Azərbaycanın ən yaxşı 10 startapı təqdim olunub - FOTO

Azərbaycanın ən yaxşı 10 startapı təqdim olunub - FOTO
# 02 iyun 2023 12:13 (UTC +04:00)

V4-Azerbaijan Tech Bridge proqramı çərçivəsində Azərbaycanın ən yaxşı 10 startapı təqdim olunub

APA xəbər verir ki, V4-Azerbaijan Tech Bridge proqramının yekun tədbirində proqramı dəstəkləyən ölkələrin - Çexiya, Macarıstan, Polşa, Slovakiya səfirləri çıxış edib.

Bu təşəbbüsün reallaşmasında əməkdaşlığı qeyd edən Polşa səfiri Rafal Poborski qeyd edib ki, bu ortaq layihədir: “Azərbaycanlı dostlarımızın və Vişeqrad tərəfdaşlarımızın dəstəyi olmasa idi, reallaşmazdı. Biz inanırıq ki, Azərbaycanın dinamik startap mühiti və bacarıqlı startapçıları və investorları Avropadakı tərəfdaşlarla, həmkarlarla birgə işləyərək uğurlu nəticələr ortaya qoya bilər. Polşa Avropada dinamik startap mühitinə görə öndə gedən ölkələrdən biridir və biz bu sahədə Azərbaycanla əməkdaşlığı inkişaf etdirə, oxşar layihələr üzərində işləyə bilərik".

Səfir bildirib ki, bu proqramın əvvəlindən Azərbaycan startapları burada iştirak etməyə böyük maraq göstərib: "Başlanğıcda bu proqram üçün 160-dan çox startap müraciət etdi".

Daha sonra tədbirdə Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçek çıxış edib: "Biz gənclərin potensialını, sağlam və yeni fikirlərini hər zaman eşidirik, lakin bu ideyaların reallaşması və təqdimatı üçün mexanizmlər vacibdir. Bu gün texnologiyalar və innovasiyalar xarici siyasətdə, bəzən mövqelərin formalaşmasında vacib rol oynayır. Texnologiyalar cəmiyyətlərin həyatını bəzən radikal şəkildə və ya yavaş-yavaş dəyişir".

Tədbirdə Macarıstanın Azərbaycandakı səfiri Tomaş Torman da çıxış edərək polşalı həmkarına bu təşəbbüsə görə təşəkkür edib.

"Diplomatların rolu ölkələr arasında münasibətləri, əlaqələrə dəstək vermək, bu istiqamətdə potensialı öyrənməkdir. Bizim Azərbaycanla yaxşı əlaqələrimiz var. Biz mövcud olan yaxşı münasibətlərimizi daha da inkişaf etdirmək istəyirik və bunu həm də innovasiyalar sahəsində həyata keçirmək istəyirik. Bu proqrama müraciət edənlər, startapların sayı onu göstərir ki, bu layihə uğurlu olub. Bu layihə həmçinin innovasiyalar sahəsində əməkdaşlıq üçün yeni atmosfer yaradıb", - Macarıstan səfiri vurğulayıb.

Çexiyanın Azərbaycandakı missiya rəhbəri də çıxışında layihəni yüksək qiymətləndirdiyini vurğulayıb.

Yekunda bu proqram çərçivəsində seçilmiş Azərbaycanın ən yaşı 10 startapı təqdim olunub və beynəlxalq münsiflər bu startaplar arasından qalibi seçəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR