Azərbaycan “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin reallaşmasında mühüm rol oynayır - RƏY

Azərbaycan “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin reallaşmasında mühüm rol oynayır - RƏY
  • Clock-gray 19:28
  • calendar-gray 23 Sentyabr 2019

“Azərbaycan beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin qovşağında yerləşir və dünyaya bu sahələrdə çox ciddi töhfələr verən dövlətə çevrilib”. 

Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib. 

E. Nəsirov deyib ki, Azərbaycanın atdığı addımlar bütün Avrasiyanın nəqliyyat dəhlizi xəritəsini də dəyişib. Bu kontekstdə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşmasında mühüm rol oynayır: “Azərbaycanın bu nəqliyyat dəhlizinin reallaşması ilə bağlı tutduğu mövqe və onun reallaşması üçün atdığı addımlar nəticə etibarilə geniş bir arealda iqtisadi və siyasi təhlükəsizlik məsələlərinin həllinə böyük töhfə verir. Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi” layihəsi 2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədi ilə yaradılıb. Dəhliz vasitəsi ilə yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatarlara yüklənməsi və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülməsi və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Şimali Avropa ölkələrinə çatdırılması planlaşdırılır. Hazırkı marşrut (Süveyş kanalı) üzrə malların çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub dəhlizi vasitəsilə 14-20 gün olması gözlənilir. 2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan son illərdə üzərinə götürdüyü bütün vəzifələri icra edib. İran sərhədinə qədər dəmir yolu infrastrukturunun yenilənməsi təmin edilib və cari ilin martında İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin ölkəmizə rəsmi səfəri çərçivəsində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb. Azərbaycan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tezliklə istifadəyə verilməsində maraqlıdır və artıq yolun Rəşt-Astara hissəsinin tikintisinə 500 milyon dollar güzəştli kredit ayrılıb”. 

Deputat qeyd edib ki, Azərbaycanın Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı layihənin ciddiliyini nəzərə alaraq investisiya yatırması, ölkəmizə beynəlxalq arenada etibarlı tərəfdaş imicini qazandırıb: “Son illərdə Bakı-Tbilisi-Ceyhan dəmir yolunun, Ələtdə Beynəlxalq Limanın tikilib istifadəyə verilməsi və azad iqtisadi zonanın yaradılması nəticəsində Azərbaycan Mərkəzi Asiyanı Qərblə (Türkiyə və Avropa İttifaqı), Cənubi Asiyanı (İran və Hindistan) isə Şimalla birləşdirən nəqliyyat qovşağına çevirəcək. Hazırda beynəlxalq siyasi arenada baş verən gərginliklər, Şimal-Cənub layihəsinin reallaşmasını gecikdirsə də, bu problemin ölkəmizdən qaynaqlanmadığı aydındır. Azərbaycan gerçəkləşdirilməsi lazımi bütün infrastruktur layihələrini uğurla həyata keçirib”.

E. Nəsirov Prezident İlham Əliyevin nəqliyyat dəhlizlərinin təhlükəsizliyinə xüsusi önəm verdiyini də vurğulayıb: “Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə keçirilən görüşlərdə də bir çox məsələ ilə birgə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması və bu istiqamətdə atılan addımlar diqqət mərkəzində olur. Azərbaycan Avropanın enerji təhlükəsizliyində Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Cənub Qaz Dəhlizi ilə çıxış edir. Eyni zamanda  Azərbaycanın iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə salınıb, Bakı Beynəlxalq Limanı istifadəyə verilib. Bütün bunlar nəticə etibarilə qlobal nəqliyyat dəhlizlərinin yaradılmasında həlledici rolunun təmin edilməsi istiqamətində atılan mühüm addımlardır. Bir sözlə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılmasında xüsusi çəkiyə malikdir və bu istiqamətdə əməli addımlar atır”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov APA-ya açıqlamasında bildirib ki, Azərbaycan regiondan keçən beynəlxalq layihələrin təşkilatçısı və iştirakçısıdır: “Dünya xəritəsində ölkəmizin yerləşdiyi yer qitələri birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərdə iştirak imkanlarımızı genişləndirir. Bu nəqliyyat dəhlizləri Avropanı Asiyaya birləşdirməklə Şimal-Cənub və Qərb-Şərq istiqamətlərdə uzanır. Ələt Beynəlxalq Dəniz Limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi bu istiqamətdə beynəlxalq tranzit yük daşımalarda Azərbaycanın iştirak imkanları çoxaldıb. Yaxın müddətdə istifadəsini nəzərdə tutulan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ölkəmizin tranzit potensialını daha da artıracaq və Hindistandan Rusiyaya yüklərin daşınmasında Azərbaycanın iştirakını reallaşdıracaq. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması ilə bağlı razılaşma 2000-ci ildə Rusiya, İran və Hindistan arasında əldə olunsa da, sonradan 13 ölkə bu sazişi ratifikasiya edib, Azərbaycan isə 2005-ci ildən bu layihəyə qoşulub. Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi, gələcəkdə bu dəhliz vasitəsilə 20 milyon tona yaxın yükün ölkəmizin ərazisindən keçirilməsinə imkan verəcək. Bu nəqliyyat dəhlizin başa çatması və ölkəmizin ərazisində keçməsi sazişin bütün iştirakçıları üçün  əhəmiyyətli olacaq. Çünki “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin istifadəyə verilməsi yüklərin Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya çatdırılma müddəti 6 həftədən 3 həftəyə qədər azaldacaq. Hazırda Rusiyadan Fars körfəzinə Azərbaycan üzərindən daşınan yüklər İran ərazisində qatarlardan boşaldılaraq avtomobil nəqliyyatı vasitəsi ilə daşınır.  Bu da əlavə vaxt və xərc tələb edir. Amma Şimal-Cənub nəqliyyat dəhlizinin başa çatması yük qatarların bir-başa İran körfəzinə qədər çatmasına imkan verəcək”.

A. Badamov “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizini istismara verilməsinin ölkəmiz üçün siyasi və iqtisadi əhəmiyyəti olduğunu vurğulayıb: “Siyasi əhəmiyyət ondan ibarətdir ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi beynəlxalq layihələrdə ölkəmizin iştirakı Azərbaycana bir etibarlı tərəfdaş imicini formalaşdırır. Yəni etibarlı tərəfdaş kimi tanınmağımız gələcəkdə də böyük  beynəlxalq layihələrdə iştirakımızda Azərbaycana etibarı çoxaldır və tərəfdaşlıq etmək istəyən ölkələrin sayını artırır. İqtisadi tərəfinə gəlincə, təbii ki, tranzit yük daşımalar ölkə büdcəsinə çoxlu valyuta gətirir və ölkə iqtisadiyyatının möhkəmlənməsinə töhfə verir. Düşünürəm ki, müəyyən çətinliklərə baxmayaraq, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi yaxın gələcəkdə başa çatacaq və bu da dünyada Azərbaycanın bir etibarlı tərəfdaş kimi rolunu artıracaq”.


 

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date