Azərbaycan-Türkiyə əməkdaşlığı daha da gücləndiriləcək

Azərbaycan-Türkiyə əməkdaşlığı daha da gücləndiriləcək
# 29 dekabr 2021 15:43 (UTC +04:00)

29 dekabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağcını qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, tərəflər iki ölkə arasında ən yüksək səviyyədə inkişaf edən qarşılıqlı əməkdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

2021-ci ilin hər iki dövlət üçün həm ikitərəfli münasibətlərin inkişafı baxımından, həm də regional və qlobal müstəvilərdə olduqca zəngin və diplomatiya ağırlıqlı bir il olduğu qeyd edilib, qarşıdan gələn ildə bu münasibətlərin daha da irəli aparılması üçün səylərin səfərbər ediləcəyi vurğulanıb.

Səfir Cahit Bağcı gələn ilin mart ayında təşkil olunacaq Antalya Diplomatiya Forumuna dəvət məktubunu nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov dəvətə görə təşəkkür edərək, birinci Forumun olduqca uğurlu bir platforma olduğunu bildirib və qarşıdan gələn tədbirdə məmnuniyyətlə iştirak edəcəyini söyləyib.

Görüşdə tərəflər Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı məsələlərini, həmçinin hər iki dövlətin təşəbbüsü və birgə iştirakı ilə həyata keçirilən layihələri, eləcə də 3+3 formatında bu yaxınlarda ilk görüşü baş tutan regional məsləhətləşmələr mexanizmi, üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarının perspektivlərini müzakirə ediblər.

Tərəflər, qarşıdan gələn 2022-ci il üzrə ən xoş arzularını bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR