Azərbaycan Tacikistanı Zəngəzur dəhlizindən faydalanmağa çağırıb - VİDEO

Azərbaycan Tacikistanı Zəngəzur dəhlizindən faydalanmağa çağırıb - VİDEO
# 25 aprel 2022 11:50 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistan Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib.

APA xəbər verir ki, BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının bu il 30 illiyi tamam olur və bu münasibətlərin tarixi kökləri var.

O vurğulayıb ki, iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin inkişafı üçün zəngin imkanlar mövcuddur.

Azər­baycan Respublikası Preziden­tinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-pol­kov­nik, Azərbaycanın Tacikistan Respublikasında keçmiş fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev çıxışında deyib ki, Azərbaycan və Tacikistan arasında münasibətlər qarşılıqlı hörmət prinsipinə əsaslanır, bu iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyi dəstəkləyir.

O bildirib ki, səfirliklər münasibətlərə töhfə verib, hüquqi baza yaradıb: “Hələ də istifadə edilməyən potensial var, iki ölkə arasında tərəfdaşlığın güclənməsində bu potensialdan istifadə etmək lazımdır”.

Məhərrəm Əliyev bildirib ki, son 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında olması, Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməməsi regionda təhlükəsizliyə, onun inkişafına mane olub: “Ancaq torpaqlarımızın işğaldan azad olunması ilə təkcə regional əməkdaşlıq üçün yox, həm də Azərbaycanın digər ölkələrlə münasibətlərin dərinləşməsinə imkan yaranıb”.

Azərbaycan-Tacikistan parlamentlər arası işçi qrupun rəhbəri, millət vəkili Aydın Mirzəzadə çıxışında deyib ki, Tacikistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib, 44 günlük müharibə dövründə Azərbaycanın haqq mübarizəsinə dəstəyini ifadə edib.

Millət vəkili qeyd edib ki, Azərbaycan və Tacikistan xalqları, qardaşlığı, dostluğu seçib və bu, hər iki xalqın maraqlarına cavab verir. O deyib ki, Azərbaycan və Tacikistan arasında uğurlu parlamentlərarası əlaqələr mövcuddur.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin əməkdaşı Bünyad Hüseynov çıxışında qeyd edib ki, iki ölkə arasında münasibətlər müxtəlif sahələri əhatə edir. Həm qarşılıqlı olaraq, həm də beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq mövcuddur.

XİN rəsmisi deyib ki, iki ölkə arasında təhsil, mədəniyyət, iqtisadiyyat sahəsində münasibətlər inkişaf edir. Bünyad Hüseynov əlavə edib ki, hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib.

O vurğulayıb ki, torpaqların azad olunması ilə yeni reallıqlar yaranıb.

Bünyad Hüseynov deyib ki, Zəngəzur dəhlizi ölkələr üçün faydalı imkanlar açır və Tacikistan da bundan istifadə edə bilər.

Dəyirmi masa sual-cavab və müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR