Azərbaycan və Səudiyyə Ərəbistanının XİN rəhbərləri görüşüb - YENİLƏNİB-2

Azərbaycan və Səudiyyə Ərəbistanının XİN rəhbərləri görüşüb - YENİLƏNİB-2
# 04 oktyabr 2022 17:45 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud ilə görüşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, nazirlər arasında təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Nazir Ceyhun Bayramov, Səudiyyə Ərəbistanının Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu xatırlayaraq, 30 il ərzində iki ölkə arasında inkişaf edən münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını məmnunluqla qeyd edib. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ali və yüksək səviyyəli təmasların müxtəlif sahələrdə münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratdığı bildirilib. Bu xüsusda, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi vurğulanıb.

Ölkələrimiz arasında çoxtərəfli platformalar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı dəstəyin göstərildiyi diqqətə çatdırılıb. Regional əməkdaşlıq üçün mühüm platformalardan biri kimi Körfəz Əməkdaşlıq Şurası çərçivəsində Səudiyyə Ərəbistanı ilə birgə əməkdaşlığın inkişafı xüsusi olaraq vurğulanıb.

Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 7-ci görüşünün cari ilin sonunda Bakıda keçirilməsinin planlaşdırıldığı qeyd edilib. Sözügedən görüşün iqtisadi münasibətlərin inkişafına təkan verəcəyinə dair inam ifadə olunub. İki ölkənin müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində, alternativ enerji resurslarının inkişafı üzrə birgə uğurlu layihələr həyata keçirdiyi, bu işlərin genişləndirilməsi üçün geniş perspektivlərin olduğu bildirilib.

44 günlük müharibədən sonra post-münaqişə dövründə sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, eyni zamanda Ermənistanın təxribatları və prosesə maneələri barədə qarşı tərəfə müfəssəl məlumat verilib. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri diqqətə çatdırılıb, bu istiqamətdə Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq imkanları barədə müzakirə aparılıb.

***

16:42

Oktyabrın 4-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, XİN-in rəhbər heyəti, Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud, habelə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi və əməkdaşları iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, 30 il ərzində iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisinə yüksəldiyini məmnunluqla qeyd edib. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq formatlarda da faydalı əməkdaşlığın mövcud olduğunu bildirən nazir Ceyhun Bayramov, bir sıra təşkilatlar çərçivəsində iki ölkənin bir-birinə qarşılıqlı dəstəyi davam etdirdiyini söyləyib. Cari səfərin münasibətlərin daha da inkişafına töhfə verəcəyi qeyd olunub. Səudiyyə Ərəbistanının hər zaman Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi bildirilib. Hazırda post-münaqişə dövründə Azərbaycanın bölgədə sülh quruculuğunun tərəfdarı və təşəbbüskarı qismində çıxış etdiyi, həmçinin əksər məsələlərdə birtərəfli şəkildə sülh gündəliyini irəli apardığı diqqətə çatdırılıb.

Daha sonra çıxış edən Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səud iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə öz təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir Feysal bin Fərhan Al Səud hazırda Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında bir sıra birgə layihələrin uğurla icra olunmasından məmnunluqla bəhs edib. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğu ifadə edilib.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

***

12:53

Azərbaycan və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşü başlayıb.

APA xəbər verir ki, bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib.

***

11:53

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan Al Səud arasında təkbətək görüş başlayıb.

APA xəbər verir ki, bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib.

***

11:41

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud ilə görüşüb.

APA xəbər verir ki, bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib.

Qeyd olunub ki, nazirlər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR