Ankarada Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Ankarada Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
# 08 noyabr 2022 16:00 (UTC +04:00)

Ankarada Zəfər Gününə həsr olunmuş “Qarabağ Zəfəri Konfransı: Azadlığa Qovuşan Əzəli Vətən” adlı tədbir keçirilib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, konfrans çərçivəsində Azərbaycanın 44 günlük müharibədə qələbəsi haqqında çıxışlar olub.

Açılış nitqi ilə çıxış edən Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fahrettin Altun Türkiyənin Azərbaycanı haqlı mübarizəsində heç bir zaman tək buraxmadığını bildirib: “Liderlərimiz “Bir millət, iki dövlət” şüarı ilə çiyin-çiyinə durub. Qarabağ Zəfəri Azərbaycan və Türkiyə başda olmaqla bütün türk dünyasının dostluq və qardaşlığının nişanəsi olub”.

Onun sözlərinə görə, siyasi, hərbi sahələrdə dəstəklə yanaşı, Türkiyə informasiya müharibəsində də Azərbaycanın yanında olub.

“Bu gün görürük ki, bəzi dairələr zəfərimizə kölgə salmağa çalışırlar. Biz erməni lobbisinin təbliğatına qarşı mübarizə apararaq həqiqəti dünyaya çatdırdıq və bunun nəticəsini gördük. İnformasiya cəbhəsində mübarizəmiz hələ də davam edir. Azərbaycan və Türk milləti ermənilərin Qarabağda törətdiklərini heç bir zaman unutmayacaq”, - Altun vurğulayıb.

Ermənistan–Azərbaycan münaqişəsinin aspektləri konfransın fərqli panellərində də müzakirə olunub.

Avrasiya Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Ortadoğu Texniki Universitetinin tarix kafedrasının əməkdaşı Maksim Gauin XX əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışaraq, bu faktlara Qərb mediası və alimləri tərəfindən göz yumulduğuna diqqət çəkib.

O əlavə edib ki, ermənilər XIX əsrdə Qafqazda azlıq təşkil edirdilər, Rusiya İmperiyasının siyasəti nəticəsində çox sayda bu ərazilərdə yerləşdirilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin fikrincə isə Azərbaycan və Türkiyənin Ermənistan tərəfi və onun təxribatlarını dəstəkləyən bəzi Qərb ölkələri ilə mübarizəsi hələ də davam edir: “Güman edirəm ki, bu ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalana bilər, lakin ermənilərin Qarabağı Azərbaycandan ayırmaq planları hələ də qalmaqdadır. Türkiyəyə gəldikdə, onun Cənubi Qafqazda çox önəmli və stabilləşdirici rolu var. Bəziləri buna qısqanclıqla, bəziləri də heyrətlə baxır”.

İştirakçılar, həmçinin, Ermənistanın Azərbaycan ərazilərində törətdiyi qətliam və dağıntıların məsuliyyətindən boyun qaçırmağa çalışdığını, Azərbaycan və Türkiyənin bu istiqamətdə atacaq hüquqi addımların vacibliyini də vurğulayıb.

Qeyd edək ki, tədbir çərçivəsində Birinci Qarabağ və Vətən Müharibəsinə dair videoçarx nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR