Amerikalı politoloq: “ABŞ Azərbaycanla Ermənistan arasında görüşlərin təşkilində aktiv iştirak edir”

Amerikalı politoloq: “ABŞ Azərbaycanla Ermənistan arasında görüşlərin təşkilində aktiv iştirak edir”
# 02 oktyabr 2022 02:17 (UTC +04:00)

Jurnalist Con Batçelorun dəvəti ilə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov və tanınmış politoloq Brenda Şafer geniş auditoriyaya malik CBS kanalının “Dünyanın gözü” radio proqramında iştirak edib.

APA-nın Britaniya bürosu xəbər verir ki, Con Baçelor müsahibənin başlanğıcında bir neçə dəfə Azərbaycanda olduğunu, Ermənistan ilə Azərbaycan arasında münaqişənin uzun müddətdir davam etdiyini, insanların öz torpaqlarına qayıtmağa hazır olduğunu, hal-hazırda danışıqların davam etdiyini, ancaq yeni qarşıdurmanın başladığını bildirib.

Aparıcının fikirlərinə əlavə olaraq, Brenda Şafer Vaşinqtonun ikitərəfli görüşlərə vasitəçilik etdiyini və bu istiqamətdə aktivləşdiyini söyləyib.

Öz növbəsində səfir Elin Süleymanov, Entoni Blinken və Ceyk Sallivan tərəfindən aparılan vasitəçilik fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib. Azərbaycanın Ermənistana ərazi bütövlüyünün qarşılıqlı tanınması, gücdən istifadə edilməməsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və sülhə yol aça biləcək digər mühüm məsələləri nəzərdə tutan 5 maddədən ibarət təkliflər paketini irəli sürdüyü haqqında ümumi məlumat verib. Səfir, Ermənistanın bu təklifləri qəbul etdiyini bəyan etməsinə baxmayaraq, bu istiqamətdə heç bir praktiki addımın atılmadığını bildirib.

Səfir bildirib ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması qaçılmazdır. O, bu sazişin hər iki xalqın marağına və geniş miqyasda regionun inkişafına xidmət edəcəyini xüsusi vurğulayıb.

“Eyni zamanda, sülhün bərqərar olunması həm ABŞ, həm Avropa (o cümlədən Böyük Britaniya), həm də Rusiyanın maraqlarına xidmət etməlidir”,- deyə Elin Süleymanov bildirib.

C.Baçelorun son vəziyyətə səbəb olan təxribatlarla bağlı sualına səfir sentyabr ayında Ermənistanın Azərbaycan ərazilərində minalanma fəaliyyəti apardığını, bunun böyük təhlükə və aşkar təxribat olduğunu bildirib.

Diplomat regionda sülhün bərqərar olmasına ümidvar olduğunu, son vəziyyəti nəzərə alaraq sülhdən başqa heç bir məntiqi yolun olmadığını qeyd edib. Azərbaycanın hal-hazırda işğaldan azad ərazilərin iqtisadi inkişafına yönəlmiş genişmiqyaslı fəaliyyət həyata keçirdiyini, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi ilə məşğul olduğunu və heç bir şəkildə yeni qarşıdurmanın yaranmasında və bu fəaliyyəti sual altına qoyan heç bir vəziyyətdə maraqlı olmadığını bildirib.

C.Baçelor B.Şafferə son qarşıdurmanın Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində artan roluna qarşı bir cavab olub-olmadığı ilə bağlı sual ünvanlayıb.

B.Şaffer 2020-ci ilin iyul ayında Ermənistanın hücumunun Qarabağ ərazilərindən yox, məhz Tovuz rayonu istiqamətində Cənub Qaz Dəhlizi marşrutu yaxınlığında baş verdiyini vurğulayıb.

Elin Süleymanov Böyük Britaniyanın bir çox beynəlxalq məsələlərdə ciddi yanaşma nümayiş etdirdiyini, bu yanaşmanın bəyan edilmiş “Qlobal Britaniya” konsepsiyası ilə üst-üstə gəldiyini, Böyük Britaniya ilə Azərbaycan arasında güclü tərəfdaşlığın mövcudluğunu qeyd edib.

O, xüsusilə minalardan təmizlənmə məsələsində Britaniyanın göstərdiyi yardımı yüksək qiymətləndirib, NATO ilə də ölkəmizin əlaqələrinin güclü olduğunu və Azərbaycanın güclü və sabit olmasının, regionda rifaha töhfə verməyə davam etməsinin vacibliyini vurğulayıb. Bunun təmin edilməsi üçün əsas yolun Ermənistan ilə Azərbaycan arasında birbaşa danışıqların aparılmasına və sülh sazişinin əldə edilməsinə köməyin göstərilməsindən keçdiyini qeyd edib. Bu yardımın Aİ, ABŞ və Rusiyadan da göstərildiyini söyləyib.

Bunun üçün Ermənistanda siyasi iradənin olmasının vacibliyini vurğulayan səfir, Ermənistanın sabiq prezidentlərindən birinin son bəyanatlarını xatırladıb.

30 illik işğal siyasətindən sonra müstəqilliyini itirmək astanasına gəldiyini və erməni xalqının müvafiq qərarlar verərək öz gələcəyini müəyyən etməli olduğunu bildirib.

Səfir Ermənistanın vəziyyətindən yeganə çıxış yolunun Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılmasında gördüyünü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR