Avropa Komissiyasının rəsmisi: Enerji memorandumu Aİ-Azərbaycan əməkdaşlığını intensivləşdirir - EKSKLÜZİV MÜSAHİBƏ

Lourens Meredit

© APA | Lourens Meredit

Foto al #
# 09 dekabr 2022 16:25 (UTC +04:00)

Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Mereditin APA-ya müsahibəsi

- Cənab Meredit, Avropa İttifaqının (Aİ) İqtisadi İnvestisiya Planı (İİP) çərçivəsində Azərbaycana 2 milyard avro ayrılması nəzərdə tutulur. Bu planının təfərrüatlarını müzakirə etmək üçün Azərbaycan rəsmiləri ilə görüşləriniz oldu. Bildiyimiz kimi, İİP tərəfindən maliyyələşdirilən layihələr hər bir tərəfdaş ölkənin spesifik ehtiyaclarına uyğunlaşdırılır. Aİ Azərbaycanın konkret olaraq hansı sahələrdəki ehtiyaclarına investisiya yatıracaq?

- Təşəkkür edirəm! Bu, mənim Bakıya üçüncü səfərimdir. Aİ-nin Azərbaycanla bağlı İİP-nın işə salınmasını izləmək məqsədilə komissar Oliver Varhelyinin mandatı ilə burada olmaq fürsətindən xüsusilə məmnunam. Biz inanırıq ki, bu, Azərbaycan xalqına geniş müstəvidə böyük transformasiya gətirə bilər. Biz xüsusi olaraq üç sahəni müzakirə edirik:

Birincisi, əlaqələr. Biz Bakı Limanına sərmayə qoyuruq, ona günəş panellərinin gətirilməsində kömək edirik. Biz eyni zamanda, yeni geosiyasi reallıqlar fonunda böyük potensial görürük. Aydındır ki, Azərbaycan Qara dənizlə Xəzər dənizi arasında əlaqə yaradılması baxımından vacib rola malikdir. Biz həmçinin, Qara dənizə qoşulma imkanlarını da müzakirə etdik.

Müzakirə etdiyimiz ikinci sahə (Qara dənizin dibi ilə-red.) sualtı elektrik kabelinin çəkilməsidir və bu potensial xüsusi maraq doğurur. Bu, digər tərəfdən “yaşıl enerji”nin inkişafı ilə bağlıdır. Bildiyiniz kimi, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Azərbaycan Prezidenti İlham Əliyevlə həm qaz, həm də bərpa olunan enerji ilə bağlı mühüm Anlaşma Memorandumu imzalayıb. Biz İİP vasitəsilə külək, günəş və su enerjisi üzrə birlikdə işləmək istəyirik və bu sahədə birgə əməkdaşlıq üçün böyük potensial görürük.

Üçüncü sahə isə olduqca vacib olan maliyyə əlçatımlığıdır. Biz artıq 13 000 kiçik və orta sahibkara dəstək vermişik. Mən Salyan rayonuna getmişdim. Biz düşünürük ki, bu sektorda əməkdaşlığın bütün Azərbaycanı əhatə etməsi xüsusilə önəmlidir. Biz çox maraqlı pomidor istehsalçısı ilə tanış olduq. O, məhsulunu Aİ standartlarına uyğunlaşdırmaq və yeni bazarlara ixrac etmək istəyir. Bütün bunlara nail olmaq üçün əməkdaşlıq etmək, islahatları təşviq etmək lazımdır. Məsələn, məhkəmə islahatları üzərində birgə işləmək, treninqlər vasitəsilə potensialı artırmaq, həmçinin, vətəndaş cəmiyyəti ilə görüşlər keçirərək bu faydaların ölkəyə, Azərbaycan xalqına çatdırılmasının vacibliyini müzakirə etmək də vacibdir.

- Aİ rəsmiləri hər zaman vurğulayırlar ki, tərəfdaş ölkələrə ayrılan bu investisiyalar məhkəmə islahatları, dövlət idarəçiliyi islahatları və insan hüquqları sahəsində aydın irəliləyişlə müşayiət olunmalıdır.

- Hesab edirik ki, islahatların davam etdirilməsi çox vacibdir. Bildiyiniz kimi, bunlar bizim Tərəfdaşlıq Əməkdaşlıq Şurası ilə müntəzəm iclaslarımızda müzakirə etdiyimiz məsələlərdir. Biz bu gün həm də potensialın artırılması və treninqləri müzakirə etmək üçün buradayıq. Şəffaflığın və investisiya mühitinin vacibliyi bu günlərdə müzakirə etdiyimiz bir məsələdir. İİP-in həqiqətən bütün Azərbaycan xalqına fayda gətirə biləcəyinə inanmağımızın səbəbi də budur.

- Bakıya səfəriniz çərçivəsində İİP-nin yüksək səviyyəli işçi qrupunun əsası qoyuldu. Bu işçi qrupunun vəzifəsi nə olacaq və onun üzvləri hansı müddətdə görüşəcəklər?

- Bu yeni, yüksək səviyyəli işçi qrupunun məqsədi müzakirə etdiyimiz sahələrdə - əlaqələr, yaşıl inkişaf və maliyyə əlçatımlığında İİP-nin icrasını sürətləndirməkdir. Buna görə də ildə azı iki dəfə görüşmək qərarına gəldik. Arada olan bu müddət ərzində bizim komandalarımız Azərbaycan xalqına sürətli şəkildə fayda gətirəcək fərdi layihələr üzərində çox sıx işləyəcəklər.

- Artıq Aİ Azərbaycanla “yaşıl enerji” sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib. Digər tərəfdən, Azərbaycan böyük neft və qaz ehtiyatlarına malik ölkədir. Aİ-nin neft və qazla zəngin Azərbaycanla bu əməkdaşlıq istəyi həqiqətən də maraqlıdır. Ölkənin bərpa olunan enerji potensialını necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, ortaq baxış, ortaq maraqlar var. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen aydın şəkildə bildirib ki, Avropa qitəsi 2050-ci ilə qədər iqlim-neytral qitə olmalıdır və Prezident İlham Əliyev Azərbaycanda bərpa olunan enerji mənbələrinin payını əhəmiyyətli dərəcədə artırmağa sadiqdir. Buna görə də biz iyul ayında imzalanmış memorandumda bu sahə ilə bağlı güclü ortaq maraq görürük. Biz Azərbaycanda külək, günəş və su enerjisi sahəsində güclü potensial görürük. Bunu səmərəli etmək üçün biz həm də Avropa İnvestisiya Bankı ilə, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə, eləcə də üzv dövlətlərlə və digər maliyyə institutları ilə birlikdə işləyirik. Çünki İİP-nin gücü qrant və kreditləri bir araya gətirməkdən ibarətdir. Bu, həqiqətən də bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirəcək.

- Bəzi yerli ekspertlərin fikrincə, Azərbaycanda “yaşıl enerji”yə yönəlmiş layihələrin həyata keçirilməsi üçün qanunvericilik mühiti yetərli deyil. Aİ bu mühiti yaxşılaşdırmaq üçün necə təcrübə mübadiləsi edə bilər?

- Müzakirə etdiyimiz sahələrdən biri də Aİ, xüsusilə də Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə işləməyin üstünlükləridir. Bu sektorlarda texniki bilgi vermək və yerli şərtlərlə bağlı azərbaycanlı ekspertlərlə informasiya mübadiləsi etmək imkanımız var. Bura yerli qanunvericiliyin uyğunlaşdırılması, yeni bacarıqlar, yeni infrastruktur obyektləri də daxildir. Səmərəli iş üçün bərpa olunan enerji mənbələri ilə bağlı inteqrasiya olunmuş və vahid yanaşma lazımdır. İnanırıq ki, həm İİP-in vizyonu və həm də qarşılıqlı öhdəliklər götürməklə, biz ümumi məqsədimiz olan Azərbaycanın bərpa olunan enerji mənbələrinə keçidini əhəmiyyətli dərəcədə sürətləndirəcəyik.

- İyulda Aİ ilə Azərbaycan arasında enerji sahəsində tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı, bu mənada Azərbaycan qazının Avropa üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Mən bu məsələyə bütöv şəkildə baxardım. Hesab edirəm ki, Anlaşma Memorandumu ilk növbədə Aİ ilə Azərbaycan arasında əməkdaşlığı intensivləşdirir. Təbii ki, (Azərbaycanın götürdüyü-red.) ikiqat tədarük öhdəliyi mühüm elementdir. Biz bərpa olunan enerji ilə bağlı birgə fəaliyyətin nə qədər vacib olduğunu müzakirə etmişik və bu sahədə ümumi baxışla həm Azərbaycanın, həm də Aİ-nin enerji gələcəyini görürük. “Yaşıl enerji”yə keçid son dərəcə vacibdir və bu, həm Azərbaycanın, həm də Aİ ölkələrinin marağındadır. Beləliklə, külək, günəş və su enerjisi vasitəsilə “yaşıl enerji”yə keçidin sürətləndirilməsinin birgə maraqlara uyğun olduğunu düşünürəm.

- Qərbi Balkan ölkələri artıq Azərbaycan qazının nəqlinin artırılmasında maraqlı olduqlarını bildiriblər. Azərbaycan qazının Avropanın bu hissəsinə nəqli üçün Aİ həmin region ölkələrinə necə dəstək ola bilər və ya bu barədə hər hansı iş gedirmi?

- Aydındır ki, yeni geosiyasi reallıqlar kontekstində artan qaz tədarükü xüsusilə vacibdir. Bu həm Aİ-nin, həm də Qərbi Balkan ölkələrinin xeyrinə olacaq bir şeydir. Bu, bizim üzərində birgə işlədiyimiz sahələrdən biridir.

- Mövcud vəziyyət əlaqəyə və qlobal nəqliyyata da təsir etdi. Son vaxtlarda “Orta Dəhliz”in əhəmiyyəti ilə bağlı tez-tez fikirlər eşidirik. Qərblə Şərq arasında sabit və etibarlı daşımaların təmin edilməsində bu təşəbbüsün əhəmiyyətini necə qiymətləndirirsiniz? Bu dəhlizin inkişaf perspektivləri Aİ tərəfindən necə qiymətləndirilir?

- Əvvəl də qeyd etdiyim kimi, əlaqələr bizim təkcə Azərbaycanla deyil, bütövlükdə “Şərq Tərəfdaşlığı” proqramı ölkələri ilə birgə işləmək istədiyimiz əsas sahələrdən biridir. Mən bu yaxınlarda Oliver Varhelyini Gürcüstana səfərində müşayiət etdim. Bu səfərdə Azərbaycanın Şərq-Qərb əlaqələrində vacib rol oynaması vurğulandı. Mən xüsusilə Qara dəniz vasitəsilə əlaqə imkanlarını vurğulayardım. Bura sualtı elektrik kabeli, fiber-optik internet kabeli, o cümlədən ənənəvi gəmi-bərələr vasitəsilə fiziki bağlantılar daxildir ki, biz hazırda bu imkanları nəzərdən keçiririk. Bu sahədə əməkdaşlıq bütün Qafqaz regionunun xeyrinədir. Təbii ki, burada - Bakıda effektiv modernləşdirmə prosesindən keçən Bakı Limanına da baxmalıyıq.

Bu liman Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı birləşdirir və mən hesab edirəm ki, bu, həqiqətən də mühüm, tarixi ticarət marşrutudur. Biz bu il daşımalarda 70% artım müşahidə etmişik. Aydındır ki, bu, ortaq maraqdır, ona görə də biz Avropa İnvestisiya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını cəlb etməyə və şirkətlərin Aİ standartlarına və beynəlxalq standartlara cavab verməsinə kömək etməyə, texniki dəstək göstərməyə, o cümlədən infrastrukturu modernləşdirməyə çalışırıq. Bu, Aİ ilə Azərbaycan arasında ticarət həcmini artırmaq üçün həqiqətən çox vacibdir.

- Son sualım İİP çərçivəsində ayrılacaq 2 milyard avroya qədər investisiyanın idarə edilməsi ilə bağlıdır. Bilmək istərdim, bu maliyyənin tərəfdaş ölkə tərəfindən şəffaf və düzgün xərclənməsinə nəzarət etmək üçün Aİ-nin tətbiq etdiyi mexanizm varmı?

- Bu vəsaitin Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq yolu ilə iki milyard avroya çatmaq potensialı var. Bu missiyanı hər iki maliyyə təşkilatı, həmçinin üzv dövlətlər, inkişaf və maliyyə institutları müşayiət edir. Bu, əlbəttə ki, şəffaf şəkildə işləməyi ehtiva edir, biz artıq investisiya mühitinin əhəmiyyətini, məhkəmə islahatlarında və dövlət idarəçiliyi islahatlarında daha çox irəliləyişin vacibliyini müzakirə etmişik. Bütün bunlar son dərəcə vacib məsələlərdir və biz artıq bu plan çərçivəsində 90 milyon avronu çatdırmışıq. Yaradılan işçi qrupunun məqsədi məsələlərə birgə baxmaq və istər texniki tərəfdən, istər sonrakı islahatlar baxımından İİP-in bütövlükdə icrasını sürətləndirmək və onun həqiqətən də Azərbaycan xalqına çatmasını, şəffaf şəkildə idarə olunmasını təmin etmək üçün nələr edə biləcəyimizi müəyyənləşdirməkdir.


Foto - İlkin Nəbiyev © APA group

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR