Azərbaycan səfiri Macarıstanın Şopron şəhərinə səfər edib

Azərbaycan səfiri Macarıstanın Şopron şəhərinə səfər edib
# 26 aprel 2022 19:44 (UTC +04:00)

26 aprel 2022-ci ildə Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Macarıstanın Şopron şəhərində görüşlər və tədbirlər təşkil olunub.

Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən xəbərə görə, Şopron şəhərində yerləşən və Avropada meşə təsərrüfatı və ətraf mühit mühəndisliyi sahəsində ön sıralarda olan Şopron Universitetinin dəvəti ilə Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə adıçəkilən şəhərə səfər edib.

Səfər proqramının ilk hissəsində Azərbaycanın kənd təsərrüfatı, iqtisadiyyatı, şərabçılıq mədəniyyəti və turizm potensialı haqqında Universitetin yerli və əcnəbi tələbələrinə Səfirin mühazirəsi oxunub, o cümlədən ölkəmizlə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Proqramın ikinci hissəsində Universitetin rektoru Atilla Fabian və Kənd Təsərrüfatı üzrə Regional Şuranın sədri Akoş Molnar ilə birgə Şopron Universitetinin məşhur botanika bağında iki ölkə arasında diplomatik əlaqələrin 30 illiyinə həsr edilmiş və sıx əlaqələrin uzun müddətliyinə işarə edən Azərbaycanın milli Xan Çinar ağacının əkilməsi mərasimi keçirilib.

Baş tutan səfər çərçivəsində şəhər nümayəndəliyi, universitetin rəhbər və tələbə heyəti ilə keçirilmiş görüşlərdə ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, həmçinin Azərbaycanın kənd, meşə təsərrüfatı, ətraf mühit mühəndisliyi kimi sahələrdə ixtisaslaşmış universitetləri ilə əməkdaşlıqda maraqlı olduqları dilə gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR