Azərbaycan cəmiyyəti sülh müqaviləsini dəstəkləyir – SORĞU

Azərbaycan cəmiyyəti sülh müqaviləsini dəstəkləyir – SORĞU
# 25 sentyabr 2023 16:58 (UTC +04:00)

Azərbaycan sentyabrın 19-da Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinə qarşı yüksək peşəkarlıqla və dəqiqliklə keçirdiyi lokal xarakterli anti-terror tədbirləri nəticəsində öz ərazisində suverenliyini bərpa etdi. Qanunsuz silahlı birləşmələrin tərksilah olunması və qondarma siyasi rejimin ləğvi istiqamətində addımlar Azərbaycan və Ermənistan arasında sülh razılaşması qarşısında maneələri aradan qaldırmaqla, prosesi sürətləndirdi.

APA xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi mövzunun tarixi əhəmiyyətini və aktuallığını nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına ictimai münasibəti öyrənmək məqsədilə əhali arasında növbəti sorğuları keçirib.

Rəy sorğusunun nəticələrinə əsasən, “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına respondentlərin əksəriyyəti, 76,4%-i “bəli” cavabını verib.

Respondent 22,8%-i əks mövqedən çıxış edərək, sülh müqaviləsini dəstəkləmədiyini bildirib. 0,8%-i sözügedən istiqamətdə hər hansı fikirlə çıxış etməkdə çətinlik çəkib.

  • Nəticələrin gender aspektindən təhlili sülh müqaviləsinə münasibətdə əhəmiyyətli fərqin olmadığını göstərib. Belə ki, kişilərin 79,3%-i, qadınların 73,6%-i sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edib.
  • 26-35 və 46-55 yaş qrupunu təmsil edən respondentlərin 70%-dən çoxu, 56-65 və 65 yaşdan yuxarı yaş qrupunu təmsil edənlərin müvafiq olaraq 87,0%-i və 94,3%-i sözügedən istiqamətdə müsbət mövqedən çıxış edib.
  • Orta təhsillilərin 77,4%-i, ali təhsillilərin 78,0%-i iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyib.

2023-cü ilin may ayı üzrə keçirilmiş sorğunun nəticələrinə nəzər yetirdikdə, Azərbaycan cəmiyyətində sülh gündəliyinin öz aktuallığını qoruduğunu qeyd edə bilərik. Belə ki, may ayında keçirilmiş sorğuda iştirakçıların 77,3%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəklədiyini bildirmişdi. 20,6% respondent bu barədə əks mövqedə çıxış etmiş, 2,1%-i fikir bildirməkdə çətinlik çəkmişdi.

  • Nəticələrin gender aspektdən təhlilinə əsasən, kişi və qadınlar sülhlə bağlı bərabər səviyyədə müsbət mövqedən çıxış etmişdi.
  • 18-24 yaş qrupunu təmsil edənlərin 76,9%-i, 65-dən yuxarı yaş qrupuna mənsub olanların 87,3%-i analoji mövqedən çıxış etmişdi.
  • Ali təhsillilərin 82,7%-i, orta təhsillilərin 72,2%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəkləmişdi.

Sülh gündəliyinə dair cari göstəricilərin 2022-ci ilin sentyabr ayında keçirilən sorğunun nəticələri ilə müqayisəli təhlili Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəkləyənlərin sayında nisbi artımı izləməyə imkan verir. Ötən ilin sentyabr ayında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini respondentlərin 71,2%-i ( “tam dəstəkləyirəm” - 50.2%, “əsasən dəstəkləyirəm” – 21.0%) bu və ya digər dərəcədə dəstəkləmişdi. Respondentlərin 26,2%-i (“əsasən dəstəkləmirəm” 2,6%, “heç dəstəkləmirəm” 23,6%) əks mövqedən çıxış etmişdi. İştirakçıların 2.6%-i bu suala rəyini ifadə etməkdə çətinlik çəkmişdi.

  • Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına gender aspektindən bərabər səviyyədə dəstək ifadə edilmiş, kişilərin 74,6%-i, qadınların 72,0%-i sözügedən istiqamətdə müsbət mövqedən çıxış etmişdi.
  • Nəticələrin respondentlərin yaş qrupları üzrə təhlilində yaş səviyyəsi artıqca sülh müqaviləsini dəstəkləyənlərin sayında artım qeydə alınmışdı. 18-25 yaş qrupunu təmsil edənlər üzrə bu göstərici 56,3%, 36-45 yaş qrupu üzrə 71,6%, 65 yaşdan yuxarı yaş qrupuna məxsus olanlar üzrə 91,5% təşkil etmişdi.
  • Ali təhsilli respondentlərin 78,3%-i orta təhsillilərin 67,3%-i Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləmişdi.

Həmçinin ötən ilin dekabr ayında keçirilən sorğunun nəticələri ilə müqayisədə də cari dövrdə sülhə ictimai dəstək səviyyəsində artım müşahidə edilib. Belə ki, ötən ilin dekabr ayrı üzrə sorğu iştirakçıları arasında sülh müqaviləsini dəstəkləyənlər 73,1%, dəstəkləməyənlər 25,6% təşkil etmişdi. 1,3%-i bu suala fikir bildirməkdə çətinlik çəkmişdi.

  • Sülh müqaviləsinə münasibətdə kişilərin 74.6%-i, qadınların 72.0%-i pozitiv mövqedən çıxış etmişdi.
  • Nəticələrin təhlilinə əsasən, yaş artıqca sülh müqaviləsini dəstəkləyənlərin sayı artmış, yəni 18-24 yaş qrupu respondentlər üzrə 56.0%-ə, 35-44 yaş qrupu üzrə 66.7%-ə, 55-64 yaş qrupu üzrə 80.5%-ə bərabər olmuşdu.
  • Sülhə münasibətdə ali təhsillilərin 77.1%-i, orta təhsillilərin 71.5%-i tərəfindən olmaqla müxtəlif təhsil səviyyələrini təmsil edənlərin əksəriyyəti sülh müqaviləsinə dəstəyini ifadə etmişdi.

Göründüyü kimi, ötən ilin müxtəlif dövrlərində keçirilən rəy sorğusunun nəticələri ilə müqayisədə Azərbaycan cəmiyyətində sülh müqaviləsinin imzalanmasına ictimai dəstək yüksək olaraq qalmaqda davam edir.

Sorğunun metodologiyası

Sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 08 – 11 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 390 respondent iştirak edib.

Sorğuda Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan olmaqla 12 iqtisadi rayon əhatə edilib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR