Azərbaycan və Hindistan arasında siyasi məsləhətləşmələr keçirilib - YENİLƏNİB

Azərbaycan və Hindistan arasında siyasi məsləhətləşmələr keçirilib - YENİLƏNİB
# 29 noyabr 2022 14:05 (UTC +04:00)

28 noyabr 2022-ci il tarixində Yeni Dehlidə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Hindistan Respublikası Xarici İşlər Nazirliyi arasında 5-ci ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.

XİN-in Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə Katibi (xarici işlər nazirinin müavini) Sancay Verma rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, hökumətlərarası komissiyanın işi, siyasi, iqtisadi, ticarət, mədəniyyət, təhsil və s. istiqamətlər üzrə, habelə BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nazir müavini Elnur Məmmədov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlıq gündəliyinin formalaşdığını və münasibətlərin inkişafı üçün potensialın mövcud olduğunu bildirib. Nazir müavini, həmçinin qarşı tərəfi post-münaqişə dövründə bölgədə yaranan yeni reallıqlar, Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın sülh gündəliyinin irəli aparılması, kommunikasiyaların açılması istiqamətində fəaliyyəti barədə məlumatlandırıb. Bu xüsusda, Ermənistan tərəfindən törədilən təxribatların bölgədə sülh və əmin-amanlığın təmin edilməsinə təhdid törətdiyi diqqətə çatdırılıb.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

***

12:14

Azərbaycan və Hindistan Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib.

APA xəbər verir ki, bu barədə Hindistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 28-də Nyu-Delhidə Hindistan və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin beşinci raundu baş tutub.

Hindistan nümayəndə heyətinə Hindistan XİN-in katib Şri Sanjay Verma, Azərbaycan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.

Müzakirələr Hindistan-Azərbaycan ikitərəfli münasibətlərini, həmçinin siyasi, ticarət-iqtisadi, konsulluq, mədəniyyət və təhsil məsələlərini əhatə edib.

Regional məsələlər, BMT və digər çoxtərəfli qurumlar çərçivəsində əməkdaşlıq haqqında da fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki 28 iyul 2016-cı il tarixində Bakıda iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4-cü raundu keçirilib.

“İki ölkə müxtəlif sahələrdə, xüsusilə ticarət, ticarət və enerji sektorunda əməkdaşlığı uğurla şaxələndirib. İkitərəfli ticarət dəfələrlə artıb və bu gün təxminən 1 milyard ABŞ dolları təşkil edir (yanvar-sentyabr 2022). Azərbaycan Hindistanın mühüm xam neft tədarükçüsüdür. "ONGC Videsh Limited" kompaniyası Azərbaycanın karbohidrogen sektorunda əhəmiyyətli maraqlara malikdir. Azərbaycanda 1400-ə yaxın hindistanlı yaşayır. Azərbaycan hər il çox sayda hindistanlı turistləri cəlb edir”, - Hindistan XİN-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR