir. Sığınacaq müraciəti ilə bağlı sorğu Miqrasiya və Qaçqınlar üzrə Federal Agentlik - BAMF və onun ofisləri tərəfindən hərtərəfli şəkildə yoxlanılır. Çox vaxt səfirlikdən BAMF tərəfindən sığınacaq axtaranların təqdim etdiyi faktların təsdiqi tələb olunur.

Daha sonra BAMF qərar verir. İmtina verildiyi təqdirdə, ərizəçi apellyasiya şikayəti verə bilər və nəticədə məhkəməyə müraciət edə bilər. Məhkəmə BAMF-ın qərarını qüvvədə saxladığı halda, hökumət sığınacaq üçün müraciət edən şəxsdən Almaniyanı tərk etməsini tələb etməlidir. Qeyd etdiyiniz hallarda mən sığınacaq sorğusunun rədd edilməsinin səbəblərini hələ bilmirəm və bizim ərizəçilərin və onların vəkillərinin apellyasiya şikayəti verib-verməməsi və hansı səbəblərin sığınacaqdan qəti imtinaya səbəb olması barədə heç bir məlumatımız yoxdur. Səfirlik bu sualları Berlindəki Federal Xarici İşlər Nazirliyinə göndərib.

İkinci prosedur deportasiya qərarıdır. Yenə qeyd edirəm ki, imtina almış sığınacaq axtaran şəxs bu qərardan apellyasiya şikayəti verə bilər. Daha sonra administrasiya və nəhayət məhkəmə iddiaçının geri qayıtması və ya mənşə ölkəsinə deportasiya edilmək məcburiyyətində qalması üçün maneə olub-olmaması barədə qərar verməlidir. Bu ikinci prosedurun sığınacaq tələbinin səbəbləri ilə heç bir əlaqəsi yoxdur. Cinayət törətdiklərinə görə Almaniya məhkəməsi tərəfindən məhkum edilmiş şəxslərə də şamil edilir. Məhkəmə Almaniyada qalmaq üçün heç bir səbəb tapa bilməsə, deportasiya icra ediləcək. Səfirliyə hələ ki yuxarıda qeyd olunan hallar üzrə deportasiya qərarlarının apellyasiya şikayətinə verilib-verilməməsi, hansı arqumentlərin təqdim edilməsi və nə üçün məhkəmələrin deportasiyaların qanuni olduğunu təsdiqləmələri barədə hələlik məlumat verilməyib.

Almaniya hökuməti ilk belə hallar 2021-ci ilin payızında məlum olandan dərhal sonra reaksiya verdi. O zaman biz bu məsələnin arxa fonu barədə heç nə bilmirdik. Amma biz Azərbaycan hökumətindən soruşduq: "Bizə məlum olan işlər uyğunsuz görünür. Zəhmət olmasa, yoxlayın və bizə deyin: araşdırmaların və həbslərin səbəbləri nədir?" Beləliklə, Almaniya gecikmədən dərhal tədbir gördü. Bu danışıqlar davam edir, vəkillər və zərərçəkənlərin yaxınları ilə əlaqə saxlayırıq. Amma təbii ki, bunlar fərdi hallardır və biz bunu ictimai müzakirə etməyəcəyik. İnsan haqları ilə bağlı həssas məsələlər həmişə bağlı qapılar arxasında müzakirə olunmalıdır.

- Almaniya həmişə Avropanın daha az hərbiləşdirilmiş ölkələrindən biri kimi qəbul olunub və daha çox sivil, ticari güc kimi tanınıb. Büdcədən indiyə qədər hərbi sahəyə daha az vəsait ayrılırdı, amma bu günlərdə Almaniya hökuməti hərbi xərcləri artırmaqla bağlı qərar verdi.

- Bizim siyasətimizdəki bu dönüşün arxasında Almaniya tarixi dayanır. Almaniya Federativ Respublikası xarici siyasətdə hərbi gücdən istifadədə həmişə çox diqqətli olub. Divarın yıxılmasından və “Dəmir Pərdə”nin aradan qalxmasında təbii ki, faydalanan ölkələrdən biri də Almaniya idi. “Soyuq müharibə” illərində Almaniya ağır silahlanmış bir ölkə olanda, biz cəbhəyanı dövlət kimi əziyyət çəkmişik. Şərq və Qərb arasında mümkün qarşıdurmanın bir çox müharibə ssenariləri bölünmüş Almaniyanın o zamankı iki hissəsində də oynanırdı. Beləliklə, 1990-cı ildən sonra alman torpaqlarında əsgərlərin və hərbi texnikanın sayını azaltmaq imkanı yarananda, biz çox sevindik.

Əgər siz Almaniyada birləşmə prosesində alyansın Rusiyaya verdiyi vədləri ilə bağlı bütün müzakirələri izləsəniz və daha sonralar Polşa, Mərkəzi və Şərqi Avropanın digər dövlətlərin və Baltikyanı dövlətlərin Alyansa qoşulmasını nəzərə alsanız, onda sizdə belə bir təəssürat yarana bilər ki, Rusiya nəhayət, hər bir dövlətin öz mülahizəsinə uyğun olaraq, ittifaqa daxil olmaq hüququ olduğunu qəbul etmişdi.

Lakin Rusiyanın Ukraynaya təcavüzündən sonra biz yenidən düşünməli idik. Həmçinin, ticarət və mübadiləni gücləndirməklə, ölkələrə sülh və demokratiya ilə bağlı dəyişiklik gətirə biləcəyiniz fikrini yenidən düşünmək. Aydındır ki, proses bu cür işləmədi. Qloballaşma və ticarətin Çin və Rusiyadakı siyasi iqlimi dəyişə biləcəyinə dair böyük bir gözləntilər var idi. Beləliklə, ticarətin silahları lazımsız hala gətirəcəyinə olan inamımızı dəyişməli olduq. Otuz illik aktiv tərksilah siyasətindən və daha çox onilliklər mövcud olmuş torpaqlarınızda böyük hərbi strukturlara ev sahibliyi ilə əlaqəli xoşagəlməz duyğuların xoşagəlməz xatirələrindən sonra, bu siyasəti əvəz etmək bir neçə günün işi deyildi. Və heç bir hökumət əhalinin ümumi razılığı olmadan, xüsusən də təhlükəsizlik və sağ qalmaq məsələlərində hərəkət edə bilmədiyi üçün izahat vermək və müzakirə etmək vacibdir. Son onilliklərdə Almaniyada təhlükəsizliyin silahlara əsaslanmaması ilə bağlı ümumi konsensus var idi.

Bunun əvəzinə Almaniya inkişaf, iqlimin mühafizəsi və digər məsələlər daxil olmaqla, “geniş təhlükəsizlik” konsepsiyasına əməl edirdi. Əgər siz qonşularınızı yoxsulluq içində tərk etsəniz, qeyri-sabitlik yaradacaqsınız - Afrikanın şimal hissəsində gördüyümüz kimi. İqlim dəyişikliyi də təhlükəsizlik məsələsidir.

Qəfildən Rusiyanın Ukraynaya təcavüzündən sonra Almaniya yenidən daha çox hərbi gücə əsaslanan təhlükəsizlik siyasəti hazırlamaq zərurəti ilə üzləşdi. Bunun həqiqətən zəruri olub-olmaması və bu sahədə nə qədər irəli gedəcəyimiz sual olaraq qalır.

Federal Parlament, Bundestaq ötən həftə büdcə ilə bağlı qərar qəbul etdi. Federal Silahlı Qüvvələrə 100 milyard avroluq xüsusi büdcə ayrılacaq. Almaniyanın bu cür maliyyələşdirmə təcrübəsi var. Alman birliyi də belə xüsusi büdcə ilə maliyyələşdirilirdi. Lakin indi 100 milyard avro yalnız Silahlı Qüvvələr üçün ayrılıb. İnkişaf, iqlimin mühafizəsi, mülki müdafiə və dayanıqlılıq yaradan digər mühüm məsələlər adi büdcədən maliyyələşdirilir. Bu, asan proses deyildi. Amma prinsipcə, Almaniya Mərkəzi və Şərqi Avropadakı yeni reallıqlara reaksiya vermək qərarına gəlib. Düşünürəm ki, bu reaksiya doğru idi.

- Fransa və Almaniya liderləri tez-tez Prezident Vladimir Putinə zəng etdiyi üçün tənqid olunur. Ukraynada baş verənlərdən sonra Almaniya hələ də Rusiya ilə dialoqun gücünə inanır?

- Rusiya faktdır. Biz hamımız qonşuyuq. Gözlərimizi bağlaya bilərik, amma onlar qeyb olmur. Biz də qərar verməliyik: Qərb ölkələri, NATO, Şərqi Avropa ölkələri - onlar hamısı müzakirə etmişdilər ki, bizim Rusiyanın xəritədən silinməsində marağımız yoxdur. Bu müharibədən sonra biz ruslarla işləməliyik və Rusiyanı yenidən qurmaq üçün gözləməliyik. Ona görə də çətin anlarda dialoqu davam etdirmək lazımdır. Bütün əlaqələri kəssəniz, həmkarınızın nə düşündüyünü və ya düşünə biləcəyini bilmək çox çətin ola bilər. Cənubi Qafqaz regionunda da qonşularla dialoq həlledici əhəmiyyət kəsb edir və susqunluq hallarının qarşısını almaq üçün dialoq davam etdirilməlidir. Dialoq vəziyyətin dəyişib-dəyişməyəcəyinə dair siqnallar verə bilər və əgər belədirsə, yeni inkişafı müzakirə etmək üçün sizin tərəfdaşa ehtiyacınız olacaq. Yoxsa bu gün “sizi bəyənmirik, sizinlə oynamırıq” deyərək xoşbəxt ola bilərsiniz, amma sabah bunun sizin üçün heç bir faydası olmayacaq. Biz Şərqlə Qərb arasında yeni divar görmək istəmirik. Hətta “Soyuq müharibə”nin ən soyuq dövrlərində belə, Moskva ilə Vaşinqton, NATO və Varşava Müqaviləsi Təşkilatı arasında ən azı müəyyən təmaslar mövcud idi. Rəqibinizi müşahidə etməyə davam edin. Onun siyasətini dərhal dəyişdirə bilməyəcəyinizi bilsəniz belə, onunla arada bir müzakirə aparın.

- Almaniyanın tərəfdaşları Ukraynaya hərbi dəstək, ağır silahlar göndərir. Almaniya hökuməti də bu məsələdə kömək edəcəyinə söz verib, amma Ukrayna hökuməti bildirir ki, hələ də onlara hərbi dəstək olmayıb və onlar ağır silahların çatdırılmasını gözləməkdən yorulublar. Bunun səbəbi nədir, niyə çatdırılma yubanır?

- Almaniya da söz verib və bütün şəhərləri qoruya biləcək çox müasir radar avadanlığı göndərməyə hazırlaşır. Son onilliklərdə silahların azaldılması siyasətinə görə, onlar asanlıqla əldə etmək mümkün deyil. Bu məsələnin tərəfi. Digər tərəfdən, Ukrayna əsgərləri müasir silahlardan ən yaxşı şəkildə istifadə etmək üçün təlim keçməlidirlər. Varşava Müqaviləsi Təşkilatının keçmiş üzvləri üçün hələ də stokda olan sovet mənşəli silahları çatdırmaq NATO standartlarına cavab verən yüksək texnoloji avadanlıqları olan Almaniya kimi ölkələrlə müqayisədə daha asandır. Üstəlik, təkcə silahlar kömək etmir. Onlar uyğun şəraitdə saxlanılmalıdır, təmir olunmalıdır. Beləliklə, bütöv infrastruktur tələb olunur.

Almaniyadan yeni avadanlıqların alınması müqabilində Polşa, Slovakiya və digər keçmiş Varşava Müqaviləsi ölkələrindən Ukraynaya avadanlıqların çatdırılması ideyası var. Bu prosedur həm də NATO-nun bütün üzv dövlətlərində avadanlığın standartlaşdırılması ilə əlaqədar alyansın öz marağındadır. Bu prosedurla təlim və texniki xidmət məsələsi həll olunmamış qalır. Bu mümkünlük məsələsidir, yəni hansı miqyasda və nə qədər sürətlə edə bilər. Bu məsələ NATO-da müzakirə edilmişdi, lakin təbii ki, açıq bazarda müzakirə edilməyib. NATO və ona üzv dövlətlər bu münaqişəyə daha çox qarışmamaq üçün əllərindən gələni edir. Fikrimcə, müharibənin iqtisadi nəticələri, sanksiya siyasəti və bizim də hiss etdiyimiz nəticələr açıq şəkildə göstərir ki, biz artıq müəyyən dərəcədə bu münaqişədə iştirak etmişik. Hansı ki, bu qəbulediləndir: Avropada, bizim Avropada müharibə var, bir neçə il, hətta bir neçə ay əvvəl bu ağlasığmaz idi. Biz də təsirə məruz qalırıq – müharibə Ayda deyil, qapımızın ağzındadır. Lakin bizim hökumətlər öz iştirakını məhdudlaşdırmağa və NATO ölkələri ilə Rusiya arasında birbaşa qarşıdurmadan qaçmağa borcludur. Hökumətlərimiz həm də öz əhalimizi qorumağa, müdafiə etməyə söz verib. Bununla belə, onlar da bizim dəyərlərimizi qorumağa borcludur. Biz hər ikisini etməyə çalışırıq. Almaniya Ukraynanı təkcə silahla dəstəkləmir. Təkcə hökumət deyil, həm də almanlar çox səxavətlidir. Almaniyada 400 mindən çox ukraynalı qaçqın qeydiyyata alınıb. Bu insanlara sığınacaq verən dövlət deyil, alman əhalisidir, xalqdır. Həmçinin, mənim ailəm Berlindəki evimizdə beş nəfərlik ukraynalı ailəni - üç uşaqlı valideyni qəbul edib.

Biz uşaqlar üçün məktəb, valideynlər üçün iş təşkil etdik. Almaniyada bir çox insan bunu edir. Almaniya hökuməti hələ müharibədən əvvəl də həmişə Ukraynaya dəstək olub, maliyyə yardımı göstərib. Bu yardım müharibə başlayandan indiyədək davam edir və 370 milyon avro təşkil edir. Biz əməli həmrəylik nümayiş etdiririk, biz həm də öz dəyərlərimizi müdafiə etmək istəyirik. Digər tərəfdən, biz bu həmrəyliyimizi nümayiş etdirməyə mane ola biləcək addım atmaq istəmirik, çünki biz müharibəyə, hərbi qarşıdurmaya məcbur ola bilərik.

Belə bir vəziyyətin qarşısını almaq lazımdır və ona görə də bu, NATO-da müzakirə olunur. Bu müzakirənin nəticələrindən biri onu göstərir ki, biz çox ağır silahların çatdırılması ilə bağlı hər bir qərarı dəyərləndirməliyik. Biz nəhəng şəhərlər üçün mühafizə-müdafiə sistemləri təqdim etməyə hazırıq. Amerikalılar uzaq mənzilli raketlərin və çox müasir avadanlıqların çatdırılmasını müzakirə edirlər. Hər bir dəstək proqnozlaşdırıla bilən müddət ərzində onun mövcudluğunu və zəruri infrastrukturun nəzərdən keçirilməsini tələb edir. Əslində çox işlər görülür və mən güman edirəm ki, tənqid daha çox bu həssas müzakirələrin ünsiyyət tərzinə əsaslanırdı. Almaniya məsələsində mən sizə öz keçmişimizi xatırlatmalıyam. İkinci Dünya müharibəsindən sonrakı ənənəmizə görə, biz özümüzü hərbi güc kimi göstərməkdən çəkinmişik, çünki biz həmişə avropalı qonşularımızın reaksiyasını nəzərə almalıyıq. Bir tərəfdən Almaniyanın liderliyini görmək istəyirlər, digər tərəfdən liderlik təklif olunan kimi “alman diktəsi” sözü eşidilir. Hətta Fransız tərəfdaşlarımızla birlikdə hərəkət etsək də, bu kömək etmir: Aİ-də Almaniya-Fransa tandemi irəliləyiş, tərəqqi üçün tələb olunur, lakin o, çox güclü olmamalıdır. Bu, almanların Aİ və NATO daxilində və xaricində digər tərəfdaşlarla müqayisədə daha diqqətlə silah tədarükü və hərbi vəziyyəti müzakirə etməsinin səbəbini izah edə bilər.

- Son sualım, siz Azərbaycanı tərk etməyə hazırlaşırsınız. Bu Cənubi Qafqaz ölkəsindən hansı təəssüratlarla ayrılırsınız?

- Mən 1990-cı illərin əvvəllərində Cənubi Qafqaz regionu ilə məşğul olanda o zaman bu region yenicə müstəqillik əldə etmişdi və Dağlıq Qarabağla bağlı Ermənistanla Azərbaycan arasında münaqişə gərgin idi.

Otuz ildən sonra bu köhnə Azərbaycan-Ermənistan antaqonizminin başa çatması üçün real imkanının olduğunu görmək məni çox sevindirir - həm də Avropadakı şərtlərə görə. Mən təkcə Azərbaycan və Ermənistan hökumətlərini deyil, həm də iki ölkənin cəmiyyətlərini bir-birinə yaxınlaşmağa təşviq etmək istərdim. Fransız dostum və həmkarımla birlikdə biz Fransanın Almaniya Gənclər Ofisinin yardımı ilə azərbaycanlı və erməni gənclərinin mübadiləsi proqramını yoluna qoyduq. Gənclər Avropada, Strasburqda və Berlində görüşəcəklər.

Sabitlik və firavanlıq regionu yaratmaq üçün gürcülərin də iştirakı ilə region gənclərinin təmaslarının intensivləşməsi üçün dua edirəm. Bu region müəyyən iqtisadi tərəqqi əldə edən kimi, böyük qonşulardan siyasi asılılıq da azala bilər. Bu qonşular heç bir yerə getməyəcək, İran, Türkiyə, Rusiya burada qalacaq. Ancaq bir bölgə olaraq dayanıqlıq tək bir dövlətdən daha güclü ola bilər. Artıq bu gün Cənubi Qafqazın Avropada müttəfiqləri var. Həm Azərbaycan xalqının, həm də hökumətinin ölkənin “Avropa taleyi”ndən danışdığını öyrəndiyimə görə çox şadam. 1990-cı illərin əvvəlləri ilə müqayisədə nəyinsə düzgün istiqamətdə getdiyi barədə təəssürat almaq çox sevindiricidir. Ümid edirik və şəxsən mən də ümid edirəm ki, cəmiyyətlər də daha dayanıqlı və özünə inamlı olurlar. Əminəm ki, özünə güvənən cəmiyyət özünə güvənən hakimiyyətlərdə də özünü göstərəcək. Azərbaycanda cəmiyyətlə dövlət arasında antaqonizm müşahidə edirəm. Məncə, hər iki tərəf bir-birindən çəkinir. Azərbaycan cəmiyyəti hələ də dövlətdən nə gözlədiyini müəyyən etməkdə çətinlik çəkir. Eynilə, hökumət də cəmiyyətdən nə gözlədiyindən əmin deyil. Mən Azərbaycanda dövlət-cəmiyyət münasibətlərinin daha rahat olmağını görmək istərdim. Heç bir hökumət xalqın ümumi razılığı olmadan ölkəni idarə edə bilməz. Razılıq yaratmağın ən yaxşı yolu dialoqdur. Dialoqun da birbaşa və təcili təsirləri var. Praktik bir misal: Əgər nümayişin təşkilatçısı hakimiyyət orqanları ilə əlaqə saxlayıbsa, nümayişin yerini və mövzularını müzakirə edibsə və fiziki olaraq orada olubsa və nümayiş başlamazdan əvvəl onun iştirakını məhdudlaşdırmaq üçün addım atılmayıbsa, polis lideri nümayişi öz polisləri ilə dağıtmaqdansa, onu qoruyacaq. Beləliklə, məsuliyyət hər iki tərəfin üzərinə düşür.

Gələcək üçün arzum odur ki, Azərbaycan özünü daha açıq, daha rahat cəmiyyət və daha rahat hakimiyyətlərə malik istiqamətdə irəliləsin. İmkan pəncərəsi açıqdır: Azərbaycan artıq strateji tərəfdaşdır, Aİ-nin Şərq Tərəfdaşlığının üzvüdür. Bu fakt həm də Almaniyanın Azərbaycanla niyə strateji tərəfdaşlıq bağlamır sualına cavab verir. Biz artıq ŞT-də tərəfdaşıq. Bəzi qurumları paylaşırıq, dialoqumuz var. Azərbaycan artıq “üçüncü ölkə” deyil. Şərq Tərəfdaşlığının bizim ümumi məkanımız olması ilə “üçüncü ölkələr”dən gözlənilənlərdən fərqli ola biləcək qarşılıqlı gözləntilər də yaranır. Bu mənada, həqiqətən də bizim “ikili standartlar”ımız var – lakin Şərq Tərəfdaşlığına qoşulmaqla Azərbaycan artıq çox şeyə nail olub. Ortaq dəyərlərin yüksək səviyyədə həyata keçirilməsi müəyyən vaxt tələb edə bilər. Əminəm ki, xalqına perspektivlər təqdim etmək, sülhün, demokratiyanın lövbərinə çevrilmək və 200 ildən çox köklərə malik Almaniya-Azərbaycan dostluğunun xoş ənənəsində bizim yaxın tərəfdaşımız kimi, mühüm rol oynamaq üçün Azərbaycanın parlaq gələcəyi var.

Foto: İlkin Nəbiyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR