Azərbaycan BMT Nizamnaməsinin məqsədlərinin yerinə yetirilməsinə töhfə verib

Azərbaycan BMT Nizamnaməsinin məqsədlərinin yerinə yetirilməsinə töhfə verib
# 29 dekabr 2021 12:08 (UTC +04:00)

Azərbaycan Respublikası əvvəlki illərdə olduğu kimi, 2021-ci il ərzində də beynəlxalq sülh, təhlükəsizlik və inkişafın bərqərar edilməsi istiqamətində BMT Nizamnaməsinin məqsədlərinin yerinə yetirilməsinə öz töhfəsini verib.

APA-nın xəbərinə görə, bu, Xarici İşlər Nazirliyinin (XİN) 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.

Bildirilib ki, ölkəmiz terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və çirkli pulların yuyulmasına, eləcə də digər yeni təhdid və çağırışlara qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıqda fəal iştirak edib: “BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli həftəsi (21-27 sentyabr 2021-ci il) çərçivəsində “Ümid sayəsində dayanıqlılıq yaratmaq – COVID-19-dan sonra bərpa olunmaq, dayanıqlı yenidənqurma, planetin ehtiyaclarını qarşılamaq, insanların hüquqlarına hörmət etmək və Birləşmiş Millətlər Təşkilatını canlandırmaq” mövzusunda ümumi müzakirələrdə Azərbaycan Respublikası adından Prezident İlham Əliyevin video-bəyanatı səsləndirilib”.

Qeyd olunub ki, 8-9 aprel tarixlərində BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkırın ölkəmizə səfəri təşkil edilib: “BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına tərəf dövlətlərin Konfransının 13-17 dekabr 2021-ci il tarixlərində Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində keçirilmiş 9-cu sessiyası çərçivəsində “Maliyyə toplanması üzrə fəaliyyətin korrupsiya və əlaqəli cinayətkarlıq məqsədləri üçün sui-istifadə edilməsi” (Misuse of fundraising activities for corruption and related criminal offences) mövzusunda paralel tədbir (side-event) keçirilmiş, xüsusilə Vətən müharibəsi dövründə xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları və xeyriyyə fondları tərəfindən ianə toplanaraq qanunsuz əsasda Azərbaycan ərazilərinə göndərilməsi və burada terrorçuluğun maliyyələşdirilməsi məqsədilə istifadə edilməsinə beynəlxalq ictimaiyyətin diqqəti yönəldilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR