Avropa Bilik Yarışmasının qalibləri mükafatlandırılıb - FOTO

Avropa Bilik Yarışmasının qalibləri mükafatlandırılıb - FOTO
# 27 iyul 2022 13:08 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və Gənc Avropa Səfirlərinin birgə əməkdaşlığı ilə Avropa Bilik Yarışması keçirilib.

APA xəbər verir ki, “Avropa İttifaqını nə dərəcədə yaxşı tanıyırsınız?” adlı yarışma Avropa Gənclər İlinə həsr olunub.

Azərbaycanın bütün bölgələrindən olan 14-26 yaşlı istedadlı gəncləri bir araya gətirən bilik yarışması Avropanın tarixi, dəyərləri, mədəniyyəti barədə iştirakçıların biliklərini interaktiv yolla artırmaqla yanaşı, həm də onlarda komanda ruhunun və analitik bacarıqlarını inkişafına kömək edir.

Yarışda iştirak üçün 555 gənc müraciət edib, onlardan 66 nəfər müsabiqədən keçib. Bilik yarışmasına 14 komanda qatılıb.

Bilik yarışmasına qatılan gəncləri salamlayan Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko deyib ki, Avropa İttifaqı pandemiya zamanı gənclərin yaşadıqları itkiləri nəzərə alaraq, 2022-ci ili “Gənclər ili” elan edib: "İki il sürən çox çətin dövrdən sonra Aİ bütün dünyadakı gənclər üçün daha bərabər təhsil və iş imkanları təmin etmək niyyətindədir. Gənclər ilində Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Avropa Şəhərciyi, Avropa Yay Məktəbi və Aİ Gənclər Müsabiqəsi kimi bir sıra tədbirlər planlaşdırır. Məqsəd Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığı daha çox gücləndirməkdir ki, parlaq gələcəyin qurucusu olan gənclər də bu məsələdə xüsusi rol oynayır”.

Tədbirdə Çexiyanın, Almaniyanın və Fransanın Azərbaycandakı səfirliklərinin nümayəndələri, müxtəlif dövlət universitetlərinin tələbələri, Abşeron, Biləsuvar və Şəki şəhərlərinin orta məktəb yuxarı sinif şagirdləri, eləcə də media nümayəndələri iştirak ediblər.

Qalibləri Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko mükafatlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR