Azay Quliyev: "Azərbaycan Ermənistanla sülh müqaviləsinin hazırlanması prosesinə başlamağa hazırdır"

Azay Quliyev

© APA | Azay Quliyev

# 25 yanvar 2022 10:19 (UTC +04:00)

Yanvarın 24-də ATƏT PA-nın video formatda keçirilən Büro iclasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev iştirak edib.

APA-nın məlumatına görə, Büro iclasında ATƏT PA-nın 2022-ci ilin 23-25 fevralında Vyanada planlaşdırılan qış sessiyasının keçirilmə qaydası müzakirə edilib və sessiyanın hibrid formatında, yəni nümayəndə heyəti rəhbərlərinin və büro üzvlərinin canlı, digər heyət üzvlərinin isə onlayn iştirakı barədə razılıq əldə olunub. Bundan başqa, Büro üzvləri cari ilin aprelin 3-də Macarıstan və Serbiyada keçiriləcək Parlament seçkilərinə beynəlxalq müşahidə missiyasının göndərilməsi haqqında qərar qəbul ediblər.

ATƏT PA-nın büro iclasında beynəlxalq təhlükəsizliyin hazırkı durumu geniş müzakirə edilib. Büro üzvləri son günlər Qazaxıstanda, o cümlədən Ukrayna ilə bağlı Şərqi Avropada yaranmış vəziyyətlə əlaqədar fikirlərini bildiriblər.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev büro iclasında mövzu ətrafında çıxış edərək bir neçə vacib məsələyə toxunub. Deputat bildirib ki, Ukrayna ətrafında yaranmış təhlükəsizlik böhranın həlli ilə bağlı aparılan danışıqlar hələ ki, müsbət nəticə verməyib və tərəflər arasında olan mövcud fikir ayrılığı çox təhlükəli nəticələrə gətirib çıxara bilər. Belə vəziyyətin qarşısının alınmasında ATƏT-in bütün üzv ölkələrin fəal iştirakının vacibliyinə diqqəti çəkən Azay Quliyev təklif edib ki, fevral ayında keçirilən qış sessiyası çərçivəsində ATƏT PA-nın çətiri altında ABŞ və Rusiya nümayəndə heyətlərinin, daha sonra isə Normand qrupuna daxil olan dörd ölkənin nümayəndə heyətlərinin görüş-dialoqu təşkil olunsun və mövcud böhranın danışıqlar yolu ilə həllinə parlamentarilərin mümkün töhfəsi müzakirə edilsin. Bundan başqa Azay Quliyev Türkiyə Prezidenti cənab Ərdoğanın gərginliyi azaltmaq üçün Rusiya və Ukrayna prezidentlərinin Ankarada görüşünün təşkili haqqında təşəbbüsünü xatırladıb və bildirib ki, bu kimi təkliflər münaqişə tərəfləri və ATƏT tərəfindən dəstəklənərsə müsbət nəticə verə bilər.

Daha sonra Azay Quliyev ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun hazırkı sədri kimi Azərbaycanın prioritetləri haqqında Büro üzvlərinə və qonaqlara məlumat verib: “Heç bir hərbi bloka qoşulmayan Azərbaycan hər zaman ATƏT-i Avropa təhlükəsizlik arxitekturasının əsas sütunu hesab edib və ayırıcı xətlərin və təsir zonalarının yaranmaması istiqamətində qurumun səylərini yüksək dəyərləndirib. Bu vizyondan çıxış edən Azərbaycan ATƏT-in Təhlükəsizlik Forumuna sədrliyi dövründə dörd mövzuda - 1)Beynəlxalq humanitar hüquqa əməl edilməsi və mülki əhalinin qorunması, 2)Terrorizmin bütün forma və təzahürləri ilə mübarizə, 3) Silahlara nəzarət və etimad quruculuğu tədbirləri və 4) Post-münaqişə dövründə reabilitasiya məsələləri mövzularında Təhlükəsizlik Dialoqlarının təşkilini planlaşdırır”.

Deputat çıxışı zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində son vaxtlar atılan addımlar haqqında da məlumat verib: “Keçən ayın, yəni, dekabrın 14-də Brüsseldə Avropa İttifaqının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə Azərbaycanın Prezidenti cənab İlham Əliyevlə Ermənistanın Baş naziri Paşinyan arasında keçirilən Üçtərəfli görüşdə post-münaqişə məsələləri ətraflı müzakirə edilib. Brüssel görüşündə Ermənistan nəqliyyat kommunikasiyalarının, xüsusilə Zəngəzur dəhlizinin açılması və dövlət sərhədlərinin delimitasiyasına başlanılması haqqındakı əvvəlki öhdəliyini yeniləyib. Avropa İttifaqı da öz növbəsində bu məqsədlə investisiya layihələrini maliyyələşdirməyə razılıq verib. Azərbaycan vaxt itirmədən hər iki ölkənin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində Ermənistanla sülh müqaviləsinin hazırlanması prosesinə başlamağa hazırdır”.
ATƏT PA-nın vitse-prezidenti 44 günlük İkinci Qarabağ müharibəsinin geosiyasi nəticələrindən biri kimi Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə hər iki tərəfdən xüsusi nümayəndənin təyin olunmasını və onların ilk görüşünün yanvarın 14-də Moskvada keçirilməsini mühüm yenilik adlandırıb: “Gələn həftədən etibarən razılaşmaya əsasən Türkiyə və Ermənistan qarşılıqlı olaraq təyyarə resylərinin açılması haqqında qərar qəbul ediblər. Ümid edək ki, bu cür addımlar regionda qalıcı sülhün və barışın bərqərar olmasına ciddi töhfə verəcək”.
Sonda Azay Quliyev Qazaxıstandakı hadisələr zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verdiyini bildirib, konstitusiya quruluşunun bərpasına yönəlik fəaliyyətində Qazaxıstan xalqına və hökumətinə uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR